İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə Kəlbəcər qızılını talayır: məhkəməyə verə bilərik

1629 18.11.2019 11:45 Ölkə A A

Ermənilər ruslardan aldıqları silahların pulunun bir hissəsini sərvətlərimiz hesabına ödəyirlər, BMT və Avropa Məhkəməsində iddia qaldırmaq olar

Ermənistan 2019-cu ilin yanvar-avqust aylarında Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli metal satıb. Bu barədə “FinExpertiza” audit-konsaltinq şirkətinin analitika şöbəsi hesabat yayıb.

“Bu ilin 8 ayında Ermənistandan Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli daşlar ixrac olunub. Son 3 ildə bu göstərici üzrə lider olan Çindən isə cəmi 61,8 milyon dollar dəyərində qiymətli metal ölkəyə idxal olunub”.

Ermənistanın Rusiyaya satdığı qiymətli daşların 33,2 milyon dollarını almaz təşkil edib. Qalan 95,9 milyon dollarlıq qiymətli metallar arasında qızıl 80 milyon dollar çatır. Həmin qızılın Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisindən qanunsuz çıxarıldığı məlumdur.

Kəlbəcərin Söyüdlü - Zod, Ağduzdağ və Tutxun qızıl yataqlarını istismar edən ermənilər hər il Rusiyaya on milyonlarla dollar dəyərində qızıl sataraq, böyük gəlir əldə edir. Belə olan halda işğal edilmiş torpaqlarımızın sərvətini talan etməyə, qızılımızı Rusiyaya sataraq gəlir götürməyə görə Azərbaycan Ermənistana qarşı beynəlxalq hüquqi müstəvidə təzminat davası aça bilərmi?

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, azərbaycanlı geoloqlar və sənayeçilər illərdir həyəcan təbili çalır. “Onlar bildirirlər ki, Ermənistanın Vardenis rayonunda qızıl mədənlərində işi başa vurub, Kəlbəcərə keçiblər. Artıq ermənilərin qızıl ehtiyatları tükənib və yeni mədən kimi Kəlbəcərin qızıl yataqlarının istismarına başlanıb. Burada ruslarla şərikli müəssisələr yaradılıb. Bunun səbəbi ermənilərin ruslardan aldıqları silahların pulunun cüzi bir hissəsini ödəməklə bağlıdır. Həmçinin, Kəlbəcərdəki qızıl yataqlarının istismarı üçün avadanlıqlar da Rusiyadan gətilir” deyə,  ekspert vurğuladı.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Q.Hüseynli Ermənistanda Azərbaycanın təbii sərvətlərinin istismarının kütləviləşdiyini qeyd etdi: “Ağdərə rayonunda kömür mədənlərinin istismarına başladılıb, Qubadlı və Zəngilanda ”Qırmızı kitab"a salınmış, nadir növ ağacların doğranıb mebel sənayesində istifadəsi halları var. Çox təəssüf ki, bu işdə İran tərəfdən bəzi soydaşlarımız da iştirak edirlər. Amma əsasən istismar Rusiyanın nəzarətindədir. Çünki qızıl və digər nadir metallar Rusiyaya ixrac edilir. Ona görə Rusiyada “Qarabağ mənimdir” deyən siyasətçilərə rast gəlmək mümkündür".

Politoloqun fikrincə, ən azından məhkəməyə müraciət edilə bilər: “Eləcə də orada qalan mal-mülkülərimiz barədə iddia qaldırmaq olar. Bu işlə peşəkar hüquqşünaslar məşğul olmalıdırlar. Sadəcə, ortada itirilmiş bir zaman varE”

Hüquqşünas Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, Azərbaycan  məhkəməyə üz tuta bilər. Onun sözlərinə görə, Beynəlxalq Haaqa Məhkəməsinin üzvü olmadığımız üçün  BMT-yə və Avropa Məhkəməsinə müraciət etmək imkanımız var: “Qızıl yataqlarının istismarına görə hər iki dövlətlə bağlı iddia qaldıra bilərik. Bir neçə texniki instansiyaları keçməliyik və bu, mümkündür, əsaslar da var. Dövlətlərin mübahisəsi varsa, mütəxəssisləri cəlb etməklə bunun qarşısı alına bilər”.

Hüquqşünas hesab edir ki, Azərbaycan Avropa Məhkəməsində reqlamentin 39-cu maddəsinə istinadən addım ata bilər: “Avropa Məhkəməsinin müraciətə baxmasına qədər yataqların istismarının dayandırmağı tələb edə bilərik. Eyni zamanda arbitraj məhkəmələri var, ora da müraciət etmək olar. Yəni, hüquqi vasitələr çoxdur, sadəcə, bununla məşğul olan lazımdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR