İnsanlara hürriyət, millətlərə istiqlal!

İki Volodyanın davası: Yaxud Vladimir Volodimirə qarşı

1341 01.02.2022 20:22 Yazarlar A A

Ukrayna ilə Rusiyanı bir-birinə sıx bağlayan ortaq tarix və keçmiş, mədəniyyət, etnik, eyni kilsəyə, dini ideologiyaya mənsubiyyət kimi çoxsaylı amil var.

Hazırkı Rusiyanın tarixinin məhz Kiyev knyazlığı ilə başlamasına nəzər salsaq, Ukraynanın bu ölkə üçün nə qədər həyati, ideoloji əhəmiyyət kəsb etdiyini görə bilərik.

Bu çoxəsrlik bağın daha dəqiq anlaşılması üçün, Azərbaycan-Türkiyə, Fransa-Belçika, Böyük Britaniya – ABŞ əlaqələrini bənzər misal kimi göstərmək olar ki, bu ölkələrin heç biri, öz yaxın tərəfdaşına qarşı nə torpaq iddiası qaldırar, nə də müharibə etməyə cəhd edər, yaranmış problemlərin qarşılıqlı uzlaşılması və çözüm tapılması yeganə yoldur, çünki bu ölkələrin xalqları eyni etnik kök və eyni tarixin daşıyıcısıdırlar.
Bu baxımdan, bu gün, Ukrayna və Rusiya xalqını qarşı-qarşıya gətirən, eyni kökdən gələn bu iki xalqı parçalayan, aralarına nifaq salan, hər iki qardaş xalq arasında böyük uçurumun yaranmasına səbəb, birmənalı olaraq Putin Rusiyasının imperialist maraqları və bu yöndə apardığı qəddar siyasətdir.

Digər tərəfdən görünən odur ki, Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin, bu gün bir çox dövlət tərəfindən mənimsənilən minillik böyük slavyan tarixini, rus şovinizminə qurban verməkdədir. Rus xalqı, slavyan mədəniyyətinin sadəcə bir parçasıdır, nə qədər eyni kökdən gəlsələr də, slavyan xalqları arasında yaranmış mədəni, milli və mental fərqləri qəbul etmək lazımdır, bu xalqları özünə assimilasiya etmək yaxud bu mədəniyyəti bütövlükdə ruslaşdırmaq cəhdi iflasa uğrayacaq.

Belə olan halda, Rusiya Ukraynanı işğal etsin ya etməsin, əldə edəcəyi böyük bir uğur olmayacaq və heç bir zaman tarixə Rusiyanın uğuru kimi düşməyəcək.

SSRİ-nin dağılmasıyla, Ukraynanın öz müstəqilliyi elan etməsindən keçən 30 illik dövr ərzində, Rusiyanın Ukraynaya qarşı dözümsüzlüyü və aqressiv rəftarıyla, hər iki ölkə arasındakı qarşılıqlı ziddiyyətlərin artması, Ukrayna ilə Rusiya arasındakı çoxəsrlik və saysız bağların, ciddi şəkildə zədələnməsinə səbəb oldu.

Xüsusən Volodimir Zelenskinin gözlənilmədən prezident kürsüsünə oturması, Putinin Ukrayna ilə bağlı bütün planlarını alt-üst etdi. Ukrayna prezidenti Zelenski ilə hədə dilində aparılan danışıqlar, bu ölkəni qərbə daha da yaxınlaşdırdı. Keçən ilin sentyabr ayında Zelenskinin köməkçisi Sergey Şefirə qarşı suiqəsd cəhdinin arxasında Rusiyanın olduğunun ortaya çıxması, bu iki ölkə arasındakı əlaqələri daha da gərginləşdirdi.

Putin anlamalıdır ki, bir dövləti özündən asılı hala salmaq üçün, onun dövlət başçısına qarşı edilən şantaj, təxribat, suiqəsd, terror məqsədli addımlar artıq əks nəticə verməkdədir və ən əsası, biz artıq feodalizm quruluşunda deyilik.

Putin və Zelenski arasındakı şəxsi sürtüşmə və gərginliyin, Rusiya kimi dövlətin xarici siyasətinə yansıması, bir ölkənin bir adamdan asılılığının tipik nümunəsidir.

İndi isə, Putin çox ciddi iki seçim qarşısındadır, ya dünyanı qütbləşdirməkdən vaz keçərək, öz imperialist ambissiyalarından güzəştə gedərək, Ukraynanın suverenliyinə və müstəqil bir ölkə kimi aldığı qərarla hörmətlə yanaşaraq, bu ölkə ilə çoxtərəfli əməkdaşlığı artıraraq, hər iki ölkə arasında yüksəksəviyyəli əlaqələri yenidən bərpa edir yaxud Ukraynanı keçici olaraq işğal edərək, bu ölkənin suverenlik haqqını tanımır, qərblə arasındakı uçurumu daha da dərinləşdirir.

İstənilən tərəfsiz analitik üçün, sıravi rus xalqı üçün, Ukrayna ilə müharibə doğru seçim deyil, əgər Putin Rusiyanın gələcək müqəddəratından həqiqətən narahatdırsa, bu müharibəyə getməməlidir, dinc diplomatiya yoluna üstünlük verməlidir.

Müharibə faciələr gətirir, işğal edilənə də, işğal edənə də.

Putin müharibədən öncə bunu düşünməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR