İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən erməni icmasına vəd: sözümüz imzamızdır və nida işarəsi!

824 04.08.2023 09:20 Siyasət A A

Azərbaycan Konstitusiyası onlara yox, onlar Azərbaycan Konstitusiyasına uyğunlaşmalı olacaqlar; politoloq: “Prezidentin bu çağırışı yeni situasiya yaradır...”

“Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu saxta liderlər onlara daim yalan danışıblar”.

“Yeni Müsavat” xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına verdiyi müsahibədə Qarabağ ermənilərinə belə bir çağırış edib.

“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, - İlham Əliyev onlara səslənib. Yəni Prezident vədi. “Sözümüz imzamızdır”.

Bunu da vaxtilə ölkə Prezidenti söyləmişdi. Qarabağın erməni əsilli Azərbaycan sakinlərinə ayrı hansı zəmanət, vəd lazımdır görəsən?

Bundan əlavə, iyulun 21-də Şuşada keçirilən Qlobal Media Forumunda İlham Əliyev Qarabağdakı erməni sakinlərin xuntaçılardan qurtulmasının vacibliyini xüsusi vurğulamışdı. Sitat: “Ona görə indi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır”.

Şəksiz, yalnız o halda Bakının birbaşa dialoq təklifləri də reallaşmağa başlayacaq. Erməni icması anlamalıdır ki, Azərbaycan Konstitusiyası onlara yox, onlar Azərbaycan Konstitusiyasına uyğunlaşmalıdırlar. Bir ovuc erməninin siyasi kaprizinə görə bizim “Əsas Qanun”u dəyişmək kimi lüksümüz yox. İkinci yol çıxıb getməkdir.

Bəs dövlət başçısının çağırışları eşidiləcəkmi, Qarabağdakı ermənilər zamanla, ləng də olsa, Azərbaycanın tabeliyində yaşamağı qəbul edəcəklərmi?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Prezident müdrik və inandırıcı çağırış edib. Onun sözlərinə görə, hazırda ermənilər ümidsiz vəziyyətdədir: “Onlara edilən istənilən xitab dəyərləndirilir, əhəmiyyət verilir. Lakin Prezidentin çıxışı əvvəlki müraciətindən daha da irəli getdi. Dövlət başçısı əvvəlcə demişdi ki, qondarma vəzifələri kənara qoyun və Azərbaycan inteqrasiya edin, amnistiyanı düşünmək olar. Vaşinqton da bu mövqeni alqışlamışdı. İndisə Prezident onların mədəniyyət, din, təhsil hüquqları haqda vəd verir, bələdiyyə hüquqları haqda təminat verir, yəni, zənnimcə, bu çağırış yeni bir situasiya yaradır”.

Q.Hüseynlinin fikrincə, erməni separatçıları arasındakı didişmələr, xunta rejimi rəhbərliyində olan ixtilaflar həm yerli əhalinin diqqətindən yayınmır, həm insanlar gedişatı təhlil edir və əyani surətdə təsdiqləyir ki, çıxış yolu tapa bilməyəcəklər: “Ona görə Azərbaycanın dövlət başçısı onlara ”xilas kəməri" tullayır ki, bundan istifadə edin. Üstəlik, Yevlaxda erməni icması ilə görüş gözlənilir. Beləliklə, ölkə başçısı vəziyyəti dalandan çıxarmağa və irəliləyişə nail olmağa çalışır. Əgər ermənilər bu dəfə də təkliflərdən istifadə etməsələr, o zaman öz bəxtlərindən küssünlər. Çünki heç kəs indiyə qədər onlara bu şərtlər daxilində mürəkkəb vəziyyətdən xilas yolu göstərməyib, əksinə, çətin hala salıblar. Odur ki, ağılla hərəkət etmək üçün şansları var".

Xəzər Teyyublu: Məsuliyyətsiz məmurların laqeydliyi, vətəndaşın haqqını  tanımaması...

Xəzər Teyyublu 

Hüquq müdafiəçisi Xəzər Teyyublu bu çağırışdan sonra erməni əhalisində təsəvvürlərin yenilənəcəyi qənaətindədir. Onun fikrincə, Azərbaycan beynəlxalq hüquqa uyğun addımlar atır: “Heç bir dövlət öz ərazisində 25-30 minlik etnik toplumun öz müstəqilliyini elan etməsinə dözüm göstərməz. Bakının Qaraçuxur qəsəbəsinin əhalisinin sayı qədər olmayan ermənilərin nəyə görə öz müqəddəratını təyinetmə hüququ olmalıdır? Bunun üçün ”Dağlıq Qarabağ" dedikləri bölgəyə orada yaşamış azərbaycanlı qaçqınlar da qayıtmalıdır, onların da fikri öyrənilməlidir ki, siz mərkəzi hakimiyyətə tabe olursunuz, ya yox? Ermənilərin müstəqillik elan etmək üçün heç bir əsası yoxdur. Ermənistan da 30 ildə “artsax” adlı kukla hakimiyyəti tanımayıb. Paşinyan bəyan edib ki, Qarabağ Azərbaycana aiddir. Bütün bunlardan sonra bir ovuc erməninin etdikləri separatizmdir, başqa adı yoxdur. Buna qarşı Fransa da, Amerika da, Rusiya da öz ərazilərində mübarizə aparıblar. Bizdən istənilən isə onların hüquq və təhlükəsizliyinə təminatdır, onu da veririk, Prezident son çıxışında da açıq-aydın mesajlar ötürdü".

Hüquq müdafiəçisi geridə qalan 3 ilə yaxın müddətdə Xankəndi erməniləri üçün yaxşı bir hadisəni xatırlamır: “Nə baş veribsə, onlar üçün itki olmayıb. Bura daxildir Vardanyanın tam zəif bir vəziyyətə gətirilməsi, ”Laçın" postu, hakim yüksəkliklərə nəzarət, Sarıbaba, Fərrux, Qırxqız ərazilərinə kontrol və s. Yəni bir nümunə yoxdur ki, separatçılar üçün yaxşı olsun. İtirə-itirə gedirlər, bir küncə sıxılıblar. Araik deyir ki, Xaçatryandan sonra növbə aramızdakı başqa birinə çata bilər. Hərçənd elə növbə onun olmalıdır. Çünki İnterpola axtarışa vermişik.

Ona görə erməni icması Prezidentin müraciətini və onlara vəd etdiyi sözləri yaxşı analiz eləməlidirlər. Onlar bilməlidirlər ki, bu prosesin sonu hara aparır. Hər yerdən əlləri üzülüb, artıq rus hərbçiləri də onları qoruya bilmirlər, bu bölgənin tək sahibi var, o da Azərbaycan əsgəridir. O baxımdan vaxt onlar üçün daralır, seçim etməlidirlər. Əgər bu çağırışa məhəl qoymayacaqlarsa, deməli, Qarabağ ermənisizləşəcək. Orada əbədi olaraq “artsax” adlı sarsaq və təlxək yığınının qoyduğu “qaydalar” işləməyəcək, sonuna az qalıb".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR