İlham Şabandan Vahid Əhmədovun açıqlamasına kəskin reaksiya...
Vahid Əhmədov: “53 milyard manat vəsait deyərkən, buraya Neft Fondunun və Milli Bankın vəsaitləri daxildir”
İlham Şaban: “Bu vəsaitlərin ölkə iqtisadiyyatda heç bir rolu yoxdur”
Millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədovun dövlət ehtiyatları ilə bağlı mətbuatda söylədiyi rəqəmlər iqtisadçılar arasında mübahisə doğurub.
Bu məsələyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sosial şəbəkədə öz münasibətini bildirib. O, qeyd edib ki, deputat Vahid Əhmədov neftin qiymətinin aşağı düşməsini şərh edərkən TV-də dəhşətli faktlar açıqlayıb: “Məsələn deyib ki, Azərbaycan hökumətinin "təhlükəsizlik yastığı" artıq 55 milyarda çatıb, buna görə də bizim elə bir problemimiz olmayacaq. Yaxşı ki, camaatın depozitlərini və onların faizlərini də hesablamayıblar”.
Bu mövzu ilə bağlı musavat.com-a danışan Vahid Əhmədov söylənən fikirlərə bir daha aydınlıq gətirib. O, qeyd edib ki, 53 milyard manat vəsait deyərkən, buraya Neft Fondunun və Milli Bankın vəsaitləri də daxildir: “Azərbaycanın 2015-ci il üçün büdcəsi hesablanarkən neft 90 dollardan hesablanıb. Hazırda isə neft 50 dollar dəyərindədir. Təbii ki, bunun dövlətin ehtiyatlarına təsiri olacaq. Ancaq büdcəyə Neft Fondundan birbaşa daxil olan vəsait 2 milyard manatdır. Bu da 11 faiz təşkil edir. Neftin hər 10 dollar ucuzlaşması dövlət büdcəsinin təxminən 250 milyon manat vəsait itirməsi deməkdir. Bu da böyük bir məbləğ deyil. Düzdür, biz Dövlət Neft Fondundan 10,3 milyard manat transfer etmişik. Ancaq ümumilikdə, neftin ucuzlaşması Azərbaycanın neft gəlirlərinə ciddi təsir edəcək. Azərbaycanın gələcək beynəlxalq layihələrinin həyata keçirilməsinə problemlər yarana bilər. Ancaq dövlət büdcəsində kəsir yaranarsa, biz onu Ehtiyat Fonddan bərpa edə bilərik. Ehtiyat Fondu əsasən manatın kursunun sabit saxlanması və iri beynəlxalq layihələrin həyata keçirilməsi üçün istifadə olunur. Neft Fondunun nizamnaməsində qeyd olunub ki, bu vəsaitlərdən necə və harada istifadə oluna bilər”.
Musavat.com-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə növbəti illərdə Neft Fondunda ciddi kəsirlərin yaranacağını bildirib: “Təbii ki, Ehtiyat Fondda olan bu vəsaitlərdən istifadə etmək mümkündür. Ancaq bir məsələ var ki, Vahid Əhmədovun dediyi 53 milyard manat vəsait, Milli Bankın vəsaitləri manatın kursunun sabit saxlanılması üçün istifadə edilir. Bundan başqa, bu vəsaitlərin iqtisadiyyatda heç bir rolu yoxdur. Bu səbəbdən də, bizim ən böyük sərvətimiz Neft Fondudur. Neft Fondu büdcə gəlirlərinin yarısından çoxunu təşkil edir.
Neft Fondunun xərcləmələri ilə bağlı məsələyə həm statistik yöndən, həm də real yanaşmaq olar. Bizim büdcəmiz hazırda 22 milyard manatdır və bunun yarısı Neft Fondundan gəlir. Neft Fondunda isə 37 milyard manat vəsait var. Bunu 12 milyarda bölsək, 3 ilə Neft Fonunu bitirərik. Bu, məsələyə statistik baxışdır. Bu, o zaman ola bilər ki, Neft Fonduna heç bir gəlir gəlməsin. Realistik baxış isə, odur ki, qiymətlər dəyişə bilər, büdcədən xərcləmələr hər il dəyişir. Hər il Olimpiada keçirilmir, hər il infrastruktura bu qədər pul ayrılmır. Büdcəyə nəzər salsaq, real əmək haqqı xərcləri 5 milyard manat, Pensiya Fondu isə 1,7 milyard manatdır. Bu, o qədər də böyük vəsait deyil. Neft Fondundan gələn vəsaitlər əsasən, tikinti-quruculuq işlərinə xərclənir. Bu ölkədə Nəqliyyat Nazirliyinin xərci Müdafiə Nazirliyinin xərclərindən çoxdur. “Azərsu”nun infrastruktur layihələri büdcənin çox əhəmiyyətli hissəsini təşkil edir. Bu, Neft Fondundan daha çox vəsaitin xərclənməsinə gətirib, çıxarır. Ancaq bu layihələr hər il olmur. və ilbəil xərclər dəyişir. Bizim hesablamalarımıza görə, bütün xərclərlə yanaşı, Neft Fondunun 2020-ci ildə 20 milyard manat vəsaiti olacaq. Çünki hər il orta hesabla Neft Fonduna 9,5 milyard vəsait daxil olur. Bu il Neft Fondunun kəsiri 6 milyard manat olacaq. Deməli, ilin sonunda Neft Fondunun vəsaiti təxminən 31 milyard manat qalacaq. Növbəti illərdə də neft bahalaşmasa, Neft Fondu kəsirlərlə davam edəcək”.
Nərgiz Liftiyeva






