Nyu-Yorkda “İda” qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında “İda” qasırğası səbəbindən güclü leysan və daşqınlar baş verib, nəticədə metro stansiyalarını su basıb, qatarların fəaliyyəti, həmçinin hava limanında uçuşlar dayandırılıb. Sosial mediada yayılan görüntülər fəlakətin çox böyük ölçüdə olduğunu bir daha təsdiqləyib.
Artıq hər iki ştatda fövqəladə vəziyyət elan edilib. Nyu-Cersi ştatının bələdiyyə başçısı Hektor Lora 1 nəfərin boğulduğunu, 9 evin fırtına səbəbi ilə dağıldığını açıqlayıb.
Təxminən 8,5 milyon insanın yaşadığı Nyu-York şəhərinin bələdiyyəsinin başçısı Bill de Blasio isə qeyd edib: "Bu gecə şəhər daxilində şiddətli yağış və daşqın, yollarda təhlükəli vəziyyət ilə üz-üzə qaldıq”. Bələdiyyə başçısı sosial şəbəkə hesabından əhaliyə müraciət edərək çölə çıxmamağı tövsiyə edib.
Xalidə Gəray
Musavat.com






