Onun sözlərinə görə, bu addım insanların mitinqə gəlməsinin qarşısının alınması üçün bilərəkdən atılıb. G.Aslanlı deyir ki, video görüntülərdə sürücülər deyir ki, onlara tapşırıq verilib ki, mitinq günü saat 15-ə kimi işləməsinlər: “Nəqliyyat Nazirliyi bu olaya konkret bir səbəb göstərə bilmir. Gah deyir sərnişinlərin təhlükəsizliyi baxımından avtobuslar xətdən çıxarılıb, gah da deyir ki, ola bilsin bəzi sürücülər həmin əraziyə getməkdən imtina edib”.
Müsavat başqanının müavini deyir ki, İctimai Palatanın toplantısında bu məsələ vəkillərlə müzakirə olunacaq: “Birgə müzakirədən sonra Nəqliyyat Nazirliyini məhkəməyə verəcəyik”
Qeyd edək ki, aprelin 8-də metronun “Sahil” stansiyası istiqamətindən və digər yerlərdən Bibiheybət istiqamətinə işləyən marşrut avtobuslarının çoxu xətdən çıxarılıblar, bir sıra avtobus sürücülərinə isə həmin əraziyə yaxın yerdə avtobusu saxlamağa imkan verilməyib.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məsələ ilə
bağlı “musavat.com” a verdiyi açıqlamada bildirdi ki, məsələnin şişirdilərək siyasiləşdirilməsinin əleyhinədir. Onun sözlərinə görə aprelin 8-də nəqliyyatla bağlı təkcə “20-ci sahə”də yox, şəhərin başqa yerlərində də belə problemlər olub. Amma, konkret Bayıl istiqamətində hansısa avtobusların marşrutdan çıxarılması barədə heç bir rəsmi qərar olmayıb. Belə bir addım atılırsa, bunun üçün əvvəlcədən rəsmi hərəkət sxemləri təsdiqlənməlidir. Belə bir şey olmayıb: “Mən hələ bu məsələni tam araşdıra bilməmişəm. Elə şeylər var ki, onu dəqiqləşdirmək lazımdır. Göstəriş olmayıb. Amma hər halda belə bir şey baş veribsə, inanmıram ki, bu, mitinqə mane olmaq, yaxud sərnişinlərin ora axınının qarşısını almaq üçün edilib. Dünən marşrutların hamısı işləyib. Ola bilsin, sürücülərin getmək marağında olmayıb, xətdən yayınıblar. Ola bilsin, doğrudan da göstəriş verilib ki, sərnişinlərin təhlükəsizliyi baxımından mitinq yerinə tam yaxınlaşılmasın. Nə məsələ olduğunu hər halda araşdıracağıq”.
Namiq Həsənov deyir ki, adətən təkcə mitinq yox, ümumiyyətlə kütləvi tədbirlər keçirilən istiqamətlərdə avtobusların hərəkət cədvəlinə yenidən baxılır. Çünki bu, sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir. O deyir ki, “Eurovision” mahnı müsabiqəsi zamanı da şəhərin müxtəlif istiqamətlərində yollar bağlanacaq. Amma bu, o anlama gəlməməlidir ki, camaatı müsabiqəyə buraxmamaq üçün belə edilir.
Fərahim İLQAROĞLU






