İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiya Jurnalistlər Birliyinin üzvü olan azərbaycanlıdan “Yeni Müsavat”a açıqlamalar

1629 17.08.2016 08:40 Müsahibə A A
Hollandiyada fəaliyyət göstərən “Connect” Təşkilatının sədri, Hollandiya Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov “Yeni Müsavat” qəzetinin qonağı olub. Təşkilatın fəaliyyəti, Hollandiyada Azərbaycan diaspora təşkilatlarının, həmvətənlərimizin durumu və digər məsələlərlə bağlı qəzetimizə maraqlı müsahibə verib.

- Vüqar bəy, "Connect" Təşkilatını nə zaman və kimlərlə yaratmısınız? 

- "Connect" Təşkilatı ötən il təsis edilib və fəaliyyətə başlayıb. 2008-ci ildən Hollandiyanın Zierikze  şəhərində yaşayıram. "Connect" Təşkilatını yaratmazdan öncə mən fərdi şəkildə fəaliyyət göstərirdim, yaratmağı planlaşdırdığım təşkilatın Hollandiya ictimai, siyasi çevrələri, media orqanları ilə əlaqələrinin olması üçün öncədən iş aparırdım, əlaqələr qururdum. Hollandiya Jurnalistlər Birliyinin üzvü olmağımdan istifadə edib bir sıra görüşlər keçirmişdim. Nəhayət, keçən ilin sonlarında holland dostlarımla qərara gəldim ki, birlikdə "Connect" Təşkilatını yaradaq. Mən uzun müddət Azərbaycanda AzTV-də işləmişəm, müxtəlif media orqanlarında yazılarım çap edilib, eyni zamanda Bakıda turizm biznesi ilə məşğul olmuşam. Bütün bu təcrübələrim Hollandiyada fəaliyyətimin qurulmasında, istiqamətlənməyimdə rolunu oynayıb. Hollandiyaya köçdükdən sonra öncə holland dilini öyrəndim və 2010-cu ildən bu ölkədə ümumi diaspor fəaliyyətinə qatılmağa başladım. “Connect” Təşkilatı sırf diaspor fəaliyyəti ilə məşğul deyil. Biz Hollandiya və Azərbaycan, eləcə də Hollandiya ilə digər türk dilli ölkələr arasında mədəni, iqtisadi əlaqələrin daha da sıx qurulmasına öz töhfəmizi verməyə çalışırıq. Məqsədimiz odur ki, təşkilatımız heç bir kənar maliyyə dəstəyinə ehtiyac olmadan fəaliyyət göstərmək imkanını əldə etsin. Yalnız belə olduğu halda ortaya səmərəli iş qoymaq mümkündür. Təşkilatımızın bu günə qədər həyata keçirdiyi bütün işləri öz hesabımıza eləmişik. Hər bir azərbaycanlı yaşadığı xarici ölkədə öz bacardığı, imkanı çatdığı qədər Azərbaycanın milli maraqlarını təbliğ eləməlidir.

- İndiyədək təşkilatınız hansı işləri həyata keçirib? Hollandiya cəmiyyətində Azərbaycanı, Azərbaycanın işğala məruz qalan ölkə olduğunu bilirlərmi? 

- Mən hələ 2010-cu ildə Hollandiya parlamentinin üzvlərinə görüş üçün müraciət etdim. Parlamentdə təmsil olunan İşçi Partiyasının üzvü, deputat, ədliyyə naziri statusunu daşıyan türk əsilli Nəbahat Albayarakla görüşdüm. Azərbaycanla, Qarabağ problemi ilə bağlı onu xeyli məlumatlandırdım. Müəyyən qədər informasiyası öncədən də var idi. Bundan sonra bir sıra digər parlamentarilərlə, bələdiyyə başçıları ilə görüşlərmiz olub. Bütün görüşlərimdə Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistan tərəfindən işğal olunduğunu tarixi, hüquqi faktlarla diqqətə çatdırmışam. Görüşdüyüm insanların bəzilərinin ermənilərin illərlə apardığı təbliğatın təsiri altında yanlış informasiya ilə yükləndiyinin şahidi olmuşam və həmin adamlara əsl həqiqətin necə olduğunu izah etmişəm. “Connect”in fəaliyyətə başlaması yeni olsa da qeyd etdiyim istiqamətdə addımlarımız davam etdirilir. Bu ilin aprelində Qarabağ cəbhəsində hərbi əməliyyatlar olan zaman bütün erməni saytları, ermənilər Hollandiyada və digər Avropa ölkələrində təbliğat aparırdılar ki, guya Azərbaycana İŞİD döyüşçüləri kömək edir, Qarabağdakı ermənilərə İŞİD-lə Azərbaycan ordusu birləşərək hücum ediblər. Biz Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirirdik və oradan bütün ictimaiyyətə bəyan edirdik ki, ermənilərin İŞİD-in Azərbaycana kömək etdiyi təbliğatına heç kim inanmasına, belə bir şey yoxdur. Bu zaman qəfildən bir dəstə gənc peyda oldu və səfirliyin önündə “Təkbir”, “Allahu-əkbər” deyə qışqırmağa başladılar. Ermənilər üçün həmin adamların bu addımı göydəndüşmə fürsət oldu. Səfirliyin pəncərəsindən həmin gənclərin videosunu çəkib öz böhtanlarına “sübut” kimi yaymağa başladılar. Həmin bir qrup gənc əslində öz hərəkətləri ilə Azərbaycanın xeyrinə yox, ziyanına hərəkət etmiş oldular. Mən buradan bütün soydaşlarımıza müraciət edirəm ki, belə məsələlərdə diqqətli olsunlar. Biz müsəlmanıq, azərbaycanlıyıq, amma hansı şüarın harada səsləndirilməsinin lazım olduğunun fərqinə varmaq vacibdir. Mən Hollandiyada keçirdiyim görüşlərdə, verdiyim müsahibələrdə, efirdən çıxışımda deyirəm ki, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və Azərbaycan dövləti onlara sahib çıxmağa hazırdır. Ancaq bir çox soydaşlarımız bəzən görürsən ki, “erməniləri qıracağıq” kimi ölkəmizin zərərinə olan fikirlər işlədirlər. Biz isə bir təşkilat olaraq avropalıları əmin etməyə çalışırıq ki, Azərbaycan dövləti erməni xalqına düşmən kəsilməyib, torpaqlarımızın işğalına son qoysalar, ermənilərlə birlikdə yaşamaq mümkündür. Ermənilərin Avropada təbliğatına bu cür təbliğatla zərbə vurmaq mümkündür, “erməniləri qıracağıq” təbliğatı ilə yox. Hollandiya Avropa Birliyinin önəmli üzvlərindən biridir və bu ölkənin siyasi, ictimai çevrələrinin mövqeyinə təsir etmək vacibdir. Biz buna çalışırıq.  

- Azərbaycanlılar və ermənilərin Hollandiyada sayı, fəallığını müqayisə edəndə üstünlük hansındadır?

- Say hesabı ilə azərbaycanlılar ermənilərdən çoxdur. Səfirliyə əsasən statistik məlumat verilmişdi ki, Hollandiyada 20 min azərbaycanlı yaşayır. Əvvəllər azərbaycanlıların aktivliyi ürəkaçan səviyyədə olmasa da, son illər aktivlik, Hollandiya cəmiyyətinə nüfuz etmələri müşahidə edilir. Ermənilərin sayı isə 5 mindən bir az yuxarı olar. Ermənilər bütün dünyada olduğu kimi, Hollandiyada da hansısa qüvvələrin əlində lazım olanda işlədilən, qabağa verilən alət rolunu oynayırlar. Erməni diasporunu güclü göstərməkdə maraqlı dövlətlər, maraqlı qüvvələr var. Həmin dövlətlər və qüvvələr özlərinin etmək istədiyi, göstərmək istədiklərini  erməni diasporasının adı ilə edirlər. Nəticədə belə bir rəy yaranır ki, erməni diasporu çox güclüdür. Hollandiyada erməni diasporası əslində heç də güclü deyil. Deyilə bilər ki, Hollandiyanın paytaxtında “erməni soyqırımı”na abidə ucalda biliblər. Əslində burada da məhz dediyim maraqlı qüvvələrin istəyi rol oynadı. Həmin abidə ucaldılan zaman mən Hollandiya parlamentinin üzvləri ilə görüşdüm və nədən qondarma “erməni soyqırımı”na abidə qoyulmasına icazə verildiyini sual etdim, etirazımı bildirdim. Hollandiya mətbuatında Azərbaycanla bağlı, Qarabağ problemi ilə bağlı onlarla yazılarım dərc olunub, müsahibələrim olub.

- Hollandiyada azərbaycanlıların diaspora təşkilatlarının bir-biri ilə əməkdaşlığı varmı? 

- Mən çox tənqidə yol vermək istəmirəm. Təşkilatlarımız çoxdur, hər kəs də bacardığı və səviyyəsinin yol verdiyi çərçivədə fəaliyyət göstərir. 

- Azərbaycan Diaspora üzrə Dövlət Komitəsi ilə əlaqələriniz hansı səviyyədədir? 

- İlk dəfə idi ki, bu il dünya azərbaycanlılarının 4-cü qurultayına Azərbaycan Diaspora Komitəsi məni dəvət etdi. Mən də gəlib iştirak elədim. Mən özümlə yanaşı rəhbərlik etdiyim təşkilatın iki holland üzvü ilə gəlmişdim ki, onlar qayıdıb öz ölkəsində Azərbaycanla bağlı yazılar yazsınlar, müsahibələr versinlər. Belə də oldu. 4-cü qurultaya beş qovluq təkliflər hazırlayıb gəlmişdim. Təkliflərim Diaspora Komitəsinə, Təhsil Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmək üçün idi. Bizə deyilmişdi ki, bu qurumlar bizimlə görüşəcəklər. Təəssüf ki, görüş olmadı. Mən də həmin qovluqları Diaspora Komitəsinin nümayəndəsinə təqdim eləyib həmin ünvanlara çatdırılmasını xahiş etdim. Mənim təkliflərimin bir çoxu ölkə prezidenti cənab İlham Əliyevin 4-cü qurultayda çıxışında irəli sürdüyü təkliflərin bir çoxu ilə üst-üstə düşürdü. Məsələn, cənab prezident  çıxışında bildirdi ki, Azərbaycan reallıqlarını təbliğ etməyin ən səmərəli yollarından biri azərbaycanlıların yaşadıqları ölkələrdə həmin ölkələrin xalqlarının dilində saytlar açmasıdır. Mən də hazırladığım təkliflər sırasında bu məsələ əksini tapmışdı. Ancaq hələ ki prezidentin irəli sürdüyü bu ideyanın gerçəkləşməsi istiqamətində təəssüf ki, addımlar atılmayıb. Halbuki bu çox vacib, həllini gözləyən məsələdir. 

Mən Hollandiyaya dönəndən sonra planımda var ki, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü ilə bağlı ancaq hollandların iştirakı ilə bir böyük tədbir keçirim. Artıq yerli media və siyasət adamları ilə bu barədə danışmışam, hazırlıq gedir. Diaspora Komitəsi ilə bu tipli tədbirlərin keçirilməsində, saytlar yaradılması işində əməkdaşlıq yaxşı olardı. Mənim dövlətimizin qəpiyində gözüm yoxdur. 

Etibar SEYİDAĞA



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR