İnsanlara hürriyət, millətlərə istiqlal!

“Homofob deyiləm” deyənlərin çoxu homofob çıxdı – Elmin Bədəlovun cavab yazısı

3687 29.01.2015 15:20 Media A A
Bəli, çoxunuza məlum olan həmin videodan söhbət açıram. Yəqin bilirsiniz ki, bir neçə gün bundan öncə, daha doğrusu yanvarın 22-də, özünü asan homoseksual, Free LGBT təşkilatının sədri İsa Şahmarlının ölümündən bir il ötməsi ilə əlaqədar videorolik çəkildi. (https://www.youtube.com/watch?v=6qPNQ-qZZ5c) Həmin videodakı iki homoseksual rolunu Cavid Abdullayev və mən canlandırmışdım. Amma videodan sonra çoxumuza məlum olmayan homofoblar da üzə çıxdı.
Açığını deyim ki, illərdir biz homofob deyilik, biz liberalıq, biz tolerantıq, biz intellektualıq deyənlər bir videoya tab gətirə bilmədilər. Bizi iki qütb təbəqə söyməyə başladı. Onlar sırf homofoblar və neçə illərdir ki, özünə liberal, intellektual deyənlər. Onu da deyim ki, ara qarışan yerdə videoda obrazları canlandıranları da homoseksual adlandırdılar. Çox qəribədir...
Uzun sözün qısası bu mövzuda tənqid yazanlardan biri də hörmətli həmkarım, jurnalist Sevinc Telmanqızı da olmuşdu. Düzü, mən neçə illərdir ki, Sevinc xanımın ciddi jurnalistika qələmindən çıxan yazılarını oxuyuram və bəyənirəm. Amma gözləməzdim ki, Sevinc xanım bu məsələdə yazdığı yazıda belə natamam mövqe ortaya qoysun. Əlbəttə, mən bütün bu tənqidləri normal qəbul edirəm. Təkcə Sevinc xanım deyil, bir neçə jurnalist həmkarlarım da bu məsələdə təxminən eyni mövqe sərgilədilər.
Hər kəs öz fikrini yaza və bizləri tənqid edə bilər. Amma baxır necə tənqid. Tənqiddən tənqidə də fərq var. Söhbət qərəzsiz tənqiddən gedir.
Əvvəlcə onu deyim ki, çəkildiyim bütün videoroliklərin hamısı mənim deyil. Hansısa videoda rol almışamsa, bu, o demək deyil ki, həmin videonun rejissoru, yaxud da ideya müəllifi, ssenaristiyəm. Mən obrazı canlandırıram. Bunlardan da əlavə canlandırdığım obrazdan dolayı dünyada baş verən homofobik problemləri misal gətirmək və bu ətrafda digər mövzulara da toxunmaq anlaşılmazdır. Başa düşülmür, insanlar videonu tənqid edir, yoxsa homoseksualları?
Videoya diqqətlə baxanlar isə anlayır ki, söhbət homoseksualizmin təbliğindən getmir. Burada daha alt qat və başqa məna var. Videonun çəkilmə məqsədi tam başqadır. Üzdə görünən odur ki, iki homoseksual bir-birini qucaqlayır. Amma ötürülən əsas mesaj ondan ibarətdir ki, heç bir şey insan ölümünə səbəb ola bilməz. Nə homoseksual, nə də heteroseksual. Burada əsas insan anlamından söhbət gedir...
Canlandırdığım obrazda bədənini satan homoseksual göstərilməyib. Bu olmayan halda bu videorolikdən çıxış edərək “Tblisi prospekti” deyərək məsələyə giriş etmək də düzgün deyil. Bəli, bu çox qarışıq məsələdir. Əvvəllər mən də düşünürdüm ki, homoseksuallar, transseksuallar bədənlərini satırlar. Məsələyə başqa tərəfdən yanaşmırdım. Və bilmirdim ki, LGBT üzvü olmaq bədənini satmaq demək deyil. Bizə hər zaman belə təqdim ediblər ki, homoseksual özünü satır. İsa Şahmarlı LGBT üzvlərinin hüquqlarını müdafiə edir və mediadakı müsahibələrində vurğulayırdı ki, homoseksual olmaq bədənini satmaq demək deyil. Bəli, o haqlı idi. Lesbian olmayan qadınlar da var ki, özlərini satırlar. Homoseksual da var bədənini satır, homoseksual da var ki, bunu etmir. Və yaxud da buna misallar çoxdur... İsanın ölümündən sonra təəssüf dolu status yazanlar da bu gün onunla bağlı çəkilən videoya tab gətirmədiyini aşkarca dedi.
Qayıdıram videoya. Mən jurnalist olmaqla bərabər həm də aktyoram. Canlandırdığım rolları aktyor oyunu baxımından tənqid etmənizi istəyərdim. Bu mənim işimdir. Və mən illərdir baxıram ki, bizim işlərimizi hay-küylə “bu nə biabırçılıqdır” deyə qabardanların çoxları özümüzkülər olur. Özümüzkülər deyəndə hər zaman üz-üzə gələndə işlərinizi bəyənirik deyib, lakin sosial şəbəkədə bizim əleyhimizə olanlar. Yaxud da özünü müxalif göstərənlər. Amma heç kim ortaya alternativ iş qoymur. Açığı, inkişaf alternativlərin çoxluğunda ortaya çıxır. Alternativ ortaya qoymayıb, hər işə “mız” qoymağa nə var ki. Çalışın alternativlər yaradın...
Fikirlərimin dağınıq olduğuna görə üzr istəyirəm. Yazının elə başlığı ilə fikrimi yekunlaşdırıram. “Homofob deyiləm” deyənlərin çoxu bir video ilə üzə çıxdı. Adamı da əsəbiləşdirən odur ki, “homofob deyiləm” sözü ilə başlayıb əks istiqamətə yön alır insanlar. Mövlud Mövlud demişkən, başa düşməmək insana ziyandır, başa düşməyə çalışaq ən azı.
P.S: Məlik Dadaşov möhtəşəm erməni obrazını yaratmışdı. Bir gün Akademik Milli Dram Teatrının qarşısından keçən iki qadın elə bilib ki, aktyor ermənidir və onu söyməyə başlayıblar.

Elmin Bədəlov, aktyor, jurnalist

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR