İnsanlara hürriyət, millətlərə istiqlal!

“İcra başçılarının əl-ayağı yığışdırılıb” - Aqil Abbas

2006 06.04.2019 08:00 Ölkə A A

“Bələdiyyələrə daha çox səlahiyyət verilsə, rayonlarda bir çox problem həllini tapar”

Bəzi icra hakimiyyəti orqanları, onların başçıları ölkədə gedən islahatlar kursuna zidd fəaliyyəti ilə diqqət çəkirlər. Yerlərdə belə icra başçıları narazılıq yaratmaqla etirazları özlərinə yox, hökumətə qarşı yönəltmiş olurlar.

Kimisi vətəndaşın torpağını satır, kimisi kortejlə gəzir, kimisi də 70 fəhlənin maaşını mənimsəyən məmura qahmar çıxır. Söhbət Şəmkirdəki sonuncu korrupsiya əməliyyatından gedir. Baxmayaraq ki, prezident icra başçılarını dəyişir, kadr islahatları aparır, yerdəyişmələr edilərək əyalətlərdəki narazılığın “buxarını” çıxarır, lakin rayonlardan şikayətlər gəlməkdə davam edir, məmur özbaşınalığından gileylənən vətəndaşlar prezidentə müraciətlər yazırlar.

Dövlət başçısı dəfələrlə icra başçılarına xəbərdarlıq edib, xalqla işləməyi tapşırıb, bahalı məclislər təşkil edən, övladları özlərini apara bilməyən məmurlara mesajlar verib, əhalini incidən icra hakimlərini cəzalandırıb, işdən azad edib. Ancaq rayonlardan şikayətlər gəlməkdədir.

Bu gün hətta özünü icra başçısı olduğu rayonun hökmdarı kimi aparıb, sahibkarından tutmuş kəndlisinə qədər, bütün rayon əhalisinə öz təbəəsi kimi baxan məmurlar var. Onların bu fəaliyyətləri nəticəsində əhali hakimiyyətdən narazı salınır, sahibkarlığın inkişafı əngəllənir, rayonların sosial-iqtisadi durumu pisləşir.

Bütün bunlar isə icra hakimiyyəti başçıları arasında da təmizləmənin aparılması zərurətini yaradır. Nə etməli, icra strukturları ilə bağlı siyasəti necə dəyişməli?

Bu mövzuda sualımızı cavablandıran deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, icra hakimiyyətlərinin prezidentin islahatlarına kölgə salmaması üçün birinci növbədə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır və yerli idarəetmə orqanı onların fəaliyyətinə müdaxilə etməməlidir. Onun sözlərinə görə, İH-lər bələdiyyələrin işinə qarışmamalıdır: “Bələdiyyələrə daha çox səlahiyyət verilsə, rayonlarda bir çox problemlər həllini tapar. Mən Türkiyədəki sistemi çox bəyənirəm. Türkiyədəki bələdiyyə sistemi gətirilməlidir.

Məsələn, Ağcabədidə böyük şirkətlər vergini rayona ödəmir. Onun mərkəzi Bakıdır deyə, vergi şəhərə yönəldilir. Ancaq həmin şirkətlər Ağcabədiyə vergi versələr, rayonda inkişaf gedər, artım olar, demirəm ki, rayon gülüstanlığa çevrilər, amma irəliləyiş hiss edilər. Bu gün 30-a qədər rayona dotasiya verilmir, icra başçılarının əl-ayağı yığışdırılıb. O söhbətlər yalandır ki, kimsə kortejlə gəzir. Əksinə, kənddə ölənin yasına getmək üçün hörmət olaraq icra aparatının işçiləri ilə bir yerdə polis rəisi, prokuror da gedir. Onlar avtobusla getməyəcəklər ki?”

Deputat deyir ki, ona Ağcabədi-Ağdamdan çox, başqa rayonlardan şikayətlər daxil olur: “Şəkidən, Masallıdan və başqa yerlərdən müraciətlər olur. Hamısı ilə məşğul oluram, kömək edirəm. Ancaq bəzən haqsız şikayətlər də olur. Məsələn, maraqlıdır ki, ən az Cəbrayıldan şikayət gəlir. Adam fikirləşir ki, görəsən onların dərdi yoxdur?”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR