İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan” yazılmış forma ilə faşist salamı verilə bilər

2722 28.03.2015 09:10 İdman A A

Tərəflər razılığa gəlsə, klub titul sponsorluğuna görə 40 milyon avro alacaq. Bu istiqamətdə ilkin danışıqlar “Bakı-2015"in Romada təqdimatı zamanı, martın 5-də baş tutub. Hazırda müzakirələri Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov aparır. Müqavilə şərtlərinə əsasən, paytaxt klubuna əvvəlcə 12 milyon avro ödənəcək. Sportnet.az-ın ”Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, söhbət yaxın 3 il ərzində Roma təmsilçisinin forma reklamından gedir. 

İtaliyalı həmkarlarımız pulu verəcək şəxsin adını açıqlamayıb. Klubun formaları üzərində “Land of Fire Azerbaijan” sözlərinin yazılacağı güman edilir. Hərçənd sponsorun yenə Hafiz Məmmədov olacağı göstərilmir. O da bildirilir ki, “Hafka” ləqəbli iş adamı 2012-ci ilin sonlarında İspaniya “Atletiko”su ilə anlaşmazdan əvvəl məhz İtaliya klubu ilə təmasda olub. 
Deputat İqbal Ağazadə hesab edir ki, bu işi kimin həyata keçirdiyini əvvəlcə müəyyən etmək lazımdır. Onun sözlərinə görə, hər hansı kommersiya şirkəti edirsə, bunu bəyənmək olar. Deputatın fikrincə, danışıqlarda səfir iştirak edirsə, bu, qanun pozuntusudur: “Biz bilmirik ki, bu ideya hər hansı şirkətin layihəsidir,  yoxsa AFFA tərəfindən həyata keçirilir? Əvvəlcə sifarişçi açıqlanmalıdır. Çünki ayrı-ayrı maraqlardır. Səfirin isə belə bir danışıq aparmaq səlahiyyəti yoxdur. Diplomatik korpusun nümayəndəsi kommersiya işi ilə bağlı vasitəçilik edirsə, onda yanlışdır. Bu halda Xarici İşlər Nazirliyi müdaxilə etməlidir”.

Komanda.az saytının redaktoru, tanınmış idman yazarı Natiq Muxtarlının fikrincə, “Latsio” ilə müqavilə ideyasının kimə məxsus olduğu bilinmir: “Amma bu ideyanın sahibi ən azı bir məqamı da nəzərə almalıydı. Bilməliydi ki, ”Latsio" faşist təmayüllü insanların klubu hesab olunur. Belə bir kluba sponsorluq etmək isə Azərbaycana heç bir divident gətirməyəcək. Təsəvvür edirsiniz, “Latsio”nun oyunçusu qol vurur və üzərində “Azərbaycan” yazılmış forma ilə faşist salamı verir".


İdman yazarı deyir ki, azərbaycanlı oliqarxlar hansısa maraqlar naminə əcnəbi klublara sponsorluq edirlər: “Amma onlar heç bir vəchlə Azərbaycan futboluna sponsorluq etmək istəmirlər. ”Latsio"ya ayrılacaq vəsaitə Azərbaycanın 40 kənd və qəsəbəsində kiçik futbol məktəbləri açmaq olardı. 

Regionlarda olan futbol veteranları dəfələrlə AFFA-ya müraciət edərək minimum tələblərlə - topla, forma ilə təmin olunmalarını istəyiblər. Amma nə fayda?  AFFA-nın vitse-prezidenti Rauf Əliyev hər il büdcədən 160 min manatı hansısa Danimarka təşkilatının hesabına köçürdür. Guya o təşkilat gəlib Azərbaycanda futbol düşərgəsi açacaqmış".

N.Muxtarlı sual edir: “Azərbaycanlı oliqarxlar da yatırımı Azərbaycan futbolunun gələcəyinə qoymaq əvəzinə, əcnəbi klubları yedizdirirlər. Bununla kimə, nəyi sübut etmək niyyətindədirlər? Bu il prezidentin 2005-ci ildə imzaladığı futbolun inkişafı ilə bağlı 10 illik dövlət proqramının icra müddəti başa çatır. Nə iş görülüb bu müddətdə? 10 gün ərzində Azərbaycanın U-16, U-17, U-19 milliləri 5 oyun keçirib, hamısında məğlub olublar, 18 qol buraxıblar, bir qol da vura bilməyiblər".

E.SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR