İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısından Hacıbala Abutalıbova köşk qadağası - FOTOLAR

3930 07.09.2015 20:02 Reportaj A A

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayonun mərkəzi hissəsinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən yeni qəzet köşklərinin qoyulmasını qadağan edib. 

Musavat.com-un məlumatına görə, icra başçısının qadağası ilə rayonun mərkəzi hissəsi sayılan Bakıxanovda (red. Razində) yeni qəzet köşklərinə rast gəlmək olmur.

Xatırladaq ki, bu köşklər paytaxt Bakıya 2011-ci ildən gətirilib. BŞİH tərəfindən qoyulan bu köşklər köhnə qəzet köşklərini əvəz etdi. Əvvəlcə qəzet və jurnal satışı üçün gətirilən köşklərdə indi su, şirniyyat, siqaret və gündəlik istifadədə lazım olan bir çox məhsul satılır. 
BŞİH-in Ticarət və Xidmət Departamentindən verilən açıqlamada bunu köşklərin öz xərcini ödəyə bilməməsi ilə əlaqələndirmişdilər.

2011-ci ildə ilk dəfə olaraq paytaxtda cəmi 4 qəzet köşkü quraşdırıldı. İndi isə hər metro stansiyanın çıxışında, insanların daha çox hərəkət etdiyi ərazilərdə, parklarda, avtobus dayanacaqlarında, ticarət mərkəzlərinin qarşısında xeyli sayda yeni köşk qoyulub və bu proses sürətlə davam etdirilir. Qeyd edək ki, bu köşklərin aylıq icarə haqqı minimum 1500 manatdır. Bu isə kifayət qədər gəlir deməkdir. Hazırda köşklərin quraşdırılması paytaxtın bütün rayonlarında həyata keçirilir. Yalnız Sabunçu rayonu istisna olmaqla.

2012-ci ilin aprel ayından Sabunçu rayonuna icra başçısı təyin olunan Adil Vəliyev rayonun mərkəzi hissələrində sürətli şəkildə təmir-söküntü işləri apardı. Bu proses indi də davam edir. Əsasən icra hakimiyyətinin binasının çevrəsində və mərkəzi küçələrdə olan yaşayış binaları yenidən üzləndi, yolların kənarlarında olan ticarət obyektləri ya söküldü, ya da yenidən təmir edilərək istifadəyə verildi.

A.Vəliyevin icra başçısı təyin edilməsi Bakıda köşklərin quraşdırılması prosesinin sürətləndiyi ərəfəyə təsadüf edir. Elə o zamandan rayon ərazisində köşklərin qoyulması qadağan edilib. Bu qadağa rayonun mərkəzi hissəsi sayılan Səməd bəy Mehmandarov, Sülh və bir neçə küçələrini əhatə edir.

Rayondakı müəmmalı köşk qadağasının səbəbini öyrənmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Fəxrəddin İsmayılov musavat.com-a bildirdi ki, rayon ərazisində köşklərin qoyulması ilə bağlı heç bir qadağa yoxdur.

İcra hakimiyyətinin rəsmisi əlavə etdi ki, BŞİH tərəfindən rayon ərazisində köşklərin qurulması ilə bağlı heç bir təklif edilməyib: “Əgər Bakı Şəhər İcra Hakimiyyətinin belə bir təklifi olsa idi, biz buna etiraz edə bilməzdik. Belə bir təklif olmayıb”.

Maraqlısı isə budur ki, BŞİH yüksək gəlir əldə edə biləcəyi halda bundan niyə imtina etsin?

Məsələyə BŞİH-dən də münasibət öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətinin mətbuat xidmətinə gün ərzində etdiyimiz zənglərə cavab verilmədi.

İlkin Muradov
Fotolar müəllifindir
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR