Qeyd edək ki, rayon icra hakimiyyətləri bu müsabiqələri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə keçirir. Müsabiqə elanlarında bildirilir ki, burada məqsəd rayonun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Ekspertlər isə bu qədər uzun bir məqsədin arxasında əslində rayonla bağlı mənfi məqamları ört-basdır etməyin dayandığını bildirirlər. Onların fikrincə, əslində KİVDF-nin təşkilatçılığı ilə rayon icra hakimiyyətlərinin başçılarının baş redaktorlarla görüşü də məhz buna xidmət edir. Həmin görüşlərdən dərhal sonra da KİVDF rayon icra hakimiyyəti ilə birgə təşəbbüs göstərərək tərifli jurnalist müsabiqəsi elan edir.
Ekspertlər dövlət qurumları tərəfindən bu cür müsabiqələrin keçirilməsinin əleyhinədir. “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin sözlərinə görə, bu cür müsabiqələrin keçirilməsində icra hakimiyyətləri yox, jurnalist qurumları günahkardır: “Rayon icra hakimiyyətlərində ağıllı adamlar oturub və əlbəttə, özlərinin tənqidinə yox, xeyrinə olan müsabiqələr keçirməlidir. Əksinə olsaydı, mən təəccüblənərdim. Mən günahı onlarda görmürəm, günahı jurnalist təşkilatlarında görürəm. Çünki bütün özünə hörmət edən KİV-lərin və yaxud ölkələrin peşə etikası kodekstində göstərilir ki, birmənalı şəkildə jurnalist bu müsabiqədə iştirak etməməlidir. Beynəlxalq təcrübədə belədir ki, birmənalı olaraq jurnalistlər ayrı-ayrı dövlət orqanlarının elan etdikləri müsabiqələrdə iştirak etmirlər və həmin orqanlardan mükafat almırlar. Beynəlxalq təcrübədə dövlət strukturları özləri birbaşa bu cür müsabiqələr elan etmirlər. Müsabiqənin keçirilməsi hansısa müstəqil qurumlara həvalə edilir, onlara sifariş verilir. Ona görə də jurnalistlər bu məsələdə icra hakimiyyətini qınamaqdansa, öz papaqlarını qabaqlarına qoyub fikirləşsinlər. Çünki bu cür tərifli müsabiqənin keçirilməsində icra hakimiyyəti maraqlıdır. Jurnalist fikirləşməlidir ki, həmin müsabiqə kim tərəfindən - müstəqil təşkilat, yoxsa dövlət qurumu tərəfindən keçirilir? Müsabiqədə iştirak etmək olar, ya yox?”
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə bildirdi ki, jurnalistlərin bu cür müsabiqələrə marağı böyükdür: “Müsabiqələrə kifayət qədər yazı verirlər. Artıq müsabiqələr yekunlaşır. İyulun 12-də Nizami rayonu, 16-da isə Nəsimi rayonu ilə bağlı elan etdiyimiz müsabiqəyə yekun vurulacaq”. O, müsabiqə mövzusu ilə bağlı narazılara sərt cavab verdi: “Mövzular seçilib, necə qoyulubsa, o cür də olmalıdır. Adın dəyişdirilməsinə icazə verilmir. Buna ehtiyac da yoxdur. Məsələn, ”Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqə elan edilib. Bundan yaxşı mövzu? O mövzu hər şeyi əhatə edir, inkişafı, reallığı, gələcək planları... Kimin mövzularla bağlı iradı varsa, mənə zəng edib bildirsin, özüm cavabını verəcəm. Tərcüməçi tutmaq lazım deyil".






