İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci Qarabağ müharibəsinin yeni geosiyasi reallıqları – Bakı Londonun regional müttəfiqinə çevrilir

2709 16.02.2021 00:02 Siyasət A A

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəkləyən ölkələrdən biri Böyük Britaniya oldu. Dünyanın ən güclü ölkələri sırasında yer alan, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Böyük Britaniya krallığı 44 günlük müharibə boyunca səssiz-sədasız siyasi dəstəyi ilə Bakının yanında oldu.

Bunun ən parlaq nümunəsi kimi ötən ilin noyabrının əvvəlində baş vermiş hadisəni göstərə bilərik. Böyük Britaniya BMT TŞ-da keçirilən səsvermədə müstəsna hüququndan istifadə edərək Azərbaycan əleyhinə bəyanata veto qoydu. Müharibənin sonlarına yaxın münaqişə ilə bağlı hazırlanmış bəyanat qeyri-obyektiv, qərəzli hesab olunurdu. Aydın məsələdir ki, bəyanatın layihəsi erməni lobbisinin səylərinin nəticəsi idi. Sənəddə hərbi əməliyyatların dərhal dayandırılmasından, prosesə üçüncü ölkələrin hər hansı formada müdaxiləsinin yolverilməzliyindən və “münaqişə zonasında terrorçuların mövcudluğu”ndan bəhs olunurdu.

Ermənistanı dəstəkləməyə yönəlmiş bəyanatın qəbul olunmasına rəsmi Londonun prinsipial mövqeyi mane oldu. Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvord sənədin qeyri-obyektiv olduğunu, Azərbaycanın öz ərazisində sülhə məcburetmə əməliyyatları apardığını və ərazi bütövlüyünü bərpa etməyə çalışdığını bəyan edərək veto hüququndan istifadə edərək sənədin qəbulunu əngəllədi. Bu, Krallığın rəsmi Bakıya verdiyi dəstəyin bir qismidir. Ümumilikdə isə həm müharibədən əvvəl, həm müharibə gedişində, həm də sonra Britaniyanın Azərbaycanla yaxınlığı hiss olundu.

Təbii ki, dünyanın ən böyük imperiyalarından biri olmuş Böyük Britaniya hələ ötən əsrin əvvəllərində neft Bakısına maraq göstərib.

Birinci Dünya müharibəsinin nəticəsinə əsasən, Osmanlı ordusu Bakını tərk etdikdən sonra İranda yerləşən ingilis qoşunu 1918-ci ilin noyabrın 17-də Bakıya daxil olub. Düzdür, həmin vaxt hərbi-siyasi şərtlər səbəbindən ingilislər Bakıda çox qala bilmədi. Amma dünyanın altını-üstünü bilən ingilis siyasi ağlı Azərbaycanın mövqeyini və imkanlarını hər zaman yüksək qiymətləndirib.

Müstəqillikdən sonra Bakıya gələn BP həm də Birləşmiş Krallığı təmsil edirdi və ötən 27 il göstərdi ki, Azərbaycan və Britaniya arasında iqtisadi və enerji sahəsində möhkəm əlaqələr formalaşıb. İndi isə bu əlaqələr siyasi, hərbi-strateji sahəyə sirayət edir.

Təbii ki, Azərbaycanla Britaniya arasında yaxınlaşmada Türkiyə amili də unudulmamalıdır.

Tarix boyu Türkiyə (Osmanlı dövründə də - K.R) Avropada rəqabət aparan cəbhələrdən biri ilə yaxınlaşıb. Son illərdə isə Ankara mühafizəkar Britaniya ilə yaxınlaşır, Makron Fransası ilə münasibətləri soyuyur. Türkiyə indi Yaxın Şərqlə yanaşı, Qafqaz və Mərkəzi Asiya üçün də perspektivli oyunçudur. Böyük siyasətdə hər zaman öz dəsti-xətti ilə seçilən ingilislər Yaxın Şərq və Mərkəzi Asiyanın yeni gücü olan Türkiyə ilə birgə hərəkət edirlər.

44 günlük müharibə onu göstərdi ki, Azərbaycan gücü ciddi qəbul olunacaq dövlətlərdən birinə çevrilir.

Ermənistanla müharibədə qazanılmış hərbi uğurlar regional siyasətdə də Azərbaycanın mövqelərini gücləndirdi. Üstəlik, müharibənin nəticələrinin aradan qaldırılması, yəni təmir və bərpa prosesi kimi gəlirli bir sahə yaranıb. Bu mənada Azərbaycan Böyük Britaniyanın Şərqə açılmasında xüsusi qapı və yeni strateji müttəfiq rolunu oynaya bilər. Bu mənada London Bakı ilə əlaqələrini daha da inkişaf etdirməyə çalışır.

Ötən ay Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanla hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi.

İlkin addım kimi Britaniyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə kömək edə biləcəyini vurğuladı. Bu isə o deməkdir ki, yaxın dövrdə ingilis əsgərləri Azərbaycana gələ bilər. Böyük Britaniya ilə hərbi sahədə əməkdaşlıq Azərbaycan üçün həm siyasi-strateji, həm də hərbi əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, ötən həftənin əvvəlində Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfər edib.

Rəsmi açıqlamada nazirin səfəri zamanı iki ölkə arasında əməkdaşlıq, “yaşıl energetika”nın inkişafı, iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrinin gücləndirilməsi kimi mövzuların müzakirə ediləcəyi qeyd olunub. Bununla yanaşı, V.Morton fevralın 9-da xarici işlər nazirlikləri arasında hər il keçirilən Böyük Britaniya-Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak edib.

Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində Böyük Britaniya şirkətləri yaxından iştirak edəcək. Ən əsası Bakı Londonun əhəmiyyətli müttəfiqlərindən birinə çevriləcək.

Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR