Xəbər verdiyimiz kimi, məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.
Koronavirusla bağlı ölkənin həyəcanlı günlər yaşadığı bu ərəfədə 200 məhkumun azadlığa buraxılması addımı hüquq müdafiəçiləri tərəfindən təqdir olunub.
Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi, eks millət vəkili Çingiz Qənizadə bildirib ki, bu addım olduqca təqdirəlayiqdir.
Onun sözlərinə görə, bu sayaq qərarlar verilərkən qonşu ölkələrdə baş verən hadisələri və onun nəticələrini izləmək lazımdır: “İranda 1000-lərlə məhkum azadlığa buraxılıb. Monitorinq Qrupu olaraq biz də bu istiqamətdə müraciətlərimizi hazırlayır və müvafiq instansiyalara göndəririk. Penitensiar Xidmətin də bu addımı olduqca müsbətdir. Amma hesab edirəm ki, davamlı olmalıdır.
Koronavirusla bağlı məhdudiyyətlər, qadağalar, tələblər hələ də qüvvədə olacaq. Belə bir ərəfədə karantin müddəti uzanacaq. Hesab edirəm ki, daha çevik addımlar atılmalıdır.
Barələrində həbs qətimkan tədbiri seçilmiş və xüsusilə ağır cinayətlər qəbilinə daxil olmayan cinayətlər törətmiş şəxslər– hansıların ki, azadıqda olması istintaqın gedişinə mane olmayacaq - onlar da ailələrinin yanında olmalıdılar. Pentensionar Xidmətdə xüsusi komissiya mövcuddur və ümumən vaxtından əvvəl azad etmə instititutu fəaliyyət göstərir. Burda daha geniş əhatəli və məhdudiyyətsiz məsələlərə yer verilməlidir. Komissiyanın iclasında məhkumun vaxtından əvvəl azad olunması bəzən xırda bir məsələyə görə saxlanılır. İndi bu sayaq məsələlərə daha obyektiv və demokratik yanaşmalıyıq. Nöqtə-vergül axtarmadan bu məsələlərə baxılmalıdır”.

“Təklif edirəm, ölkədə amnistiya aktı qəbul olunsun” |
Ç.Qənizadə təklif edir ki, ölkədə amnistiya aktı qəbul olunsun: “Bu aktla cəzaçəkmə müsəssisələrində cəzalarının müəyyən hissəsini çəkən, yetkinlik yaşına çatmayan, ağır cinayətlər törətməyən insanlar da azadlığa çıxsın. Cəzaçəkmə müəssisələrində məhkumların sayının azaldılması və onların ailələrinin yanında olmasını müsbət həll etməliyik”.
Müsahibimiz eyni zamanda bildirdi ki, azadlığa çıxan hər bir şəxslə bağlı maarifləndirmə işləri aparılmalıdır. Onun sözlərinə görə, operativ qərargahın qarşısına qoyduğu məqsəd və tələblər həyata keçirilməlidir: “Bir vətəndaşın məsuliyyətsizliyi nə qədər insanın xəstəliyə yoluxması ilə nəticələnə bilər. Bu mənada azadlığa çıxan məhkumlar da maksimum maariflənməlidir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu qərarı müsbət qiymətləndirdi.

Onun sözlərinə görə, bundan bir-iki həftə öncə Monitorinq Qrupunun adından prezident İlham Əliyevə məktub yazıblar: “Orda qeyd etmişdik ki, cəza müddətinin bitməsinə az qalan məhkumlar azadlığa buraxılsın, ailəsinə qovuşsun. Həm koronavirus bəlasına görə, həm də həbsxanalarda tünlük olmasın deyə bunu təklif kimi bildirmişdik. Eyni zamanda istəmişdik ki, bu, siyasi motivlərlə həbs olunanlara da şamil olunsun. Bu gün onları bizim hökumət buraxsa, sabah heç kim deyə bilməz ki, bu şəxslər beynəlxalq təşkilatların təzyiqi ilə buraxılıb. Bu təşkilatlar indi öz hayındadır, dünya koronavirusun əsiridir. Özümüz bir addım ataq, çünki bu gün millət üçün ağır gündür. Hamımız bir yerdə olaq. Özümüz özümüzə dayağıq. Çox təqdirəlayiq bilirəm ki, məhbuslar buraxılıb. Siyasi məhbusları hamı müdafiə edir. Sadə adamları çox az adam müdafiə edir. Ona görə də sıradan məhbusları da müdafiə etmək bizim ən birinci vəzifəmiz olmalıdır”.
“Bu, siyasi motivlərlə həbs olunanlara da şamil edilsə, heç kim deyə bilməz ki, hakimiyyət beynəlxalq təşkilatların təzyiqi ilə etdi” |
N.Cəfəroğlu eyni zamanda Azərbaycanda koronavirusla bağlı atılan addımları dəstəklədiyini bildirdi.
Onun sözlərinə görə, xaricdə oxuyan tələbələrin gətirilməsi, ölkədə karantin şərtlərinin təmini, sərhədlərin qapadılması, təhsil müəsssisələrinin dayandırılması bunlara misaldır: “Nərimanov icra hakimiyyəti evləri gəzir, tənha insanlara sosial kömək göstərir. İstərdim ki, bütün icra başçıları prezidentlə çiyin-çiyinə işləsinlər. Təkcə Nazirlər Kabinetinin, prezidentin üzərinə düşməsin. İcra başçıları televiziyalarda çıxış etsinlər, nələr etdiklərini, hansı işləri gördüklərini desinlər. Çəkilişlə göstərsinlər bunu camaata. Millət də görsün ki, verilən ianələr bu işlərə xərclənir. Bütün bunlar Azərbaycanda olmalıdır. Hamı məsuliyyət daşısın bu işdə. Ziyalı insanlar, millətin ziyalılıarı televiziyaya çıxıb insanları maarifləndirsin. Desinlər ki, insanlar küçələrə çıxmasın.
Bu günlərdə hər kəsin birliyə, bərabərliyə daha çox ehtiyacı var. Bu yükü bir yerdə çəkək. Göz dəyməsin, ölkədə koronavirusa qarşı ciddi hazırlıqlar gedir, işlər gözəl gedir. Biz də cəmiyyət olaraq bu işlərə yardım edək”.
“O şəxslər var ki, böyük ictimai təhlükə təşkil etmirlər, onlar da azadlığa buraxılsınlar” |
Hüquq müdafiəçisi Sahib Məmmədov isə bildirdi ki, Ədliyyə Nazirliyi yanında vaxtından qabaq şərti azad etmə üzrə komissiya daimi fəaliyyət göstərir: “Bu, karantinə qədər də belə idi. Onlayn şəkildə Penitensiar Xidmətdə oturur və məhkumları sona qədər araşdırırdılar. Komissiyanın qərarı əsas rəydir. Son qərarı isə məhkəmə qəbul edir. İndiyəcən bu təcrübə göstərir ki, məhkəmələr bu rəylərə 90 faiz riayət edir. 200 nəfər məhkumun azadlığa buraxılması rəqəm olaraq çox göründü. Çünki adətən 50 nəfər olurdu. İntensivləşmə ola bilsin ki, virusun yayılması ilə bağlı cəzaçəkmə müəssisəsində sıxlığın azaldılmasına xidmət edir. O şəxslər var ki, böyük ictimai təhlükə təşkil etmirlər, ehtiyatsızlıq üzündən cinayət törədiblər, məntəqə tipli cəaçəkmə müəssisəsində cəza çəkirlər, onlarla bağlı bu qərarlar qəbul edilməlidir. Bu prosesdə əfv də ola bilər. Amnistiya aktını qəbul etmək çətindir. Bu mexanizm daha yaxşıdır. İndiki epidemiya və pandemik şəraitdə qapalı yerlərdə sıxlığın azaldılması müsbət addımdır. Bunlar ölkədə kriminogen vəziyyətin pisləşməsinə gətirib çıxarmayacaq addımlardır. Kimlərsə ehtiyatsızlıq üzündən cinayət edib, vergi, gömrük qanunsuzluğu edibsə, bu şəxslərin müxtəlif prosedurlarla buraxılması daha məqsədəuyğundur. Bu, dünya təcrübəsində var. Qonşu İranda da bunu etdilər”.
Sevinc TELMANQIZI,
Musavat.com






