100 illərin sınağından keçmiş bir deyim var: “Qurd rəngini dəyişsə də, xasiyyətini dəyişməz”. Bəzən elə proseslərlə rastlaşırıq ki, ataların bu müdrik kəlamı istər-istəməz yada düşür...
Söhbət nədən gedir: Ölkəmizə təsir göstərməyə çalışan qüvvələrin son vaxtlar ictimai-siyasi vasitələrlə, daha dəqiq ifadə etsək, “alətlərlə” din faktoruna üstünlük verilməsinin şahidi oluruq. Bu da təsadüfi deyil. Bir jurnalist kimi, insanlarla ünsiyyətdən qazandığım təcrübəyə istinadən deyə bilərəm ki, dini inanc və heysiyyət istənilən fərd və cəmiyyət üçün ən həssas nöqtədir. Bu, bir aksiomdur.
Keçək əsas mətləbə. Son hadisələrin gedişi göstərdi ki, Azərbaycana dini mühit vasitəsilə təsir göstərməyə çalışan İran bizim yeganə qonşumuz deyilmiş sən demə. Nədənsə Rusiyada yaşayan soydaşlarımız arasından dindarların, xüsusilə kənar təsirlər nəticəsində Azərbaycana qarşı radikal mövqedə dayananların təşkilatlanmasına bu ölkədə ciddi şəkildə əlverişli şərait yaradılır. Üstəlik də qeyd olunan hal Rusiyada yaşayan azərbaycanlıların dinc şəkildə vahid mədəni təsisatlar formalaşdırmalarına yaradılan maneələr şəraitində baş verir. Xeyli müddətdir ki, yuxarıda bəhs olunan mövzuya dair müşahidələrim məni ciddi sual şəklində düşündürürdü.
Təsəvvür edin, İran ali dini liderinin Rusiyadakı nümayəndəsi Sabir Əkbəri Ciddi tərəfindən “İslam Mərkəzi” adlı qurum yaradılır və bu mərkəz sanki öz “dini”, “müqəddəs” missiyasını Azərbaycana qarşı ideoloji təxribatın dayaq məntəqəsinə çevrilməklə yerinə yetirir. S.Ə.Ciddinin rəhbərliyi ilə Mərkəzdə keçirilən tədbirlər və aparılan təbliğatlar Moskvada yaşayan həmvətənlərimiz arasında məqsədyönlü şəkildə Azərbaycana qarşı düşmənçilik hisslərini özündə ehtiva edən “dindar”laşma prosesinin həyata keçirilməsinə və təsirə düşənlərin dövlət, cəmiyyət olaraq bizə qarşı yönləndirilməsinə xidmət edir. Hazırda Moskvada yaşayan azərbaycanlı dindarlar arasından nəzərəçarpacaq sayda soydaşlarımız “İslam Mərkəzi”nə toplaşır, cəlb edilir. Bu da onların dini baxışlarının Azərbaycana düşmənçilik ruhunda formalaşmasına zəmin yaradır. S.Ə.Ciddi tərəfindən Moskvadakı “İslam Mərkəzi” vasitəsilə və həmin şəhərdə yaşayan bəzi azərbaycanlı dindarların imkanlarından istifadə edilməsi respublikamıza qarşı ideoloji təxribat xarakterli pozuculuq fəaliyyəti göstərilməsini təsdiq edir.
Hadisələrin gedişi göstərir ki, oradakı dindarlara Azərbaycana qarşı düşmənçilik hissləri olduqca qabarıq formada aşılanır. Hətta o qədər qabarıq ki, bu terrorla da nəticələnir. Məsələn, Gəncə şəhərində terror aktı törətmiş Yunis Səfərovun dini baxışlarının qeyd olunan mühitdə formalaşması, onun və onun kimi “dindar”ların S.Ə.Ciddinin ətrafındakı şəxslər tərəfindən Suriyaya göndərilməsi ölkəmizə qarşı sözügedən pozuculuq fəaliyyətini təsdiqləyən əyani faktdır.
Təəssüf ki, Rusiyadakı hansısa dairələrin də Azərbaycan əleyhinə olan fəaliyyətlərə rəvac verməsi müşahidə edilir. Tarixən olduğu kimi, bu gün də ölkəmiz, Yusif Vəzir Çəmənzəminlinin təbirincə desək, sanki “İki oda arasında”dır. Gəncə hadisələrinin fonunda şəxsi müşahidə və araşdırmalarım belə düşünməyə əsas verir ki, Rusiya və İrandakı bəzi dairələr birgə əlaqəli şəkildə azərbaycanlılar arasında dini mühitdə destruktiv qüvvələr formalaşdırmaq və onlardan vaxtaşırı vətənimizə qarşı istifadə etməyə cəhd göstərirlər. Bu, o şəraitdə baş verir ki, Azərbaycanın hər iki ölkə ilə normal münasibətləri mövcuddur.
Xeyli müddətdir İrandakı hansısa dairələr Azərbaycandakı dini mühiti siyasiləşdirməyə, yaxud radikal siyasi düşərgəni dindarlaşdırmağa səy göstərir. İndi də görünür, Rusiyadakı hansısa dairələr belə proseslərə öz “töhfə”sini verməyə çalışır. Rusiyanın “yeniliyi” isə kriminal ünsürlərin dindarlaşdırılması və onların düşüncəsində Azərbaycanın simasında “düşmən” obrazının yaradılmasından ibarətdir. Ümumilikdə kriminal şəxslərin dini mühitə yönəldilməsi, onlardan hansısa zorakı aksiyalarda, hətta terror, təxribat əməllərində istifadə olunması niyyətlərindən xəbər verir. Nəticədə, insanlıqdan, müasir davranış, yaşam qaydalarından uzaq olan ağır kriminal əmələ “müqəddəslik” mahiyyəti qazandırmağa çalışırlar.
Məndə belə qənaətlərin formalaşmasını şərtləndirən səbəblər təbii ki, var. Peşə fəaliyyətimlə əlaqədar çoxsaylı aksiya və mitinqlərdə yaxından müşahidələr aparmışam. Onların heç birində dövlət və hakimiyyət nümayəndələrinə qarşı son illər, o cümlədən Gəncədə baş verənlər qədər açıq-aşkar düşmənçilik hərəkətləri nə görmüşəm, nə də eşitmişəm. Özünü dindar adlandıran şəxslərin odlu və soyuq silahlarla aksiyalara getməsi, öz vətəndaşları ilə söhbət aparmaq məqsədilə silahsız formada onların qarşısına çıxmış polis əməkdaşlarının həyatlarına qəsd törətməsi çox düşündürücü məqamdır. Axı tarixən dindarları biz sülh, barışdırıcı mövqedən çıxış edən görmüşük. Nəinki dindar, heç dindar olmayan normal insanın da bunu edəcəyi ağılasığmazdır. Odur ki, belə halların Azərbaycana qarşı məkrli planları, düşmənçilik niyyətləri olan qüvvələr tərəfindən hazırlanaraq törədildiyindən başqa variant ağıla gəlmir. Çünki, heç bir terrorun, təxribatın özbaşına törədilmədiyi və heç bir dini ideyadan qaynaqlanmadığı aksiomdur, həqiqətdir.
Ölkələrimiz arasında normal münasibətlərin fonunda baş verənlərin hansı səbəbdən, kimlər və hansı dairələr tərəfindən təşkil olunması sualına cavab tapmaq istəyi ölkəsini, dövlətini, cəmiyyətini düşünən adamı istər-istəməz rahat buraxmır. İnsan gah düşünür ki, bu, Rusiya və İranda hansısa dairələrin Azərbaycanla mövcud olan normal münasibətləri korlamağa çalışmasından irəli gəlir. Bu məqamda, necə deyərlər bir sualdan başqa bir suallar yaranır: Bəs görəsən qonşuluğumuzda olan bu ölkələrdəki həmin qüvvələr kimlərə xidmət edir, tapşırığı haradan alırlar? Axı onların da ölkə rəhbərləri Azərbaycana daim dost münasibət bəslədiklərini bəyan edirlər. Həqiqi münasibəti, səmimiyyəti harada axtarmalıyıq, ölkə rəhbərlərinin bəyanatlarında, yoxsa Ə.Ciddi kimi İran dairələri ilə Rusiyadakı hansısa qüvvələrin birgə düşmənçilik əməllərində?!
Gah da inanmaq istəmədiyim başqa bir düşüncə yaranır: Bəlkə tarixən Azərbaycanı parçalamağa çalışan Rusiya və İran indi də başqa forma və üsullardan istifadə etməklə niyyətini reallaşdırmağa cəhd edir? Hər iki halda bəraət qazandıracaq cavab tapmaq müşkülə çevrilir və inanmaq istəmədiyim bu fikrin burulğanında yazının əvvəlində qeyd etdiyim müdrik kəlam yada düşür...






