İğdır Azərbaycan Evi Dərnəyinin sədri: “Azərbaycan torpaqları işğalda olduğu müddətdə Alican sərhəd qapısı açıla bilməz”
Hrant Dink fondunun rəhbərlərinin İğdıra gələrək Ermənistan sərhəd qapısının açılması istiqamətində olan niyyətlərlə maraqlanmalarına, gizli görüşlər təşkil etmələrinə İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal sərt reaksiya verib.
S.Ünsal bildirib ki, işğal olunan torpaqlardan ermənilər çəkilmədiyi halda Alican sərhəd qapısı açıla bilməz.
“Hrant Dink Fondunun rəhbərləri “Türkiyə-Ermənistan sərhədi açılsın” demək yerinə “ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilsin və bölgədə sülh əldə olunsun” deyə bilərlər. Biz də onlara dəstək olarıq. İşğalçı Erməni dövlətini görməyən Hrant Dink Fondunun rəhbərləri sərhəd qapısı açılsın deyə bələdiyyə sədri ilə görüşüblər. Qeyri-hökumət təşkilatları ilə də görüşmək niyyətindədirlər. Iğdırda yaşayan biz Azərbaycan türkləri olaraq sərhəd qapısının açılmasını istəmirik. Bir tək şərtimiz var ki, yurdundan, evindən qaçmaq məcburiyyətində qalan bir milyon qaçqın işğal olunan torpaqlarına geri qayıtsın” sözlərini ifadə edib.
Sərhəd qapılarının açılması işğalçı Ermənistan dövlətinin Azərbaycan torpaqlarından çəkildiyi halda reallaşa bilər deyən Sərdar Ünsal: “ Bu mövzuda hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan və baş nazirimiz Əhməd Davudoğlunun “ Ermənilər işğal etdikləri torpaklardan geri çəkilməsə sərhəd qapıları açılmayacaqdır” şəklində açıqlamaları var. Hrant Dink Fondunun rəhbərləri bu mövzuya görə Türkiyə dövlətinə və bölgə əhalisinə təzyiq göstərə bilməz.”
Bu günlərdə ermənilərə heyranlıq yenidən baş qaldırmağa başlayıb deyən dərnək sədri onu da bildirib ki, “Halkların Demokratik Partiyası” nazirlərinin sərhəd qapısının açılmasında maraqları var.
“HDP-li nazirlər ermənilərə qarşı soyqırım edilib deyirdilər, indi isə sərhəd qapısı açılsın deyirlər. Bu həqiqəti hərkəs bilsin ki, türk milləti mərd bir millətdir. Onlar kimlərəsə qarşı soyqırım etməz. Həmçinin Böyük Ermənistan xəyalları quran ermənilərin gözü Iğdır, Qars, Van, Ərzurumda olduğu halda və Azərbaycan torpaqları işğal altında olduğu təqdirdə sərhəd qapıları açıla bilməz. Biz bunu qəbul etmərik!” sözlərini vurğulayıb.
S.Ünsal : “Ermənilər həqiqətən sülh əldə etmək və sərhəd qapısının açılmasını istəyirlərsə, işğal etdikləri torpaqlardan geri çəkilməlidir” – deyə bildirib.
“Alican sərhəd qapısını açaq, Ermənistan iqtisadi tərəfdən rahatlıq tapsın. Biz sərhəd qapısının açılmağını istəmirik. İqtisadi baxımdan Iğdıra heç bir faydası da olmayacaq. Hrant Dink Fondu əgər erməniləri fikirləşirsə, Ermənistana təzyiq göstərsin və onlar Azərbaycan torpaqlarından geri çəkilsin. Nəticədə, sərhəd qapısı açılar, ermənilər də rahat şəkildə gedib, gələ bilərlər.”
Musavat.com






