İndiyə qədər 1 m3 suyun qiyməti Bakı-Abşeron yarımadası və iri şəhərlərdə 18 qəpik (ƏDV ilə 22 qəpik), rayonlarda isə 14 qəpik idi. Şura dəmiryol qatarlarına biletlərin qiymətini kəskin artıraraq indiyədək əsasən əhalinin aztəminatlı hissəsinin istifadə etdiyi bu nəqliyyat növünü bir çoxları üçün əlçatmaz edib. Qiymət artımından sonra Bakıdan Qazağa sürət qatarının kupesində getmək üçün 15 manat ödəmək lazım gələcək. Əvvəl isə bu qiymət 7 manatdan da az idi.


Tunis, Misir və digər ərəb ölkələrində soyğunçu bahalaşma, korrupsiya və sosial ədalətsizlikdən boğaza yığılan xalqın uzun illər boyu hakimiyyətdə olan avtoritar rejimləri domino daşları kimi bir-birinin ardınca aşırdığı bir vaxtda Azərbaycan hökumətinin bu qiymət artımına getməsi bir çox ekspertlər tərəfindən təəccüblə qarşılanıb. Çünki hökumət rəsmiləri son qiymət artımlarını əsaslandırmaq və onun əhalinin sosial durumuna heç bir ciddi təsir etməyəcəyini sübut etmək üçün çalışsalar da real vəziyyət başqa şey deyir. Artıq qiymət artımından sonra Bakı dəmiryol vağzalına baş çəkən əməkdaşımız sərnişinlərin üsyan əhval-ruhiyyəsində olduğunu müşahidə edib. İqtisadçı ekspertlər qeyd edir ki, artıq neçənci dəfədir qiyməti artıran hökumət xidmətdə heç bir keyfiyyət dəyişikliyi etmir. Bu isə əsl soyğunçuluqdur və əhalidə ciddi narazılıq yaradır.


Xatırladaq ki, hökumət 2007-ci ildə elektrik enerjisinin qiymətini birdən-birə üç dəfə, benzinin qiymətini orta hesabla 50 faiz qaldıraraq əhalinin qəzəbinə tuş gəlmişdi. O qiymət artımlarından sonra ölkədə bütün sahələrdə kəskin bahalaşma başladı və əhalinin aztəminatlı hissəsi (Azərbaycanda varlı hakim elita ilə cəmiyyət arasında kəskin uçurumun mövcud olduğu bir vaxtda belələrinin sayı kifayət qədər çoxdur) hələ də bu artımların nəticəsi olaraq kommunal xərclərin altında əzilməkdədir.


Belə görünür ki, Azərbaycan hökuməti qaz, işıq, benzin, su və s. tarifləri dəfələrlə artırmağı, əmək haqları və pensiyalara isə seçkilərdən seçkilərə 15-20 faizlik cüzi artım etməyi iqtisadi siyasətinin əsas xəttinə çevirib. TŞ-nin katibi Elşən Əsədov KİV-ə açıqlamasında sübut etməyə çalışıb ki, məsələn, suyun qiymətinin artması əhalinin büdcəsinə heç bir təsir etməyəcək. O, artımı əsaslandırmağa çalışaraq “Azərsu”nun öz xərclərini ödəyə bilmədiyini göstərib. “Azərsu” Azərbaycanda ən çox korrupsiyalaşmış, təsərrüfatsızlığın hökm sürdüyü qurumlardan biri hesab olunur. Məhz bunun nəticəsidir ki, Bakıda və digər iri şəhərlərdə əhalinin xeyli hissəsi hələ də normal içməli su tapa bilmir, Bakı ətrafında isə elə qəsəbələr var ki, onların əhalisi hələ də içməli suyu maşınlardan almaq məcburiyyətindədir. Hesablamalara görə, son qiymət artımı 4 nəfərlik ailədə hər ay əlavə 5-6 manat su pulu deməkdir. Müqayisə üçün deyək ki, bu, ötənilki parlament seçkiləri ərəfəsində pensiyalara və büdcə təşkilatlarında işləyənlərin əməkhaqlarına edilən artımın yarısı deməkdir.


TŞ katibi onu da deyib ki, yaxın aylarda benzinin, qazın, elektrik enerjisinin qiymətinin artması ilə bağlı müraciətlər yoxdur və müzakirə də aparılmır. Lakin Elşən Əsədov cəmi bir ay öncə “Azadlıq” radiosuna demişdi ki, qiymət artımı ilə bağlı onlara heç bir müraciət olmayıb. Sitat: “Əhalini maraqlandıran benzindi, qazdı, sudu - bununla bağlı bizdə müraciət və müzakirə yoxdur”.
Göründüyü kimi, növbəti dəfə hökumət kəskin bahalaşma qərarını əhali üçün sürpriz olaraq qəbul edib. Hökumətə yaxın qaynaqlardan redaksiyamıza çatan məlumatlara görə, rəsmilər benzinin və qazın qiymətlərinin artmayacağına əhalini arxayın salmağa çalışsa da bu artım barədə də qərar artıq verilib. Sadəcə olaraq, onu indi elan etməkdən çəkiniblər və əhalinin növbəti bahalaşma dalğasına reaksiyalarını öyrənəndən sonra qərarı rəsmiləşdirməyə hazırlaşırlar. Gözlənilir ki, TŞ aprelin sonlarında, yaxud mayın ilk günlərində bu cür sürpriz şəkildə benzinin və əhaliyə satılan təbii qazın qiymətində kəskin artım edəcək. Qiymət artımının bu cür soyğunçu və qəfil modelini seçən hökumət komandası hesablayıb ki, məsələn, qazın qiymətini yaz aylarında artırmaq daha münasibdir. Çünki həmin aylardan başlayaraq əhalinin istehlak etdiyi qazın həcmi kəskin azalır və beləliklə də artım ailə büdcəsində o qədər də ciddi hiss edilmir. Qışa qədər isə emosiyalar soyuyur və əhali bu artımla barışır.
Heç bir şübhə yoxdur ki, kəskin qiymət artımları ilə əhalini narazı salan TŞ formal qurumdur, bahalaşma qərarı əlbəttə ki, ən yüksək səviyyədə qəbul edilir. Lakin dövlət başçısını bu cür qiymət artımlarına inandıran iqtisadi komanda var. TŞ-yə daxil olan nazirliklərin siyahısına nəzər salmaqla bu komandanın üzvlərini görmək olar. Arayış üçün qeyd edək ki, şuranın 10 üzvü var. İndiki halda qiymət artımının yaratdığı sosial narazılığı, bütün dünyanın maraqla izlədiyi, o cümlədən postsovet məkanındakı avtoritar rejimlərin yuxusunu qaçıran “ərəb dalğası”nı və Azərbaycandakı ümumi sosial durumu nəzərə almaqla çəkinmədən bu qənaətlə çıxış etmək olar: Azərbaycanda inqilabi dəyişikliklərə səbəb olacaq sosial partlayışı körükləyənlər bilavasitə hökumətin içindədir. Şok qiymət artımları ilə bağlı qərarları rəsmiləşdirən qurum kimi TŞ-nin aşağıdakı üzvləri isə əsl inqilabçılardır:
Maliyyə nazirinin müavini Azər Bayramov, vergilər nazirinin müavini Natiq Əmirov, ədliyyə nazirinin müavini Toğrul Musayev, nəqliyyat nazirinin müavini Musa Pənahov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti generalı Səfər Mehdiyev, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Quliyev, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, səhiyyə nazirinin müavini Elsevər Ağayev.
Bunlarla yanaşı, ölkənin korrupsiya girdabında boğulmasına səbəb olan, iqtisadiyyatın və biznesin bütün gəlirli sahələrini öz nəzarətlərinə alıb milyardlarla dollar sərvət toplayan baş inqilabçılar - superoliqarxlar da var. Nə vaxtsa Azərbaycanda da Tunis və Misirdəki kimi xalq etirazları başlasa, yəqin ki, onlar özlərini əsl Çe Gevara kimi hiss edə bilərlər...






