Hüquq-müdafiə təşkilatları monitorinq qrupun bəyanatı
Sentyabrın 26-da Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupu Azərbaycanda seçki prosesində baş verən qanunsuzluqlarla bağlı bəyanat yayıb. Sənəddə deyilir:“Ölkəmiz növbəti prezident seçkilərinin birinci mərhələsini yaşamaqdadır. Seçki prosesinin bu mərhələsində Azərbaycan cəmiyyəti və onun bütün təbəqələri bu seçkilərin demokratik şəraitdə keçirilməsində maraqlı olmalıdırlar.
Hüquq-müdafiə Təşkilatlarının Monitorinq Qrupu demokratik şəraitdə azad və şəffaf seçkilərin keçirilməsi prosesini mütəmadi olaraq müşahidə edir və təəssüflə bildirir ki, seçkilərin birinci mərhələsi ölkəmiz üçün heç də ağrısız ötüşmür. Qeyd etməliyik ki,ictimai Televiziyanın efirində Prezidentliyə namizədlərin çıxışlarında etikadan və korrektlikdən uzaq hərəkətlərə yol verilməsi cəmiyyətdəki seçki ab- havaya öz mənfi təsirini göstərir.
Jurnalist Pərviz Həşimlinin həbsi zamanı evinə olan basqılar, ailəsinə qarşı qeyri-insani rəftar, jurnalistin özünün məhkəməyə başına torba keçirməklə aparılması insan şərəf və ləyaqətini alçaldan fakt kimi qiymətləndirilir və qanuna ziddir.
Sentyabrın 22-də müxalifətin mitinqindən sonra AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin və iki tələbə dostunun həbsi və məhkəmə tərəfindən qeyr-adekvat cəzaya məhkum olunmaları absurd və qondarmalığı ilə fərqlənir.
HMT MQ növbəti Prezident seçkilərinin birinci mərhələsinin xoşagəlməz hadisələrlə müşaiyət olunmasından narahatçılığını bildirir, insan ləyaqətinə, vətəndaşların hüquqlarına hörmət etməyə çağırır və bildirir ki, baş verən pozuntular ölkəmizin nüfuzuna böyük xələl yetirir”.
Aygün






