Suriya hökuməti Qərbin təhdidlərindən sonra geri çəkilərək İdlibə “köhnə taktikanı” tətbiq edir
Ötən həftə Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya toplantısından sonra İdlibə gözlənilən əməliyyat başlamadı. Halbuki əksəriyyət Tehran sammitindən sonra İdlib əməliyyatının başlayacağını gözləyirdi, çünki Türkiyə prezidentinin etirazlarına baxmayaraq Rusiya və İran tərəfi İdlibdə əməliyyat qərarını qətnaməyə saldılar. Ancaq indi hava və qismən də qurudan kiçik miqyaslı bombardman istisna olmaqla, İdlibdə hərbi hərəkətlilik dayanıb.
Doğrudur, Suriya ordusu hələ də İdlib ətrafına zirehli texnika daşımaqda davam edir. Hər iki tərəfin mediası savaş hazırlığı ilə bağlı kadrlar yayır. İdlibdəki silahlılar bir tərəfdən silahlı müqavimət göstərəcəklərini nümayiş etdirən təlim videoları yayır, digər tərəfdən isə İdlibə olası kimyəvi hücumla bağlı təhlükə barədə xəbərdarlıq edirlər.
Ancaq İdlib əməliyyatına hazırlaşan təkcə onlar deyil. Sentyabrın 1-8-i arası Rusiya hərbi dəniz donanması Aralıq dənizinin şərq sahillərində, Suriya yaxınlığında dənizdə taktiki təlimlər keçirdi. Rusiya aviasiyası hərəkətə keçib və İdlibdəki nöqtələri məhdud sayda təyyarələrlə vurmaqda davam edir.
Amerikalılar da Suriyanın şimalında kürdlərin nəzarətində olan bölgədəki bazalarda hərbi qüvvələrin sayını artırıb. ABŞ prezidenti isə növbəti dəfə bəyan edib ki, İdlibdə kimyəvi silahdan istifadə edilərsə, o, ABŞ qüvvələrinə Əsəd güclərini bombalamaq əmri verəcək. Oxşar bəyanatla Suriyada 5 hərbi bazası olan Fransa da çıxış edib. Son günlərə qədər çəkingən bəyanatlar verən Almaniyanın müdafiə naziri də bildirib ki, İdlibdə kimyəvi silah hücumu olarsa, Almaniya Bəşər Əsəd qüvvələrini vuracaq.
Belə görünür ki, indi İdlib əməliyyatının əsas açarı kimyəvi silahdır. Əgər Əsəd İdlibdə kimyəvi silahdan istifadə edərsə, ABŞ, Fransa, Almaniya kimi ölkələr Suriya ordusunu vurmaqla hədələyir. Eyni zamanda aydındır ki, dünya ölkələri, o cümlədən Türkiyə Rusiya ilə əməkdaşlığı dayandıra bilər, ya da ən azı müttəfiqlik öhdəliklərindən çəkilə bilər. Bu səbəbdən də indi İdlibdə əsas həssas məsələ kimyəvi silahın nə zaman istifadə olunacağı ilə bağlıdır. Ruslar və Suriya hakimiyyəti isə bəyan ediblər ki, İdlibdə növbəti “kimyəvi hücum” təşkil olunacaq və bununla da Dəməşqi hədəfə alacaqlar.
Bu arada Böyük Britaniyanın nüfuzlu “İndependent” qəzetinin məşhur Yaxın Şərq müəllifi Robert Fisk ötən gün yayınladığı yazısında İdlib vilayətində hərbi hissələri gəzdiyini, ancaq Suriya ordusunda hər hansı kimyəvi silah hazırlığı, əleyhqaz görmədiyini qeyd edib.
O da məlum olub ki, Suriya ordusu İdlib ətrafına 40 minə qədər əməliyyat qüvvələri toplayıb. İdlibdə isə 30 min, bəzi məlumatlara əsasən isə 70 minə yaxın silahlı var. Bu silahlıların bir hissəsi son iki il ərzində Hələb, Dəməşq ətrafı və cənubda Dəra bölgəsindən çıxarılıb İdlibə göndərilən qüvvələrdir. Hazırda vilayətdə 3, bəzi mənbələrə görə 4 milyon insan var. Müharibədən əvvəl isə İdlibdə 1,5 milyona yaxın insan yaşayıb. Belə görünür ki, ruslar və Suriya ordusu İdlibdə də “köhnə takrikanı” işə salıb. Yəni havadan və qurudan bombalamaqla təzyiq göstərmək, bir müddətdən sonra silahlıların çarəsizlikdən bölgəni tərk etməyə məcbur qalması.
Ancaq bir məsələ var ki, Suriyanın digər bölgələrində bu metod ona görə uğurlu oldu ki, silahlıları mövqelərini tərk edib İdlibə köçürdülər. Ancaq indi artıq köçürüləcək yer yoxdur, ay da köçmək üçün uyğun yer qalmayıb. İdlib itirilərsə, oradakı “əl-Qaidə” terrorçuları da daxil olmaqla, bütün silahlılar Türkiyəyə keçməli olacaq. Ancaq Türkiyənin bu qədər təhlükəli silahlını qəbul etməsi mümkün deyil. Ancaq maraqlıdır ki, Suriyanın cənubunda silahlıların yerləşdiyi bölgədə fəaliyyət göstərən “ağ dəbilqəlilər” qrupunun üzvləri İsrail və İordaniya üzərindən Avropaya, bir qismi isə Kanadaya köçürülüb.
Görünür ki, Türkiyəni narahat edən İdlibdə əməliyyat başladıqdan sonra terrorçuların mülki əhaliyə qarışıb Türkiyəyə daxil olması riskidir. Bu arada İdlibdəki terrorçular video yayaraq Türkiyə hökumətini İdlibi qorumayacağı təqdirdə Türkiyəyə sızacaqları ilə hədələyib.
Hələliksə Suriya hökumət qüvvələri İdlibdəki silahlılara təzyiqi artırır. Artilleriya və aviasiya İdlibi bombalayır. Ancaq böyük savaş hələlik yoxdur. Çünki əməliyyatın başlaması ciddi risk tələb edir.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”






