İnsanlara hürriyət, millətlərə istiqlal!

I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərə dair vacib məqamlar

800 04.08.2022 08:20 Ölkə A A

1997-ci ilin 2 avqustuna qədər yaralanan, lakin əlilliyi sonrakı dövrdə təsdiqlənən şəxslər də birdəfəlik ödəmə alacaqlar

Artıq məlumat verdiyimiz kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə aldığı yaralar üzündən sağlamlığını itirən Birinci Qarabağ müharibəsi əlillərinə sığorta haqqı -birdəfəlik ödənişlərin verilməsinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata əsasən, 11 minə yaxın belə şəxs üçün 67 milyon manata yaxın vəsait həmin şəxslərin kart hesablarına köçürülüb. Bundan sonra ödənişi almaq hüququ yaranacaq şəxslər, yaxud onların vərəsələrinə ödənişlərin verilməsi təmin ediləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. O deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir.

Eyni zamanda Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.

Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib. 

Nazirliyin yaratdığı məlumat bazası əsasında bir sıra mühüm məqamları təqdim edirik:

Birinci Qarabağ müharibəsi əlili olan, lakin adını siyahıda tapmayan vətəndaşlar xəsarəti ilə bağlı məlumatın elektron sistemə daxil edilməsi üçün xidmət etdiyi qurumun hərbi həkim komissiyasına müraciət etməlidir. E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər.

Qeyd edilən sənəd aidiyyəti qurum tərəfindən e-sistemə daxil edildikdən sonra aşağıdakı sənədlərlə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər:

- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;

- şəxsiyyət vəsiqəsi;

- əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).

Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə və adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək;

Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə və adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək.

Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıda qeyd edilən sənədləri DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim etməlidirlər:

- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;

- birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;

- vərəsəlik hüququ haqqında şəhadətnamə;

- vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi;

- vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).

1997-ci ilin 2 avqustuna qədər yaralanan, lakin əlilliyi sonrakı dövrdə təsdiqlənən şəxslər də birdəfəlik ödəmə alacaqlar. Bundan əlavə, 1997-ci ilin 2 avqustuna qədər yaralanan və buna görə az məbləğdə sığorta haqqı alan şəxslər də indi ödənilən həcmdə ödənişi bütünlüklə ala biləcəklər.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR