İlhan Aşkın: “Biz haqlıyıq, bu mübarizədə susmaq yoxdur”
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına qarşı erməni diasporunun açdığı dava yekunlaşıb. Bu gün yerli məhkəmə dərnək rəhbərinə cəza kəsib. Ermənistan mediası bununla bağlı sevincək xəbər yayıb. Belə ki, ermənilərin əlində oyuncağa çevrilmiş məhkəmə Azərbaycanın milli maraqlarının sadiq müdafiəçisinə 2 həftəlik həbs və 120 saatlıq ictimai iş cəzası kəsib.
İlhan Aşkın Musavat.com-a açıqlamasında xəbəri təsdiqlədi: “Bu gözlənilməz cəza ilə qarşılaşdıq. Hollandiya ilə Türkiyə arasındakı böhranın qurbanı oldum.
Çünki prokuror bir daha o kəlmədən istifadə etməmək şərtilə 15 günlük həbs demişdi.
Yəni prokuror 2 həftəlik həbs cəzası istəsə də, hakim mənə 4 həftəlik həbs cəzası elan etdi”. Amma bu müddətdə İlhan Aşkın “Qarabağ erməniyə məzar olacaq” sözlərini təkrarlasa, o halda 4 həftəlik həbs cəzasını çəkəcək”.
Diaspor fəalı dedi ki, ədalətli məhkəmə olmadı: “Prokuror kənarda qaldı, məni hakim cəzalandırdı. Onun verdiyi 120 saat ictimai iş və 1 aylıq həbs cəzası çox ağır cəza oldu. Amma problem yoxdur, biz yenə də sözümüzün arxasındayıq, mübarizəmizi davam etdirəcəyik. Ədalət bərpa olunana qədər gedəcəyik.
Təbii ki, biz haqlıyıq, bu mübarizədə susmaq yoxdur. İnşallah haqq-ədalət öz yerini tapar. Əlbəttə, bundan sonra daha peşəkarcasına çalışmağımız lazımdır”.
Hökm elan olunacağından son prosesdə İlhan bəyin və vəkilin iştirakına ehtiyac olmayıb. “Çünki o məhkəmədə bizim olmağımıza ehtiyac yox idi. Ona görə də bizim həmin bölgədəki bir neçə dostumuz prosesə qatılmışdı. Diaspora Komitəsindən də Elnur Əliyev yanıma gəlmişdi və bir yerdə hökmün elan olunmasını gözlədik”-həmsöhbətimiz dedi.
Qeyd edək ki, İlhan Aşkına Hollandiya cinayət məcəlləsinin 137d maddəsi ilə cinayət işi açılmışdı. Saxta “erməni soyqırımı”na etiraz aksiyasında çıxış edərkən “Qarabağ ermənilərə məzar olacaq” deyən İlhan Aşkın, rasizmdə ittiham olunurdu.
Beləliklə, Türkiyə və Hollandiya arasında yaşanan diplomatik gərginliklərin fonunda Holland məhkəməsinin əlinə fürsət düşüb və o, türk fəala cəza kəsib.
ELŞAD,
Musavat.com






