İlham Əliyev: “Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq”
“Dünyada maliyyə-iqtisadi böhranın artıq ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır”. Musavat.com xəbər verir ki, prezident İlham Əliyev bunu Bakıda məscid açılışında bəyan edib. Onun sözlərinə görə, Azərbaycan bu gün dünyada söz sahibidir, beynəlxalq nüfuzu gündən-günə möhkəmlənir.
“Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir. Bir sözlə, ictimai-siyasi vəziyyət sabitdir, ölkə daxilindəki problemlər öz həllini tapmaqdadır. Beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz hallar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təcrid etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq”, - dövlət başçısı bildirib.
İlham Əliyev əlavə edib ki, Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.






