Oyunlar zamanı idmançılar medal uğrunda savaşırdılarsa, jurnalistlər xəbər, fotoqraflar isə ən yaxşı foto uğrunda mübarizə aparırdılar.
Nəzərə alsaq ki, oyunlar müxtəlif saatlarda və müxtəlif arenalarda keçirilirdi, bu zaman fotoqrafların işinin nə qədər çətin olduğunu anlayarıq. Səhər saatlarından idman arenalarına qaçan fotomüxbirlər, gün ərzində idmançıların döyüşlərini fotokameralırının yaddaşına həkk edib, ən yaxşı kadrı tutmağa çalışırdılar.
Bütün bunları çox yaxşı bilirəm. Çünki 20 gün ərzində oyunlarda tər tökənlərdən biri olmuşam. Həmkarlarımın da yayın bu istisində, kürəklərində çantalarla bir idman zalından digərinə qaçmasına sona qədər şahid oldum.
Bəlkə də buna görə həmkarlarımın əziyyəti barədə bir az da olsa, yazmağa qərar verdim. Oyunlar zamanı çəkilən fotoların arxasında dayanan fotoqraflarla sizləri bir azca da olsa, tanış etmək qərarına gəldik. Fotoqraflara sual ünvanladıq: I Avropa Oyunları zamanı nə qazandınız və nə itirdiniz?
Pəri Arifqızı (Azpress): "Ən əsası təcrübə qazandım. Bu qədər fotoqrafla bir arada işləməyi öyrəndim. Bu günə kimi bu qədər idman növü çəkməmişdim. İtirdiyim, daha doğrusu, mənfi formada qazandığım isə əsəb oldu. Bir də Mingəçevir... Oradakı idman növlərini çəkmək istəyirdim, amma alınmadı".
Əziz Elxanoğlu (Freelance): "EPA, Gettyimages-in fotoqraflarından bəzi şeyləri öyrəndim. Daha dəqiq desəm, idman fotolarını necə və nə cür çəkmək lazımdır,
harada durmaq, nələrə üstünlük vermək lazımdır və s... Bu günə kimi idman fotolarını çəkməmişdim. Daha doğrusu, futbol və rally çəkmişdim, digər idman növləri qismət olmamışdı. Bu, həm mənə təcrübə oldu, həm də müəyyən qədər bilgi qazanmış oldum. Oyunlar müddətində başqa ölkələrdən gələn fotoqraflardan da bəzi texniki bilikləri öyrəndim. Necə olmasa da, xaricilərdə kifayət qədər təcrübə var.
Oyunun qurtarmağına 10-15 saniyə qalmış çəkdiyim kadrlara baxırdım. Fotoqraf dedi ki, "Bu idmandır və burada hər bir saniyənin əhəmiyyəti var. 1 saniyədə elə bir şey olar ki, o hər şeyi dəyişə bilər. Odur ki, çalış oyunçular meydançanı tərk edəndən sonra kamerandan ayrıl". Oyunların bir neçəsində bu səhvi etmişdim, ona görə də, "Getty"-nin fotoqrafı mənə irad tutdu... Texnika tərəfdən də dedi ki, idman üçün xüsusi fotoaparatlar var - 1 saniyədə 7-8 kadr çəkir. Əgər idman çəkəcəksənsə, çalış həmin kameralardan istifadə et. Belə olduğu halda, istədiyin kadrları əldə edəcəksən".
Rəşad Mehdiyev(Freelance): "Gəlin, itirdiklərimizdən yox, əldə etdiklərimizdən danışaq. Oyunlar zamanı yeni dostlar qazandıq, həm yerli, həm də əcnəbi fotoqraflarla əlaqələr quruldu. Bundan əlavə bu həm də böyük bir təcrübə idi. Fotoqrafiya ilə bağlı oxuduğumuzu, bildiklərimizi, praktik olaraq həyata keçirmək üçün gözəl şərait yaradılmışdı. Əcnəbi fotoqraflardan çəkiliş texnikalarının sirlərini öyrəndik. Böyük fotoarxiv əldə etdik ki, gələcəkdə bu fotolardan müxtəlif sərgi və fotomüsabiqələr zamanı istifadə edə biləcəyik. Hər bir fotoqraf üçün gözəl portfoliodur. Və sonda, biz ilk Avropa Oyunlarının KIV nümayəndələri olduq və necə deyərlər, 20 gün ərzində tarix yazdıq".
Nuran Məmmədov (Azvision): "Oyunlar zamanı çox şey qazandım. Məsələn, heç vaxt idman sahəsində çəkilişlərim olmamışdı. I Avropa Oyunları mənə praktika qazandırmış oldu. Eyni zamanda, heç vaxt əlaqədə olmadığım yerli fotoqraflarla tanışlıq yarandı. Və oyunlar zamani iş prosesi daha da əyləncəli olmağa başladı. Bu, mənim üçün ən böyük qazanc oldu. Qaldı ki, "İtirdiyim nə oldu?" sualına, mən düşünmürəm ki, itirdiyim nə isə oldu. Ancaq qazandım. Əminəm ki, bu təcrübə gələcəkdə mənim işimə çox yarayacaq".
Fərqanə Qasımlı (Azpress): "Ancaq qazandım. Sportfoto çəkməyi sevdim və istədiyim kadrları tuta bildim. Mənim üçün çox gözəl təcrübə oldu".
Elşən Baba (Report): "Ümumilikdə bir vətəndaş olaraq yanaşsaq, bizim ehtiyacımız olacaq ən sonuncu şey başımıza güc edib belə bir tədbir keçirməkdir. Bir fotomüxbir olaraq, oyunları çəkmək maraqlı olsa da, bütün bu yaşanan və yaşadılan mənfi hadisələr, mənfi obrazlar istənilən marağın, həvəsin üzərindən qalın bir həvəssizlik xətti çəkir".
Elçin Murad (Publika.az): "Bir optimist kimi birinci itirdiklərimi deyim ki, axırı yaxşı gəlsin. Oyunlar zamanı 3 eynək itirdim. Deməli, axşamlar evə qayıdanda taksiyə oturan kimi "rubilniki" necə çəkirdimsə, bir də Sumqayıta çatanda sürücü oyadırdı ki, "Qardaş, çatmışıq". Bu minvalla hər dəfə bir eynək maşında qaldı.
Təki itirdiklərimiz belə şeylər olsun.
İndi də gələk, qazandıqlarıma... Ən əsası fotojurnalistika sahəsində beynəlxalq praktikadan yararlandım. Dünyaca məşhur fotoqraf və jurnalistlərlə arenanı bölüşüb, çiyin-çiyinə iş təcrübəsi qazandım. Hər idman növünün özünəməxsus çəkiliş xüsusiyyətlərini mənimsədim. Gözəl dostlar qazandım. Bir də 300-400 mm-lik obyektivlərə baxa-baxa ürək ağrısı... Çox yaxın zamanda bu obyektivdən əldə etmək ümidim var (gülür-red)".
Orxan Əzim (Report): "I Avropa Oyunlarının mənə müsbət olan tərəfi odur ki, ilk dəfə belə bir oyunlarda iştirak etmək, praktiki cəhətdən çox yaxşı idi. Növbəti belə yarışlar olarsa, işimiz çox asan olacaq. Çünki yetərli təcrübəni topladıq. Həm də portfoliom üçün çox yaxşı oldu. Dostların dediyinə görə, bir neçə uğurlu fotolarım da oldu. Mənfi cəhəti isə çox yorulurduq, vaxtın çoxu əziyyətə sərf olunurdu. Oyun başa çatdıqdan sonra növbəti oyuna qədər olan vaxtda normal dincələ bilmirdik. Düşünürəm ki, oyunlar zamanı ən çətin iş fotoqraflar və jurnalistlərin işi idi. Bu, hətta idmançıların işindən belə, çətin idi".
Məhəmməd Türkmən