Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur təşkil olunub
Nədənsə mükəmməl təhsil dedikdə yalnız ali məktəblərdə verilən təhsil göz önünə gəlir. Mükəmməl təhsil önəmlidir, mübahisəsiz.
Amma dəfələrlə şahidi olmuşuq ki, universiteti bitirənlər iş tapa bilmir və ya onları qane edən əmək haqqı ilə təmin olunmurlar. Demək ki, yüksək təhsil üçün əsas kriteriya həm də sevdiyin peşəni dərindən mənimsəməkdir.
Bu qənaətin nə qədər doğru olduğunu isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olarkən bir daha anladıq. Avqustun 13-də millət vəkilləri, tanınmış ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediaturda bir sıra yeniliklərlə tanış olduq. İlk olaraq növbəti tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul prosesində tətbiq edilən yeniliklər və ümumi qaydalar barədə məlumat aldıq.
Mediatur çərçivəsində millət vəkili Aydın Mirzəzadə, “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digər ictimai şəxslər Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, fikir mübadiləsi apardılar.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov qeyd etdi ki, 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılır və ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılıb:
“Həmçinin bu ildən etibarən ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsili səviyyəsinin tədrisi aparılacaq. Eyni zamanda, 15 ixtisas üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb. Onu da xüsusi olaraq qeyd edim ki, bu il qəbul olunan elektron müraciətlər ötən ilə nisbətən 30 faiz artıb. Bu o deməkdir ki, peşə məktəblərinə maraq da çoxalıb”.
C. Kərəmov əlavə etdi ki, yüksək nəticələr əldə etmiş tələbələr subbakalavr adını alırlar və bu, onlara ali təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı yaradır:
“Mexanika, sənaye quraşdırılma, elektronika, elektrotexnika, avtomatika, inşaat avtomobili ixtisası, informasiya, kommunikasiya texnologiyaları kimi ixtisaslar Koreya modeli əsasında qurulub. Koreya modelinin özəllikləri ondan ibarətdir ki, texniki fənlər üzrə praktiki məşğələlərin saatları 60-70 faiz təşkil edir. Koreyalı ekspertlərlə birgə texniki ixtisas üzrə kurikulumlar hazırlanıb. Bu kurikulumlar bizim mərkəzə uyğunlaşdırılıb və ixtisaslar üzrə tədris vəsaitləri hazırlanıb. Mərkəzimiz iki emalatxanadan ibarətdir. Son texnologiyalar üzrə Koreya istehsalı olan 4300-dən çox avadanlıq gətirilib. Tələbələrimiz bu avadanlıqlarla təlim keçirlər”.
Direktor müavini bildirdi ki, mərkəzin müəllimləri üç ay Koreyada təhsil kursu keçib və dərs vəsaitlərinin hazırlanmasında iştirak ediblər:
“Eyni zamanda təkmilləşmə məqsədilə koreyalı mütəxəssislər mərkəzdə davamlı olaraq təlimlər keçirlər. Daha bir yeniliyimiz isə ondan ibarətdir ki, bu il Bərdədə 1200 yerlik peşə təhsil mərkəzinin də açılışı olacaq”.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov isə söylədi ki, son illər peşə məktəblərinə diqqət artıb: “Mart ayından başlayaraq Bakıda qısamüddətli təlimlərə başlamışıq. Pilot layihə kimi bir neçə peşə məktəbimiz fəaliyyət göstərir. Əsas məqsəd əmək bazarının təyin etdiyi peşənin müəyyən edilməsidir.
Onu da qeyd edim ki, Mərkəzə müraciət edənlərin çoxu ali təhsilli vətəndaşlardır. Elə şəxslər var ki, iki ali təhsil üzrə diplomu var. Amma peşəsini daha dərindən öyrənmək və daha yüksək maaşla təmin olunmaq üçün buraya müraciət edib. Tədris Mərkəzini bitirənlərin işlə təmin olunması yüksək səviyyədədir. Yəni işəgötürmə əmsalı yüksək-60 faiz təşkil edir”.
Daha sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müasir standartlara cavab verən emalatxanaları, maddi-texniki bazası və tədris prosesinin təşkili ilə tanışlıq oldu. Mərkəzdə yaradılmış şəraitlə tanış olan mediatur iştirakçılarının nəzərinə çatdırıldı ki, beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlığını həyata keçirən mərkəzdə ötən dövr ərzində tələbələrə 9 istiqamət üzrə texniki peşə, 2 istiqamət üzrə isə yüksək-texniki peşə təhsili tədris olunub. 2021-2022-ci tədris ilindən etibarən isə tələbələr həm texniki, həm də yüksək texniki peşə təhsil səviyyəsi üzrə hər birində 11 istiqamət olmaqla müxtəlif ixtisaslarda tədris ala biləcəklər.
Mediatur çərçivəsində peşə təhsili müəssisələrini bitirmiş və müxtəlif istiqamətlər üzrə uğurlu karyera quran məzunlarla görüş də baş tutdu. Görüş zamanı qonaqların təcrübəsi dinlənilib və peşə təhsilində hazırda olan vəziyyət, gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı.
Təhsil Mərkəzində tələbələrin təcrübədə istifadə etməsi üçün (söküb-yenidən yığılması) Koreyadan avtomobillər gətirilib. Avtomobil diaqnostikası və təmiri ixtisası üzrə təlimçi Elvar Baxşıyev bu barədə məlumat verərkən dedi ki, bu emalatxana avtomobillərə texniki qulluq və təmirlə yanaşı korpus təmiri, həm də rəngləməni öyrədir: “Müəyyən müddət ərzində tələbələr bu elektrik simulyatorlar üzərində təcrübə aparırlar. Baş vermiş problemləri araşdırıb diaqnostika edirlər. Elektrik sahəsi, eləcə də avtomobillərə, mühərriklərə texniki qulluq, şəxsi sistemlərə texniki qulluq və onlarda baş verən problemləri axtarmaq , həll etmək öyrədilir. Eyni zamanda bunun sirlərini öyrənmək üçün ən müasir avadanlıqlar var. Tələbələrimiz avadanlıqların hər biri ilə tanış olur və onların iş prinsiplərini öyrənirlər”.
E. Baxşıyev onu da əlavə etdi ki, gələcəkdə bu müəssisəni bitirən tələbələr rahat şəkildə ölkəmizdə fəaliyyət göstərən avtomobil firmalarının rəsmi texniki servis mərkəzlərində işləyə biləcəklər:
“Azərbaycanda fəaliyyət göstərən peşə təhsil mərkəzlərinin tədris planı əsasən nəzəri və praktiki hissədən təşkil olunur. Amma Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 70 faiz praktik təlimlər, 30 faiz isə nəzəriyyə tədris olunur. Bundan əlavə, müəssisəmizdəki təchizat və avadanlıqlar Azərbaycanın digər peşə təhsil müəssisələrinin heç birində yoxdur. Müəllimlərin hər biri Koreyada təlim keçib. Mən də daxil olmaqla bütün müəllimlər oranın sertifikatını qazanmışıq”.

Təlimçi Rəşad Çopsiyev isə bildirdi ki, mərkəzdə tələbələrə avtomatlaşdırma sıfırdan öyrədilir:
“Təlimlərə əsasən 11-ci sinfi bitirən şagirdlər qatılır. Biz əsasən proqramlaşdırma sahəsini, HMİ -ları dizayn etməyi öyrədirik. Eləcədə, bu gün üçün lazım olan “Dron” texnologiyalarının təlimi də keçirilir. Eyni zamanda, bizdə robotqolların işlənməsi də təlimlərdə öyrədilir. Hazırda avtomobil sənayesində insan əməyindən deyil, robotqollardan daha çox istifadə olunur. Biz də tələbələri bu istiqamətdə hazırlayırıq”.
Qeyd edək ki, 10 avqust tarixindən peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilib. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
Afaq Mirayiq,
Elçin Əkbərov
Musavat.com






