Deputatın sözlərinə görə, 2010-cu ilin avqust ayında Rəna Hacıyeva hospitalın rəisi təyin olunub: “Rəis təyin olunandan sonra 20 nəfərdən artıq peşəkar hərbi həkim və texniki işçini əsassız olaraq işdən azad edib, digər qanunsuz hərəkətlərə yol verib. Qanunsuz olaraq işdən azad olunan şəxslər müxtəlif instansiyalara, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, o cümlədən deputat kimi mənə müraciət etmişdilər. Mən respublika hərbi prokuroru Xanlar Vəliyevlə əlaqə saxladım. Şikayətçilər də sona qədər mübarizə aparmaqda qərarlı idilər. Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, respublika hərbi prokuroru Xanlar Vəliyevə müraciətlər edirdilər”.
Çingiz Qənizadə bildirib ki, bir necə gün əvvəl Respublika Hərbi Prokurorluğunun hərbi prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mahir Əliyevin imzası ilə şikayətçilərə cavab məktubu göndərilib: “Məktubda qeyd olunub ki, hərbi hospitalın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Hərbi Prokurorluğunda toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda öyrənilərək əsassız hesab edilib. İyunun 6-da həmin qərar ləğv edilib, hərbi hospitalın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə iş başlanıb və istintaq aparılması üçün Bakı Hərbi Prokurorluğuna göndərilib”.
Deputatın sözlərinə görə, söhbət yalnız əməkdaşları işdən azad etmədən getmir, orada digər qanunsuzluqlar da var: “İstintaq sirri olduğuna görə çox şeyi açıqlamaq istəmirəm. Hesab edirəm ki, orada korrupsiya və rüşvət elementləri üzə çıxacaq. Artıq Respublika Hərbi Prokurorluğu cinayət işi açılıb. Məhkəmə həmin əməkdaşlardan bir necəsini işə bərpa edib. Ümid edirəm ki, bu işin istintaqı obyektiv aparılacaq və əsassız olaraq işdən azad olunan şəxslərin hüquqları bərpa olunacaq, hospitaldakı bütün qanunsuzluqlara hüquqi qiymət veriləcək”.






