İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ildir davam edən Rusiya-Ukrayna müharibəsinin udan və uduzan tərəfləri-ŞƏRH

835 31.01.2024 18:27 Siyasət A A

"Ukrayna müharibəsinin başlanmasından ötən iki ilə yaxın müddətdə qazanan əsas tərəf ABŞ-dır. Avropa bazarında mövqelərini gücləndirən və silah satışından qazanc əldə edən Vaşinqtonun əldə etdiyi ən böyük divident Avropaya nəzarəti yenidən qaytarmaq, NATO-nu təhlükəsizliyin əsas qalxanı olaraq qəbul etdirmək oldu".

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, Ukrayna müharibəsinə qədər NATO-nun beyin ölümü keçirdiyini deyən və öz ordusunu yaratmaq haqda düşünən Avropa Şimal Alyansının çətiri altına qayıtmağa məcbur oldu: "Hazırda Avropa Fransanın timsalında ABŞ qarşısında mərkəzdənqaçma siyasətini davam etdirməyə çalışsa da, müharibə başlayana qədər mövcud olan manevr imkanları artıq yoxdur. Fikrimcə, Ukrayna müharibəsi təkcə “soyuq müharibə”nin şərtlərini dəyişdirmək istəyən və çoxqütblü sistemə keçən dünyada qəbul olunmağa çalışan Rusiyanın zəiflədilməsi, xüsusilə regional güc qəlibində saxlanılmasına hesablanmamışdı, həm də Çinlə əməkdaşlığa gedərək, güc mərkəzinə çevrilməyi planlaşdıran Avropanı da cilovlamaq, ABŞ-ın əsas güc olduğu təkqütblü sistemi saxlamaq məqsədi daşıyırdı. Vaşinqton buna hələ də tam nail olmasa da, ən azı təkqütblü sistemin dağılma prosesini təxirə salmış oldu. Rusiya müharibənin itirən tərəfi kimi görünür, zəiflədiyi həqiqətdir, amma artıq iki ilə yaxındır ki, sanksiyalar qarşısında “çıxış yolları”nı tapmağa başlayıb və müharibənin sonunda böyük ehtimalla Rusiyanın dünya gücü kimi qəbul edilməsə də, keçmiş SSRİ coğrafiyasında hakim rolunun de-fakto qəbul edilməsi planlaşdırılır. Eyni zamanda, genişlənən Çinə qarşı Avrasiyada gücünü saxlayan Rusiyadan istifadə edilə bilər. İtirən yeganə tərəf Ukraynadır".

Asif Nərimanlı da müharibənin ilk günündən Ukraynanın poliqona çevriləcəyini  deyirdi. Ekspert fikrini belə yekunlaşdırıb: "Ukrayna həm silahların, həm də siyasi strategiyaların təcrübədən keçirildiyi laboratoriyanı xatırladır..."

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR