İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra hakimiyyətlərində informasiya qapalılığından yazdıq, reaksiya gəldi – MÖVQE

913 03.06.2020 13:13 Son xəbər A A

Bu günlərdə saytımızda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı tədqiqat əsasında hazırlanmış “Dörd rayonun icra başçısının büdcə xərclərini gizlətməsi üzə çıxdı-monitorinqin müdhiş nəticəsi” adlı yazı yayımlanıb. 

Xatırladaq ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən 8 istiqamət üzrə 37 indikator müəyyən edilərək onlar əsasında Mingəçevir, Yevlax, Xaçmaz və Bərdə rayonlarında həyata keçirilən büdcə xərcləmələrinə dair məlumatların açıqlıq səviyyəsi qiymətləndirilib. Tədqiqat göstərib ki, bu sahədə çox ciddi problemlər, qapalılıq mövcuddur.

Material yayıldıqdan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Sahib Əliyev redaksiyamıza müraciət edərək, onların mövqeyinin dərc olunmasını xahiş edib. S.Əliyev qeyd edir ki, cari ilin fevral ayında Mingəçevir şəhərinin 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə şəhər İcra Hakimiyyəti başçısının hesabatı olub: “Hesabatda il ərzində görülmüş işlər və sərf olunan xərclər öz əksini tapmışdır. Həmin hesabat bütünlükdə Mingəçevir şəhərinin iqtisadi-siyasi qəzeti olan “Mingəçevir” qəzetində çap edilmiş və şəhər əhalisinə çatdırılmışdır. Həmin hesabatın mətni “Mingəçevir” qəzetinin facebook səhifəsində və hesabatla bağlı ətraflı məlumat “Mingəçevir işıqları” qəzetində verilmişdir. Eyni zamanda həmin materiallar “Azərbaycan”, “Xalq”, “Respublika” qəzetlərində dərc edilmişdir. Materialın tutumuna görə hesabat şəhər İcra Hakimiyyətinin saytında yerləşdirilməmişdir. Hesabatın müəyyən qismini, xüsusən iqtisadi göstəriciləri Sizə də göndərə bilərik”.
Daha sonra İH rəsmisi hesabatdan görülmüş işlərə dair məlumatları təqdim edir: “Ölkə iqtisadiyyatında 2019-cu ildə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər, hesabat dövründə Mingəçevir şəhərində də dinamik inkişafına öz müsbət təsirini göstərmişdir. İlin əvvəlindən şəhərin sənaye müəssisələrində 315,2 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 milyon manat və ya 3,2 faiz artım deməkdir. İstehsal olunmuş məhsulun 294,1 milyon manatlığı dövlət müəssisələrinin, 21,1 milyon manatlığı qeyri-dövlət sektorunun payına düşür. İstehsal sahələrində orta aylıq əmək haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 477,5 manat təşkil etmişdir.

Ötən il şəhər miqyasında tikinti-quraşdırma işlərinə 67,7 milyon manat, əsas kapitala 73,2 milyon manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəlmiş investisiyaların 68,3 milyon manatını dövlət mülkiyyəti, 4,9 milyon manatını qeyri-dövlət mülkiyyəti təşkil edir. Rabitə xidmətləri keçən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz artaraq 1,6 milyon manat təşkil etmişdir. Nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisə və fiziki şəxslər tərəfindən il ərzində yükdaşımalar 0,6 faiz artaraq 808 min ton, sərnişin daşınması isə 2,4 faiz artaraq 36,2 min nəfər təşkil etmişdir.

İl ərzində 9 hündürmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri təmir olunmuş, küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 142733 kv.metr sahəyə yeni asfalt örtük salınmışdır. Hesabat ilində yol və səkilərə 24618 metr müxtəlif ölçülü beton səki daşları düzülmüş, Təbriz, Naxçıvan, Natavan, Hacıbəyov, N.Nərimanov, Nəsimi küçəsinin bir hissəsinə asfalt örtükləri salınmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin Mingəçevir şəhərinə diqqət və qayğısını mingəçevirlilər daimi hiss edir. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 05 fevral sərəncamı ilə Mingəçevir şəhərində 10 hündürmərtəbəli yaşayış binasının 16 ədəd istismara yararsız liftlərinin dəyişdirilməsi və zəruri təmir işlərinin aparılmasına 882 800 manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitə uyğun olaraq şəhərin V.Abdullayev küçəsi 2, 4, N.Rəfibəyli küçəsi 4, 6, 11, 13/1, 20 Yanvar küçəsi 18, 14 və C.Əliyev küçəsi 12 saylı yaşayış binalarının liftləri təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.

Ötən ilin sonunda mingəçevirlilər bu diqqətin bir daha şahidi oldu. Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında cənab Prezidentin 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə 4 yaşayış massivini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılmışdır. Ayrılmış vəsait hesabına şəhərin ən ucqar ərazilərinin avtomobil yollarının asfaltlanması işlərinə başlanılmışdır.
Ümumilikdə 21 nümunəvi məhəllə yaradılmış, 35 yaşayış binasının 94 giriş və fasad hissələrində əsaslı təmir işləri aparılmışdır. Nümunəvi məhəllələrdə idman qurğuları qoyulmuş, yaşlı insanların və uşaqların istirahəti üçün şərait yaradılmışdır”.

S.Əliyevin yazdığına görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası 2017-ci ilin yanvar ayından “Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib, ona görə də səhiyyə xərcləri şəhər İcra Hakimiyyətinin hesabatına daxil olmur: “Eyni zamanda Təhsil şöbəsində maliyyə hesabatları Yevlax şəhərində yerləşən 9 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən aparılır. Mədəniyyət müəssisələrinin xərcləri isə Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən tənzimlənir. Məqalədə qeyd olunur ki, rayon və şəhərlərin satınalma elanları və bağlanmış müqavilələr barədə məlumatlar yerləşdirilir. Yalnız icra olunmuş müqavilələrin nəticələrinə dair ətraflı məlumat olmur. Məsələyə münasibət bildirərək qeyd edirik ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi tələblərinə uyğun olaraq tender, kotirovka sorğusu qalibləri ilə bağlanmış müqavilələr vəsait göstərilməsi şərti ilə portalda yerləşdirilir və bu haqda portalda bildiriş də verilir. Nəticələrinin portalda yerləşdirilməsi barədə göstəriş yoxdur. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparılan işlər haqqında şəhər mətbuat nümayəndələrinin də iştirak etdiyi səyyari görüşlərdə və digər tədbirlərdə açıq şəkildə əhalini məlumatlandırır və şəhərdə aparılan abadlıq-quruculuq işləri mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin saytında işıqlandırılır.

Saytınızda qeyd olunan təklif, irad və tövsiyələri nəzərə alaraq gələcəkdə elektron versiyalarımızda həmin məsələlər barədə ətraflı məlumatlar veriləcəkdir”.

İqtisadiyyat şöbəsi,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR