İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai nəqliyyatda vahid kart sistemi tətbiq edilir - REPORTAJ, FOTOLAR

3379 29.04.2015 16:21 Reportaj A A

Musavat.com-un əldə etdiyi məlumata görə, Bakı Metropolitenində bir sıra yeniliklər ola bilər. Belə ki, sərnişinlərin istifadə etdiyi metro kartları dəyişdiriləcək. Yaxın müddət ərzində mövcud kartlar vahid kartlarla əvəz ediləcək.

Belə ki, Bakının ictimai nəqliyyatında gediş haqqının ödənilməsi üçün vahid ödəniş kartları yaxın günlərdə istifadəyə veriləcək. Qonşu dövlət olan Gürcüstanda olduğu kimi, Azərbaycanda da nəqliyyat vasitələrindən eyni bir kartla istifadə olunacaq.

İlk mərhələdə vahid ödəmə kartlarını həm metropoliten, həm də avtobuslarda istifadə etmək mümkün olacaq. Daha sonra isə həmin kartlardan digər nəqliyyat vasitələrində istifadə edilməsi də nəzərdə tutulur.

Artıq Bakı Metropolitenin stansiyalarında “Bakı Kart” adlı yeni hesab ödəmə cihazları yerləşdirilib. Bu ödəmə terminalları hələlik fəaliyyətə başlamayıb. Yeni kartlarla bağlı vəziyyəti öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. 

N.Paşayev musavat.com-a bildirdi ki, bu məsələ hələlik tam dəqiqləşməyib: "Hə, belə bir məsələ var. Amma hələ ki, texniki işlər gedir. Yeni kartların istifadəyə verilmə tarixi, köhnə kartların aqibəti, istifadə qaydaları hələlik məlum deyil. Vahid kart sisteminə keçid mərhələsi var. Bu tam bitmədən nəsə məlumat vermək düzgün olmaz. Ancaq bildiyim qədəri ilə bu kartlar hələ ki, “Bakubus” MMC və Bakı Metropoliteninə aid ediləcək. Yaxın zamanlarda köhnə kartların taleyinin necə olacağı, yeni kartların istifadəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək". 

Əldə etdiyimiz məlumatlara görə, kartın qiyməti 2 manatı sığorta depoziti, 1 manatı isə balansa yüklənən gediş haqqı olmaqla 3 manatdır. Yəni, sərnişinlər yeni kart almaq üçün 3 manat ödəməli olacaqlar. Kartı geri qaytardıqda isə kartın öz qiyməti olan 2 manat (balans sıfır olarsa) kart sahibinə geri ödənilir. 

İlkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər yeni kartlardan da istifadə ediləcək. Sonradan isə artıq köhnə kartların istifadəsi dayandırılacaq. 

Eyni sistem avtobuslarda da tətbiq ediləcək. Bu il mayın sonunda Bakının 6 sərnişin avtobusunda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılacaq. "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən musavat.com-a verilən məlumata görə, sistemin tətbiqi üzrə ilkin tədbirlər yekunlaşmaq mərhələsindədir. Ödənişli nəqliyyat kartlarının satışına mayın sonundan etibarən başlanacağı bildirilir.

Verilən məlumatda deyilir ki, 10 avtobusda müvafiq avadanlığın quraşdırılması artıq başa çatıb: "Nağdsız ödəniş sisteminin tətbiqi üzrə iş prosesində Bakının mərkəzi hissəsində 29 marşrut xəttində işləyən iri tutumlu "Daewoo" markalı 515 avtobus müəyyənləşib. Həmin avtobuslarda elektron ödənişlərin həyata keçirilməsi üçün "Validator" tipli avadanlığın quraşdırılmasına başlanılıb. 

Hazırda sınaq mərhələsindən keçən 52 nömrəli marşrut üzrə işləyən 10 avtobusda müvafiq avadanlığın quraşdırılması artıq başa çatıb. Nağdsız ödəniş sistemi mayın sonunda 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək. Bu mərhələ yekunlaşdıqdan sonra şəhərətrafı marşrut xətlərində işləyən avtobuslarda zəruri avadanlığın quraşdırılması üzrə tədbirlər görüləcək".

Vahid kart sisteminə keçid, bir çox problemlərin həlli deməkdir. Artıq avtobus sürücüləri biri-biriləri ilə yarışa çıxaraq, sərnişinlərin həyatlarını təhlükəyə atmalı olmayacaqlar. Bu günə kimi sürücülərə gündəlik plan qoyulurdu. Sürücülər həmin planı ödəmək üçün biri-biriləri ilə ötüşür, istənilən yerdə dayanaraq, sərnişin götürürdülər. Amma vahid kart sistemi tətbiq edildikdən sonra bütün bu qanun pozuntularına ehtiyac qalmayacaq. 

Amma burada bəzi suallar da ortaya çıxır. Bakıda sərnişin daşınması ilə məşğul olan şirkətlərdən bəziləri özəldir. Nəzərə alsaq ki, “Transqeyt” MMC şirkəti nəqliyyat Naziri Ziya Məmmədova məxsusdur, burada yeni kartın tətbiqi ilə bağlı problem yaşanmaya da bilər. “BakuBus” MMC isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Və bu şirkətdə sürücülərdən gündəlik plan tələb edilmir. Onlara aylıq 700 manat maaş verilir.

Çinar-Trans" MMC şirkəti bu yaxınlarda Bakıya yeni avtobuslar gətirib. Həmin avtobuslarda kart sistemi quraşdırılsa da, istifadə edilmir. Kartlardan istifadə edilməməsinin bir neçə səbəbi var. 

İlkin olaraq bu, plan qoyulan sürücülərə sərf etmir. İkinci məsələ isə sərnişinlərlə bağlıdır. Heç kim kart almır. İnsanlar nağd ödənişə alışıblar. Amma kart sistemi məcburi şəkildə tətbiq edilərsə, bütün bunları aşmaq olar. Təbii ki, özəl şirkətlərlə anlaşmaq yolu ilə... 

Çünki bu şirkətlərdə sürücülərə gündəlik plan qoyulur. Kart sistemi onlara sərf etmir. Buna “Xaliq Faiqoğlu” MMC və "Çinar-Trans" MMC kimi özəl şirkətləri misal gətirmək olar. Amma şirkətlərlə anlaşılarsa, bu məsələ asan yolla öz həllini tapar. 

Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR