Hökumətin siyasətində dəyişiklik - siyasi məhbuslar azad ediləcəkmi?
Son zamanlar ölkədə “MTN işi” konteksində baş verən həbslər, hakimiyyətin daxilində onlarla ona qarşı çıxanların, xəyanət edənlərin olduğunu göstərdi. Bu faktı iqtidar nümayəndələri də təsdiq edirlər ki, “MTN işi” çərçivəsində həbs olunanlar, əslində dövlət daxilində çətə quraraq, qeyri-qanuni işlər görüblərmiş. Lakin maraqlı hal budur ki, elə bu gün həbs olunanların bir çoxlarının apardıqları əməliyyat nəticəsində Azərbaycanda media nümayəndələri, Qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ağır ittihamlarla məhbəsə salınıb. Həbsdə olan ictimai sektorun nümayəndələrinin bir qismi dövlətə xəyanət etməkdə günahlandırılıb. “MTN işi” göstərdi ki, dövlətə ən böyük xəyanət edənlər, QHT-lərdə yox, ölkə üçün əhəmiyyətli dövlət sturukturlarında çalışanlar olub.
Belə olan təqdirdə Azərbaycan iqtidarı, həbsdə olanlara qarşı siyasətini dəyişə bilərmi?
Məsələ ilə bağlı musavat.com-a millət vəkili Zahid Oruc danışıb. O bildirib ki, hazırkı hadisələrə daha aydın nəzərlərlə baxmaq üçün zamana ehtiyac var:
“Son zamanlar adı çəkilən sturukturların dünya çapında da fəaliyyəti birmənalı olmayıb. Misal üçün, Amerikanın həyatına nəzər salarkən görməkdəyik ki, hələ Con Kennedi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı ölkənin içərisində elə bir xəfiyyə strukturu formalaşdırmışdı ki, o, dövlət içərisində real dövlətə çevrilmişdi. Azərbaycanda da sanki belə bir “paralel yapı” mövcud olub. Onlar bütün işlərə elə barmaqlar uzadıblar ki, həm iqtisadi sferada, həm siyasi həyatda, həm də vətəndaş-dövlət, media-hakimiyyət əlaqələrində xeyli anlaşılmazlıqlar yaradıblar. İndi bu kimi problemləri ortadan qaldırmaq üçün çox dəqiq işləmək lazımdır. Elə proqramlar tərtib etmək lazımdır ki, dövlətin bu sahədə fəaliyyətini hüquq müstəvisinə gətirərkən, ortada cinayətkarlar xüsusi bir nəfəslik əldə edib, yenidən keçmiş anti-dövlət fəaliyyətlərini qazanmasınlar. Eyni zamanda elə edilməlidir ki, bu fəaliyyətə qurban olan, onların əməllərindən zərər çəkənlərin də haqqı bərpa olunsun. Ona görə də hazırda söyləmək çətindir ki, tutalım, hansı QHT rəhbərlərinin fəaliyyətini ifşa adı ilə onlar, öz şəxsi qisasçılıq hisləri ilə davranıblar, yaxud da dövlətə öz fəaliyyətlərini süni şəkildə göstərmək istəyiblər. Həmçinin, bu cəbhədə aktivlik hesabına, başqa bir məkanda digər insanlar üzərinə “səlib yürüşünü” təşkil etmək üçün bu əməllərindən necə faydalanıblar”.
Zahid Oruc bildirib ki, bir günahsız şəxsin düşmən obrazının yaradılması ilə cəmiyyətin və dövlətin elitasını inandırmaqla, bunun paralelində başqa işlər görülüb:
“Haradasa qızıl külçələr qazanılıb, sahibkarları tələlərə salıblar. Bunun nəticəsində hazırda gördüyümüz villalar peyda olub. Ancaq bu, məsələnin görünən hissəsidir. Dövlətin masası üzərindən yatırılan informasiyalar isə daha böyükdür.Hesab edirəm ki, bu sturukturu yaradanlar ilk növbədə dövlət başçısından cəzanı aldıqdan sonra digərlərinin hüquqlarının qorunması istiqamətində addımlar atılacaqdır. Eyni zamanda həmin bu kəşfiyyatın məlumatları hesabına həbsdə olan hər hansı bir media işçisi, QHT nümayəndəsinin də işlərinin bir qisminin yenidən etibarlıq dərəcəsini yoxlamaq lazımdır. Lakin burada, elə hamını qurbanlıq elan etmək olmaz. Onların bir sturukturun əli ilə həbs olunduğunu, sanki, ölkəni bir nazirlik idarə edirmiş kimi mənzərəsini də ortaya çıxarmaq çox yanlış olar.Təbii ki, ölkədə təhlükəsizlik həyatı, hərbi sferada Silahlı Qüvvələr vasitəsi ilə, dövlətin daxilində müvafiq orqanlarının strateji layihələri Xüsusi Dövlət Mühafizə Xidməti vasitəsi ilə təmin olunur. Eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat işinə isə Milli Təhlükəsizlik Nazirliyi baxır. Bunlar isə çox mümkündür ki, “beşinci kolon”un içərisinə elə öz adamlarını salıblar ki, onun timsalında guya kimlərisə cəzalandırıblar. Ancaq digər tərəfdən dinləmək, dövləti daxildən almaq, sahibkarların üzərinə yürüşlər kimi addımlar atıblar”.
Məsələ ilə bağlı musavat.com-a ReAl hərəkatının icra katibi Natiq Cəfərli də danışıb. O bildirib: “Biz sadəcə arzulaya bilərik ki, hökumət QHT-lərin çalışmasının əslində onun özünə xeyirli olduğunu qəbul etsin. Dünyanın bütün ölkələrində QHT-lərin apardığı araşdırmalar, hökumətin atdığı addımların müəyyən dəyişikliyi üçün mühim rol oynayır. QHT-lər bu anlamda, hökumətin görməli olduğu işlərin böyük bir hissəsini –araşdırma, elmi yanaşma və sairə, öz üzərinə götürür. Azərbaycanda isə son dövrlər sanki QHT-lərə düşmən kimi baxılıb. Nəticədə isə bu təşkilatlar sıradan çıxarılıb. Əlbəttə ki, bu tamamilə səhv bir yanaşma idi. Jurnalistikanın özü belə Azərbaycanda basqı altında olub. Halbuki, Azərbaycan jurnalistləri bu gün, baş verən hadisələr barəsində, məmurların özbaşınalıqları haqqında yüzlərlər məqalələr yazırdılar. Ancaq ölkə hakimiyyəti, hüquq-mühafizə orqanları bunlara heç bir reaksiya vermirdilər. Əksinə, yazanları təqib edirdilər. İndi isə artıq məlum olur ki, dövlətin çox vacib qurumlarında, nazirliklərində böyük qanunsuzluqlara, haqsızlıqlara yol verilib. Ümid edək ki, Azərbaycanın düşdüyü hazırkı ağır durumda, iqtisadi problemlərin mövcud olduğu dövrdə, heç olmasa hökumət siyasətində yenidən qiymətləndirmə aparacaq. Ancaq görünən bir məqam budur ki, hökumət öz siyasətində hələ köklü dəyişiklik etmək fikrində deyil. Azad fikr hələ də təzyiq altındadır. Böyük əksəriyyət Azərbaycanda təkamül yolu ilə inkişafın tərəfdarıdır. Ancaq təkamül də azad rəqabətdən doğur. Bu baxımdan ilk olaraq yuxarıda qeyd etdiyim məsələlər həll olunmalıdır”.
Əli Rais, musavat.com






