İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin ən böyük uğuru: 17 illik diplomatik fəaliyyətinin nəticələri

2020 29.10.2020 17:10 Gündəm A A

Vətən müharibəsi başlayan ilk gündən bu günə qədər Azərbaycanın əsas uğurlarının arxasında, heç şübhəsiz ki, prezident İlham Əliyevin yürütdüyü diplomatik siyasəti görürük. Uzun illərdir aparılan uğurlu diplomatik fəaliyyət sentyabrın 27-də başlayan Vətən müharibəsində ortaya çıxdı. Bir-biri ilə ziddiyyətdə olan dövlətləri Qarabağ məsələsində Azərbaycanın tərəfinə çəkməyi bacardı. Az qala bir koalisiya yaratdı, ABŞ, Rusiya, Türkiyə, İsrail, hətta İranı da müəyyən dərəcə neytrallaşdıra bildi.

Millət vəkili Fəzail Ağamalı deyir ki, prezident İlham Əliyev mahir bir diplomat kimi dünyada gedən siyasi proseslərin mahiyyətini düzgün təhlil etməyi bacardı və bu, ölkə başçısının 17 ildəki fəaliyyətinin prioritelərindən biri idi.

F.Ağamalı qeyd edir ki, prezident İlham Əliyev Qarabağ məsələsinin sülh yolu ilə həll edilməyəcəyini bildiyi üçün 17 il ərzindəki diplomatik fəaliyyətinin sitiqamətini məhz bu zaman üçün müəyyən edib:

“Əlbəttə, cənab prezidentə tamamilə bəlli idi ki, emrənilər işğal olunmuş torpaqlardan çıxmayacaqlar. Beynəlxalq səviyyədə erməniliyin yaratmış olduğu ciddi problemlər və Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası buna imkan vermirdi ki, işğal olunmuş torpaqlarımız danışıqlar yolu ilə azad edilsin. Ona görə də 17 il ərzində bir tərəfdən dövlətin iqtisadiyyatını gücləndirir, Azərbaycanın maliyyə ehtiyatlarını yaradır, artırır, təkamülə söykənən islahatlarını ardıcıllıqla və sistemli şəkildə həyata keçirirdi. Həmçinin dövlətin immunitetini artırır, qüvvələtləndirir, paralel olaraq isə güclü Azərbaycan ordusunu formalaşdırırdı. Bunlarla yanaşı, artıq qloballaşan Dağlıq Qarabağ probleminin həllini xeyli dərəcədə beynəlxalq güclərdən asılılığını nəzərə alan prezidentimiz bu baxımdan ilk növbədə Avropaya inteqrasiyanın davamlı xarakter daşıması üçün mümkün olan hər şeyi etdi. Xüsusən də böyük təhdidlərə baxmayaraq Avropanın enerji təhlükəsizliyində ciddi rol oynamağı bacardı. Bu prosesdə özünün etibarlı bir partnyor olduğunu sübuta yetirdi. Sözünün sahibi olduğu bir dövlət olduğunu nümayiş etdirdi. Digər tərəfdən də özünün xarici siyasətində ikitərəfli münasibətlərə xüsusi üstünlük verdi. Avropa İttifaqına daxil olan ölkələrlə münasibətlərini həm İttifaq daxilində, həm də ayrı-ayrılıqda çox yüksək səviyyədə qura bildi”.
F.Ağamalı qeyd edir ki, Prezident İlham Əliyev yürütdüyü xarici siyasətlə Avropa İttifaqına daxil olan ölkələrlə strateji əməkdaşlıq səviyyəsində münasibətlər yaradan zaman digər tərəfdən də aparmış olduğu siyasətdə heç zaman tərəf tutmadı.
“Prezident ancaq Azərbaycanın milli və dövlət maraqlarını üstün tutdu. Azərbaycanpərəst xarici siyasətin reallaşmasına üstünlük verdi və bu baxımdan ciddi uğurlara imza atdı. Heç zaman ABŞ ilə Rusiya, ABŞ ilə İran və Rusiya ilə İran arasında gərginləşən münasibətlərdə tərəf tutmadı və özünün neytrallığını qoruyub saxlaya bildi. BeynəlXalq hüquq normalarını əsas götürdü”.

unnamed.jpg (39 KB)

Deputat bildirir ki, bu illər ərzində qonşu dövlətlər prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanı etibarlı qonşu kimi də tanıdı: “Qonşu ölkələr Azərbaycan tərəfindən özünə təhlükə gəlməyəcəyini müəyyən etdi. Rusiya və İranda belə bir əminlik yarandı ki, Azərbaycan ərazisindən onlara təhdidlər və təhlükələr olmayacaq. Bu son dərəcə ciddi amildir. Rusiya və İranla əsası ulu öndər tərəfindən qoyulmuş mehriban qonşuluq siyasəti İlham Əliyev səviyyəsində möhkəmləndirildi və etibarlılığını daha da gücləndirdi. Başqa bir tərəfdən Amerika ilə münasibətlərimiz də ardıcıl və davamlı dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədə qorunub saxlanıldı və inkişaf etdirildi.

İsraillə Azərbaycan arasında da ilk gündən yaxşı münasibətlərimiz var idi və sonrakı illərdə daha geniş xarakter almağa başaldı. Xüsusi olaraq qeyd etmək istərdim ki, İsrail dövlətinin Azərbaycana qarşı münasibətlərində vaxtilə xalqımızla bərabər yaşayan, bizimlə yüksək səviyyədə dostluq münasibətləri olmuş, sonradan Azərbaycandan getmiş yəhudilərin çox ciddi rolu oldu. Bu günə qədər də davam edir. Eyni zamanda bizim qədim ənənələrə söykənən münasibətlərimiz var ki, bu gün də davam etməkdədir”.

Prezident İlham Əliyevin diplomatik fəaliyyətini şərh edən F.Ağamalı qeyd edir ki, ölkə başçısı mahir siyasətçi kimi dost olduğu iki ölkə arasında yaranmış gərginlikdə də sülhpərvər rolunu oynamağı bacarır:  “İsraillə dostluq münasibətlərimizin qonşu ölkə İrana hər hansı bir mənfi təsirinin olmaması İranın hakim dairələrinə illər boyu sübut olundu. Onlar da bu qənatə gəldilər ki, istənilən dövlət dünyanın istənilən dövləti ilə sərbəst münasibətlər qurması onun müstəsna səlahiyyətidir və bu başqa bir dövlətin milli maraqlarına toxunmursa, buna mane olmaq heç bir halda məqbul deyil.

İsraillə münasibətlərimiz qardaş Türkiyə ilə onların münasibətləri zəifləyəndə də özünü qoruyub saxlaya bildi. Düşünürəm ki, Azərbaycan dövləti cənab İlham Əliyevin timsalında bu münasibətlərin kəskin fazaya keçməməsi üçün müəyyən cəhdlər edildi”.

F.Ağamalı əlavə edir ki, İlham Əliyevin 17 illik uğurlu xarici siyasətinin bəhrəsini indi görürük: “Bütün çoxvektorlu dünya düzənində Azərbaycanın son dərəcə mükəmməl xarici siyasəti, təbii ki, özünün bəhrəsini verməyə başladı. Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, Azərbaycanın digər beynəlxalq təşkilatlarda nüfuzunun artması və onun yüksək səviyyədə özünü ifadəetməsi də beynəlxalq səviyyədə Azərbaycanın gücünə əlavə güc gətirdi. Bu konteksdə Azərbaycan prezidentinin beynəlxalq səviyyədə aparmış olduğu siyasət, diplomatik istedadı imkan verdi ki, bir çox böyük dövlətlər ciddi döyüşlərin getdiyi zaman kəsimində açıq şəkildə Ermənistana dəstək verməkdən çəkindi.

17 il ərzində Azərbaycanda, Bakı şəhərində keçirilən ən müxtəlif beynəlxalq forumlarda, tədbirlərdə Azərbaycan həqiqətləri, Ermənistan tərəfindən torpaqlarımızın işğalı cənab prezident tərəfindən daima önə çəkildi, dünyaya çatdırıldı. Aparılmış siyasətin nəticəsində Avropa İttifaqı Azərbaycanın süverenliyini, ərazi bütövlüyünü açıq şəkildə tanıdı. Bütün bu hazırlıqlardan sonra formalaşdırılmış ordu və bir olan cəmiyyətimizlə artıq əks-hücum əməliyyatları başladı. Biz artıq bunun ciddi uğurlarını görməkdəyik. Cənab prezident yüksək peşəkarlığı, böyük və qətiyyətli iradəsi ilə XXI əsrdə özünün uzaqgörən dövlət xadimi və siyasətçi obrazını yarada bildi. Mən tamamilə əminəm ki, müharibə qalibiyyətlə başa çatdıqdan sonra biz ölkə prezidentinin yaratmış olduğu bu obrazın Azərbaycan üçün ciddi və əhəmiyyətli töhfələrini görəcəyik”.
YAP-çı deputat Hikmət Babaoğlu da Musavat.com-a açıqlamasında prezident İlham Əliyevin uğurlu Vətən müharibəsinə qədərki və son bir aydakı siyasi fəaliyyətini şərh edib.

Без названия.jpg (7 KB)

H.Babaoğlu bildirir ki, hazırkı tarixi mərhələdə həm döyüş meydanında, həm informasiya müstəvisində, həm də siyasi, diplomatik müstəvidə uğurların əldə olunması bir-biri ilə sıx bağlıdır: “Bu komponentlərdən hər hansı birinin əskik olması əldə oluna biləcək uğurlara böyük ziyan vura bilər.

1994-cü il atəşkəsindən sonra, xüsusi ilə də son dövrlərdə Azərbaycan məhz bugünkü uğura çatmaq üçün yuxarıda sadaladığımız bütün istiqamətlər üzrə çox strateji hədəflər müəyyənləşdirməyi və həll etməyi bacardı. Hər şeydən öncə qlobal ictimai rəydə öz lehinə ümumi fikir formalaşdırmağı bacardı. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ probleminin həll olunmasına kömək edə biləcək mümkün bütün hüquqi dəstəyi əldə etməyi bacardı. İmzaladığı müqavilələrlə hazırda hibrid müharibədə həlledici komponentlərdən biri olan hərbi gücü, ordusunu gücləndirməyi bacardı. Nəticə etibarilə bu gün əldə etdiyimiz uğurlar məhz bir-birini tamamlayan komponentlərin hamısının uğurla təmin olunması əsasında meydana çıxdı”.

H.Babaoğlu söyləyir ki, ölkə başçısının bir neçə gün əvvəl xalqa müraciətində də uğurlu siyasətin sxemini görmək mümkündür: “Azərbaycan prezidenti xalqına müraciətində bu günə qədər əldə ediyimiz məsələlərin həlli ilə bağlı konkret bir sxem qurulmuşdu. Bu sxem üzrə biz səsləndirilən fikirləri ardıcıllıqla izləsək, görəcəyik ki, məqsədyönlü şəkildə uzun müddət siyasi, diplomatik və hərbi fəaliyyət məhz milli maraqların, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş fəaliyyət olub. Azərbaycan prezidenti 1990-cı ilin əvvəllərindəki hadisələrə toxunaraq qeyd etdi ki, baxmayaraq ki, o zaman bizim torpaqlarımız işğal olunurdu, amma Azərbaycan dünya ictimiayyətinə işğalçı dövlət kimi təqdim olunurdu. Hətta ABŞ bizə qarşı sanksiya da tətbiq edib və bu gün də qüvvədə qalmaqdadır. Eyni zamanda biz bilirik ki, o dövrdə qlobal informasiya məkanında bizim leyhimizə bir cümlə belə qeyd olunmurdu. O zamandan bu günə qədər informasiya müharibəsində əldə etdiyimiz uğurlar nəticə etibarilə elə bir vəziyyət yaradıb ki, artıq hadisələr nə manipulyasiya edilə bilir, nə də əvvəlki illərdə olduğu kimi Ermənistanı müdafiə edən yazı və telesujetlər hazırlanmır.

Bu kontekstdə daha bir mühim məsələ onda ibarətdir ki, dünyada və regionda Ermənistanın ənənəvi müttəfiqləri və onların maraqlarını müdafiə edən güclü erməni lobbisi var. Bu da bir sıra böyük ölkələrin lobbiləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Prezident İlham Əliyev ötən illər məhz həmin ölkələrlə ikitirəfli, çoxtərəfli və bəziləri ilə isə üçtərəfli müstəvidə çox mühim tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmağı bacardı. Bir növ həmin ölkələrin milli maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdıra bildi. Xüsusən də regionda olan iki mühim dövlət - Rusiya və İranla üçtərəfli əməkdaşlıq quruldu. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən böyük layihələrdə iştirak etməklə ölkəmizin strateji mövqeyini və əhəmiyyətini qəbul etmiş oldular. Bu münasibətlər həm də mədəni, humanitar iqtisadi əlaqələrlə də möhkəmləndirildi. Buna görə də hazırkı mərhələdə ənənəvi olaraq Ermənistanın mövqeyindən çıxış edən şimal qonşumuz indi neytral mövqe nümayiş etdirir. Bəzi istisna hallar olmaqla buna çalışır. Eyni şəkildə Avropa İttifaqı ilə yaradılmış xüsusi münasibətlər var. Azərbaycan ərazi bütövlüyünün bir daha Avropa İttifaqına üzv olan ölkələr tərəfindən tanınması və iqtisadi münasibətləri də bura daxil etsək üçqat hüquqi müdafiə yaradıb. Göründüyü kimi, bu qədər mürəkkəb geostrateji rayonda bu qədər mürəkkəb problemin həll olunması üçün nə qədər dərin diplomatik, strateji, ağıl və intelekt sərf olunaraq bütün bu məsələlər Azərbaycanın lehinə dəyişdirilib. Hazırda bu kardinal dəyişiklik bizim ordumuzun irəliləməsi üçün çox yaxşı hüquqi və siyasi çətir formalaşdırıb. Və ordumuz bu çətir altında irəliləyir. Bu şərtlər o qədər möhkəmdir ki, əminəm, Azərbaycan ordusunun sona qədər hərəkəti üçün siyasi və diplomatik dəstəyi təmin edəcək. Bunun nəticəsində də şanlı Azərbaycan ordusu sonuncu qarış torpağımızı da erməni işğalından azad edəcək”.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR