İnsanlara hürriyət, millətlərə istiqlal!

İbadətlə məşğul olan tanınmış şəxslərin Paris terroruna reaksiyaları...

2435 09.01.2015 21:37 Gündəm A A

Fazil Mustafa: “O insanlar Peyğəmbər yolu ilə getmirlər”

Bəxtiyar Sadıqov: “Bu hadisəni törədənlərin dini yoxdur”

Dünya ölkələri hələ də yanvarın 8-də Fransada baş verən dəhşətli terror hadisəsinin təsirindədir. "Charlie Hebdo" jurnalının Paris redaksiyasına olunan hücum nəticəsində 13 nəfər öldürülüb, 7 nəfər isə ağır yaralanıb. Hadisə nəticəsində jurnalın baş redaktoru Stefan Şarbonyeni də həyatını itirib. 

Fransa Prokurorluğu hadisənin 3 nəfər tərəfindən törədildiyi barədə açıqlama yayıb. Bunlar Həmid Murad, Səid və Şərif Kuyaşi qardaşlarıdır. 

Terrorçular hadisədən sonra qaçarkən bağıraraq, “Allahu Əkbər!”, “Peyğəmbərin təhqir olunmasının qisasını alacağıq!” kimi ifadələr işlədiblər. 

Xatırladaq ki, həftəlik satirik məcmuə "Charlie Hebdo" siyasi xəbər və təhlil tipli məsxərələrinə görə əvvəllər də bir sıra ziddiyyətlərə səbəb olub. Bu jurnal 2011-ci ildə Məhəmməd Peyğəmbərin karikaturasını dərc etdikdən sonra yandırıcı bomba hücumuna məruz qalmışdı. Bütün bunlar jurnalın müsəlman din xadimlərini ələ salacaq yazılar və karikaturlar dərc etdiyinə görə terrora məruz qalması ilə bağlı versiyasını gücləndirir.

Musavat.com olaraq, baş vermiş faciəvi hadisə ilə bağlı ölkəmizin ibadətlə məşğul olan tanınmış simalarının fikirlərini öyrəndik.

Millət vəkili Fazil Mustafa Paris terrorunun iki məsələni ortaya çıxardığını söylədi: “Baş vermiş hadisədə iki məsələ orta çıxdı. Birinci odur ki, Avropada İslamafobiyanı gücləndirmək üçün bu cür terror hadisələrinin baş verə biləcəyi proqnozlaşdırılırdı. Bu, onu deməyə əsas verir ki, istənilən Avropa ölkəsində İslam mənsubiyyəti olan insanlara, onların ibadət formalarına qarşı təzyiqlərin artırılması üçün qanunvericilikdə müəyyən addımlar atılacaqdır. Bu isə mədəniyyətlərarası münasibətlərin gərginləşməsinə səbəb olacaq. Avropada nə qədər zorakılıq düşünürlərsə, bu, əks effekt verir. Bu baxımdan, gözlənilən hadisə idi. Buna çalışan qüvvələr kifayət qədər çoxdur. 

İkinci məsələ müsəlmanlarla bağlıdır. Karikatura məsələsi dəfələrlə dünyada sərt reaksiyalara səbəb olub. Bu, müsəlman davranışıdır? Peyğəmbərimizin özünə qarşı dəfələrlə belə sərt addımlar atılıb. Təhqir olunub, döyülüb, əziyyət verilib. Amma onun özü belə bir vəziyyətdə hansı addımı atıb? Atdığı addımlar ortadadır. Kimsədən qisas almayıb. Belə bir vəziyyətdə Peyğəmbər yolu gedən adamların terror addımı atması bunu ortaya çıxarır ki, o insanlar Peyğəmbər yolu getmirlər. Bu qüvvələr müsəlmanlığı doğru anlamayıblar. Müsəlmanlığı Peyğəmbərin dediyi kimi yox, öz liderlərinin dediyi kimi dərk ediblər. Bu çox narahatedici problemdir. İstənilən halda müsəlmanları bu yola sövq etmək mümkündür”.

Millət vəkili bu hadisədən digər müsəlmanların da əziyyət çəkəcəyini qeyd etdi: “Ona görə də, sadaladığım iki ehtimalı əldə əsas tutmaq lazımdır. Heç bir halda haqq qazandırmaq olmaz. Başqa ölkələrdə terrorçular uşaqları belə, öldürürlər. Pakistanı misal göstərmək olar. Nigeriyada günahsız insanlar öldürülür. Belə məsələlərə hesab edirəm ki, tam fərqli baxmaq lazımdır. Gələcəkdə belə bəhanələrin verilməməsi üçün bu məsələdən ibrət götürmək lazımdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hər cür terrora qarşı olduğunu bildirdi: “Terror vaxtı günahsız insanlar ölür. Bir insana görə bir bina partladılırsa, günahsız insanlar həyatlarını itirirlərsə, bundan böyük cinayət tanımıram. Zorakılıqla heç bir məsələni həll etmək olmaz. Redaksiyaya qarşı törədilmiş terror aktını qəbul etmirəm. Orada ölən insanlar üçün təəssüf hiss keçirirəm. Arzu edirəm ki, gələcəkdə belə hallar heç zaman olmasın. Bəşəri dəyərlər var. O dəyərlərin bir hissəsi Fransada yaranıb. İnsanlar öz dini əqidələrində sərbəst olmalıdırlar. Hər bir insanın öz müqəddəsi var. Eyni zamanda, hər bir insan digər dinlərə də hörmət etməlidir. Hansısa din xadimini aşağılayan jurnal rəhbərinin öz dinini sevdiyinə inanmıram. Nəticədə belə faciəvi hallar meydana çıxır. Çox təəssüf edirəm ki, belə hadisələrdən ibrət götürmək əvəzinə bəzi jurnallar yenidən Məhəmməd Peyğəmbər və digər din xadimlərinin karikaturalarını veriblər. Əgər terrorçu deyir ki, Məhəmməd Peyğəmbərlə bağlı karikaturaya görə bu hadisəni törətmişəm, yenə qınanmalıdır. Bu hadisəni törədənlərin dini yoxdur. Onlar Suriyada vuruşmuş, muzdla xidmət etmiş , tapşırıq almış şəxslərdir. Terrorun İslama heç zaman aidiyyatı olmayıb. Dünyanın bütün din xadimləri terrora qarşı birləşməlidir”.

Cavanşir ABBASLI  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR