İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci “4.4 Qısa Tamaşalar Festivalı”nın açılış mərasimi keçirilib - Fotolar

705 26.11.2022 23:15 Mədəniyyət A A

Noyabrın 25-də İkinci “4.4 Qısa Tamaşalar Festivalı”nın açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə ölkənin tanınmış teatr xadimləri, teatrsevərlər iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edib. O qeyd edib ki, “4.4 Qısa Tamaşalar Festivalı” Mədəniyyət Nazirliyinin pandemiyadan sonra dəstəklədiyi ilk böyük layihələrdən biridir:

“Festivalın təşkil edilməsində məqsəd pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaq, teatra yeni nəfəs verməkdir. Maraqlı cəhətləri odur ki, biz janr, üslub baxımından heç bir məhdudiyyətlər qoymadıq. Festivalda dövlət teatrları ilə yanaşı, həmçinin özəl teatr kollektivləri və hətta kollektivi olmayan bütün yaradıcı şəxslərə öz işlərini təqdim etməyə imkan verildi”.

Nazirlik əməkdaşı qeyd edib ki, budəfəki festivalda xaricdən dəvət olunmuş mütəxəssislər də iştirak edir.

Festival haqqında ətraflı məlumat verən teatrşünas Elçin Cəfərov bildirib ki, festivala göndərilən 20-dən artıq tamaşadan 12-si müsabiqə proqramına daxil edilib:

“Bu tamaşaların 6-sı Bakıda, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Maraqlıdır ki, builki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb. Proqramda müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər. Zəngin festival proqramı yalnız tamaşalarla bitmir. 50-yə yaxın xarici qonağın qatıldığı festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər”.

Sonda festivalın proqramına həsr olunmuş videoçarx nümayiş olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa İli”nə həsr olunmuş “II 4.4 Qısa Tamaşalar Festivalı”nın proqramı ilə Teatro.az sənət portalında, festivalın veb-saytında və sosial media hesablarında tanış olmaq mümkündür. Festival noyabrın 30-dək davam edəcək.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR