İnsanlara hürriyət, millətlərə istiqlal!

İçərişəhər turist üzünə həsrət qalıb - FOTO

1947 22.01.2016 17:28 Son xəbər A A
Azərbaycanın tarixi məkanı sayılan İçərişəhər həm də turistlərin ən çox təşrif buyurduğu yerlərdəndir. Elə Bakının yerli əhalisi də asudə zamanlarında İçərişəhərə gedib, tarixi divarların əhatəsində yerləşən küçələri gəzirlər. Burada Azərbaycanın tarixini təkcə divarlar özündə əks etdirmir. Eyni zamanda ərazidə yerləşən kiçik mağazalarda, yol kənarında qoyulan sandıq formasında olan xüsusi yerlərdə ölkəmizin tarixinə aid müxtəlif əşyalar və suvenirlər satılır. 

Ölkədə yaşanan mövcud iqtisadi durum İçərişəhərdə bu kimi əşyaları satan şəxslərin də vəziyyətini pisləşdirib. Onlar bildirirlər ki, artıq İçərişəhərə demək olar ki, turist gəlmir. 
Satıcı Rusifin sözlərinə görə, sonuncu dəfə turistlərin üzünü yay aylarında, ölkədə Olimpiya oyunları keçirilən zaman görüblər:
“Sonuncu dəfə təxminən avqust ayı olardı ki, bir ingilisə suvenir satmışıq. Ondan sonra şəxsən mən burada turist görməmişəm. Ümumiyyətlə, Bakıda turist hər zaman o qədər də çox olmayıb. Ancaq əvvəllər yenə də ara-sıra rast gəlmək olurdu ki, indi o da yoxdur. Bizə turistlərin gəlməsi sərf edir. Çünki yerli camaata, tutalım ki, 2 manata satdığımızı turistə 5 manata sata bilirik. Ancaq dediyim kimi son zamanlar burada turistlərə rast gəlmək olmur. Eyni zamanda yerli camaat da artıq nəsə almağa meyl göstərmir. Son günlər vəziyyətimiz çox ağırdır. İndi deyəcəksiz ki, ağırdırsa, nə üçün buranı bağlayıb getmirsiz. İnanın ki, yeri itirməkdən qorxuruq. Deyirik ki, birdən bağlayıb gedərik, vəziyyət düzələr qalarıq işsiz. Kirayə haqqını da verə bilmirik. Bir-birimizdən borc alaraq güclə kirayə haqqını düzəldirik. Vəziyyət çox çətindir”.

Kirayə haqqına gəlincə isə satıcıların sözlərinə görə, İçərişəhərdə sandıq formasında olan suvenir satılan yerlərin bir aylıq kirayəsi 300 manatadır. Satıcılar bildirirlər ki, son zamanlar heç buradan ayda 300 manat qazanmırlar. Onlar pulu verə bilmədiyi üçün işləməkdən imtina edənlərin də olduğunu söylədilər. 

Qiymətlərə gəlincə isə burada suvenirləri 3-25 manat arasında dəyişən qiymətlərlə almaq olar. Xalçalar və qədimi qabların  qiyməti isə suvenirlərlə müqayisədə çox bahadır. Belə ki, qədimi papaqları 50-60, xalçaları 500 manata qədər, köhnə mis qabları isə 200 manatdan yuxarı olan qiymətlərlə almaq olar. 

İçərişəhərdə təkcə bu kimi əşyaları satanlar deyil, kafe sahibləri də müştəri azlığından gileylənirlər. Belə ki, orada yerləşən kafeləri elə kənardan müşahidə etdikdə də müştərisiz qaldığını görmək olar. Kafelərdə xidmətçilər artıq müştərisizlikdə qapıdan, pəncərədən boylanıb, gəlib-gedənə baxırlar. Onlar da bildirirlər ki, hər ildən fərqli olaraq, bu il heç Yeni il ərəfəsində də müştəri bolluğunun şahidi olmayıblar. İçərişəhərdə yerləşən kafelərin birində çalışan Musa adlı şəxs bildirir ki, sonuncu devalvasiyadan sonra bazarda məhsulların qiyməti qalxsa da onlar menyuda hər hansı bir dəyişiklik etməyiblər. Lakin buna baxmayaraq, müştərilərin azaldığının şahidi olublar:
“Bu hal getdikcə davam edir. Turist olduqlarını dəqiq bilməsəm də bizim kafeyə xaricilər tez-tez gəlirlər. Hətta hazırda içəridə bir müştəri var, o da xaricidir. Bu şəxs tez-tez bizim kafeyə gəlir. Ona görə deyə bilərəm ki, o turist deyil. Həm də qış aylarında burada turist tapmaq ümumiyyətlə çətin məsələdir. Heç havalar isti olan zaman da elə də çox turist olmur. Ancaq qışla müqayisədə vəziyyət yaxşı olur. Deyərdim ki, ötən ilin qışı ilə müqayisədə elə kafeyə gələn xaricilərin də sayında azalma var”.

Əli Rais, musavat.com
Fotolar müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR