Hazırda “TV Musavat”ın canlı efirində “Dərin təhlil” verilişi yayınlanır.
Analitik verilişin bugünkü, 8-ci buraxılışında aşağıdakı mövzular təhililə çıxarılır, bir çox suallara cavab axtarılır:
Brüssel görüşləri bizə nə verdi? Nələri qazandıq, nələri itirdik? Hansı hədəflərə çatdıq, hansılar sonraya qaldı?
Diplomatiyamızın Belçika fraqmentini uğurlu saymaq olarmı? NATO və Avropa İttifaqında zəfərimizin prezentasiyası necə keçdi? Şimal Alyansının Azərbaycana bu qədər isti münasibətinin və təqdirçi jestlərin gerçək səbəbləri nədir? Qarabağın öz gücümüzə azad edilməsindən daha çox, cənub qonşumuzla sərhədlərimizin işğal altından qurtarılması NATO üçün niyə daha çox anlam kəsb edir?
Azərbaycanın hərb tarixinə yeni səhifələr yazması, Qarabağ müharibəsində bəzi NATO silahlarının sınaqdan keçirilməsi, Ermənistanın əlində olan Rusiya silahlarının aciz qalması... Bu barədə danışılanların, yazılanların gerçəklik əmsalı nə qədərdir? Və bu bütün bu sualların axın istiqamətinə qarşı ''U'' dönüşü sayılacaq fəqrli bir sual: Brüssel anlaşmaları Soçi razılaşmasının davamı idi, yoxsa Rusiyaya qarşı Qərbin revanşıdır?
Daha bir mövzu - Ermənistanın yaxın dostu, Fransa prezidenti Emmanuel Makronun danışıqlara qəflətən müdaxilə etməsi nəticə baxımdan nələri dəyişdi, yaxud dəyişəcək? Zamanında Ermənistanın köməyinə yetişə bilməyən Makron bu dəfə Paşinyanın nəyinə yetişdi? Azərbaycan prezidenti Aİ-dəki və Makronun vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşü şərh edərək, səmərəli və praqmatik adlandırıb. Lakin prezidentin açıqlamasında üzərində dayanılacaq bir məqam diqqəti cəlb edir. Bu da ATƏT-in Minsk Qrupu ilə bağlı olan açıqlamadır. Prezident deyib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözləyir. Deyib ki, bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk Qrupu tərəfindən kömək göstərilə bilər.
Bu açıqlamanın mənası nədir - MQ prosesə qayıdır, yoxsa ona epizodik, 3-cü plan rolu biçilir. Makron səhnəyə çıxana qədər MQ söhbəti yox idi...
Ən maraqlı və ən diqqətəlayiq mövzu - Prezident İlham Əliyevlə Baş nazir Paşinyan arasındakı təkbətək iki görüşdə nələr danışıldı, anlaşmaların sırasında nələr var? Doğrudur, iştirakçılardan hər ikisi görüşlər barədə rəsmi açıqlama veriblər və bir çox məqamlar üst-üstə düşür. Lakin biz jurnalistləri daha çox süjet detalları düşündürür. Söhbətlərin axarı, tempi necə gedib? Neçə dəfə mübahisə düşüb, neçə dəfə ziddiyyət yaranıb? Paşinyan onsuz da görüşlərdə ürkək davranırdı, ermənilər özləri də bu faktı yazırlar. Bu baxımdan, maraqlıdır, Azərbaycan prezidenti ilə təkbətək qalanda nə düşünüb, boynunu hansı bucaq altında büküb... aralarında ‘’Noldu, Paşinyan’’ zarafatı olubmu... Və bir də... Niyə Moskvada, yaxud Soçidə bu cür üz-üzə görüş olmadı? “Putin qoymadı” iddiası ciddidirmi?
...İndi hamı Soçidəki və Brüsseldəki masaların fərqindən danışır. Azərbaycanlılar çörəkli süfrələri daha çox sevirlər. Bu üzdən bizim ictimai rəy Aİ Şurasının prezidenti, “çörəkli Mişel” formatından yanadır. Sosial mediada bir mövzu müzakirə olundu - niyə Avropa İttifaqı Şurasının sədri ilə üçtərəfli görüş yeməkli, Vladimir Putinlə olan görüşlər isə "kağızlı" oldu? Lakin Musavat.com-a görə bu masalar yemək üçün deyil, hər ikisi danışıqlar üçün qurulmuşdu. Bu baxımdan, əsas sual da budur - kimin masasında daha çox razılaşma əldə olundu? İndi Azərbaycan və onun rəhbəri üçün ən böyük bərəkət Ermənistanı Sülh sazişinə aparacaq ardıcıl anlaşmalardır.
Ümumiyyətlə, bir sıra analitiklər hesab edirlər ki, prinsipcə Brüsseldə Soçidə əldə edilən və ictimai rəyə təqdim olunan anlaşmalardan fərqli heç nə əldə edilmədi. Bütün mövzu başlıqları eyni idi. Doğrudanmı belədir? Belədirsə, iki düşmən ölkənin liderləri niyə iki dəfə ayrılıqda, iki dəfə də üçtərəfli olmaqla, 4 dəfə görüşdülər?
Məsələdə ən maraqlı detallardan birini də sual janrında təqdim edək - bəs ictimaiyyətə, çəkişən tərəflərin xalqlarına, özəlliklə də ermənilərə elan edilməyən anlaşmalar necə, olubmu? Həm Soçidə, həm də Brüsseldə?
Daha bir aktual sual - Brüsseldə Aİ və NATO görüşmələri ilə geostrateji istiqamətimizə, Ermənistanla münasibətlərimizə hər hansı korrektələr ediləcəkmi? Ediləcəksə, burada Türkiyə amili nəzərə alınacaqmı? 3+3 Formatına + 2 də əlavə olunurmu?
Qardaş Türkiyə ilə bağlı daha iki məqam:
1) Türkiyə-Ermənistan münasibətlərində açılımın başlaması son 2 aydakı hücum diplomatiyamızı zədələyə bilərmi?
2) Soçi və Brüssel anlaşmalarının hansında Türkiyə var sayılır? NATO platformasındakı isti təmaslarda ‘’qardaş payı’’ var idimi?
Və mövzulardan daha biri - Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə REAL baxış necədir? Yəni verilişimizdə iştirak edən Respublikaçı Alternativ partiyasının sədrinin timsalında müxalifətin təftişçi baxışlarını dinləmək istərdik.
Biz həmçinin uğurlu xarici siyasətin daxili siyasətdə necə əks olunmasından, ''Tərtər işi'' ilə bağlı yeni istintaq komissiyasının yaranmasından, Tofiq Yaqublu ilə bağlı Daxili İşlər nazirinin açıqlamasından, qiymət artımından, maaşların qalxmasından, iqtidar-müxalifət münasibətlərindən də danışacağıq. Bu iqtidarın daxili siyasəti də uğurludurmu?
"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun təqdimatında 8-ci buraxılışı gedən verilişin qonaqları Milli Məclisin Komitə sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri, professor Səməd Seyidov, Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov və politoloq, AzTV-nin İctimai-Siyasi Verilişlər studiyasının direktoru, Əməkdar jurnalist Tofiq Abbasovdur.
Bu maraqlı layihədə oxucularımız və izləyicilərimiz də iştirak edə bilərlər. Bunun üçün aşağıdakı linklər vasitəsilə canlı yayına keçid edib, efirə qoşulun.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






