AzərTAc xəbər verir ki, fevralın 15-də NATO-nun baş katibi Anders Foq Rasmussenlə alyansın Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxış edən prezident İlham Əliyev deyib: “NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi var. Bu, uğurlardan ibarət tarixdir. 1990-cı illərin əvvəllərindən Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərəçarpan irəliləyiş əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri var. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olub”.
Dövlət başçısı bəyan edib ki, Brüssel danışıqlarında Dağlıq Qarabağ münaqişəsinə də toxunulub: “Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bunun üçün yaxşı hüquqi əsas var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcək”.






