İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahiməyovun Azərbaycana buraxılmayan adamı “Yeni Müsavat”a danışdı

3987 16.03.2014 17:31 Gündəm A A

Martın 16-da Əsəd Əliyevlə telefon əlaqəsi yaratdıq. O, haqqında yayılan xəbərlərin doğru olduğunu “Yeni Müsavat”a təsdiqlədi: “Martın 15-də Bakıya xeyir işə gedirdim. Səhər saat 10 radələrində gömrük məntəqəsini keçərkən məni saxladılar. Səbəbini soruşdum. Dedilər ki, probleminiz var. Məni keçid məntəqəsinin rəisinin yanına apardılar. Rəis mənə dedi ki, Azərbaycanın Daxili İşlər Nazirliyi səni iki cinayət işi üzrə axtarışa verib. Oradan məni Qazax Rayon Polis şöbəsinə apardılar. 7 saata yaxın orada saxlandım, sorğu-sual etdilər. Mənə aidiyyəti  olmayan suallar verirdilər.

Barəmdə hansı maddələrlə cinayət işi açıldığını soruşsam da, heç bir cavab ala bilmirdim. Dedilər ki, səni Bakıya göndərməliyik,  proses orada davam eləməlidir. Polis şöbəsinin rəisi Zöhrab İsmayılovun otağına aparıldım. Rəisdən tələb etdim ki, məni nə üçün saxladığınızı açıqlayın. Rəis dedi ki, sən səhv yoldasan, Milli Şuranı dəstləkləmisən, Rüstəm İbrahimbəyovla yaxınlığın var. Gürcüstanda Rüstəm İbrahimbəyovun görüşlərinin təşkilində rol oynamısan, bir sözlə Azərbaycanın daxilində gedən siyasi proseslərə müdaxilə edirsən. Mən isə dedim ki, Milli Şura ilə Rüstəm İbrahimbəyovla yaxın olmaq cinayət deyil, bir azərbaycanlı kimi Azərbaycanda demokratiyanın olmasını istəməyim də cinayət sayıla bilməz. Bildirdim ki, belə məsələlərə görə qondarma cinayət işinin açılmasının özü qanunsuzluqdur.

 Rəis dedi ki, hakimiyyəti qorumaq üçün biz istədiyimizi edə, istənilən adama böhtan atıb cinayət işi qaldıra bilərik. Sonra iltizam yazdılar və mənə dedilər ki, Azərbaycanın daxili işlərinə qarışmayacağını imzala. Mən də öz imzama oxşamayan imza atdım və bundan sonra məni Gürcüstana qaytardılar”.

Əsəd Əliyev Azərbaycana gələ bilməsə də bundan sonra Azərbaycanda gedən proseslərə biganə qalmayacağını bəyan etdi: “Mən həmişə Azərbaycanın demokratikləşməsi, inkişafı üçün əlimdən gələn bütün qanuni köməklikləri etməyə hazıram”.

Əsəd Əliyev Rüstəm İbrahimbəyovla yaxınlığını və Milli Şuraya 2013-cü ildə ciddi dəstək verdiyini təsdiqlədi: “Rüstəm İbrahimbəyovla əlaqəmiz olub. Mən Gürcüstanda azərbaycanlılarla toplantı keçirib qərara gəlmişdik ki, Milli Şuranın və Rüstəm İbrahimbəyovun qələbəsi üçün dəstək verək. Yayda Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Tiflisdə Milli Şuranın toplantısında iştirak etdim. Milli Şuranın Gürcüstan nümayəndəliyini təsis elədik. 

Mən orada icra aparatının rəhbəri kimi fəaliyyət göstərdim. Məhz bundan sonra Azərbaycan tərəfdən bizə təzyiqlər başlandı. Gürcüstandakı səfirliyin adamları, SOCAR-ın Gürcüstandakı nümayəndələri bizə öncə müəyyən şirnikləndirici təkliflər verdilər, sonra təhdidlər etdilər ki, biz bu işlərə qarışmayaq. Biz isə Azərbaycan dövlətinə qarşı heç bir fəaliyyət göstərmədiyimizi, Azərbaycanın demokratik, inkişaf edən dövlət olmasını istədiyimizi bildirdik”.

Həmsöhbətimiz bu günə qədər ki, fəaliyyətində heç bir cinayət məsuliyyəti yaradacaq hərəkətə, qanun pozuntusuna yol vermədiyini bəyan etdi. 

E.SEYİDAĞA 
   
   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR