Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikov iki böyük bankdan kredit almaq istəyib, lakin ona “yox” cavabı verilib. Musavat.com xəbər verir ki, bu barədə nazir özünün Instagram hesabına yazıb.
Nazir ölkədə mikro və kiçik sahibkarlara ayrılan 0 faizli güzəştli kreditlərin nə qədər əlçatan olduğunu yoxlamaq üçün banklara üz tutub. Banklardan birində ona hələ hökumətin kreditlərin ayrılmasına dair sərəncamı imzalamadığı deyilib. Digər bankdan isə ona krediti yalnız mayda verə biləcəklərini bildiriblər. Bu cavablardan hirslənən nazir həmin bankların rəhbərliyinə zəng vurub. Onun sözlərinə görə, ölkədə mikro və kiçik sahibkarlığa ayrılmış kreditlərin ünvana çatması ilə bağlı vəziyyət çox problemlidir. Belə ki, ümumi məbləği 24 milyard rubl olan 3,5 min kredit müraciətinin yalnız 400 milyon rublluq hissəsi təmin olunub. 1,1 milyard rublluq hissəyə isə razılıq verilsə də, pullar hələ sahibkarların hesabına köçürülməyib.
Qeyd edək ki, bu problemi biznes-ombudsman Boris Titov və prezident Vladimir Putin də qeyd etmişdilər. Dünən bankların sahibkarlara çatacaq vəsaitləri ayırmağa meylli olmadıqlarını bildirən prezident mexanizmin daha da sadələşdirilməsini, həmçinin kreditləşmənin orta və iri sahibkarlıq subyektlərini də əhatə etməsini tapşırıb.
Dünya,
Musavat.com






