İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət üzvləri parlamentə gəldi - büdcənin icra vəziyyəti müzakirə olundu

670 15.06.2019 10:10 Ölkə A A

Vergilər naziri Mikayıl Cabbarov: “Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb”

Milli Məclis vətəndaşlara qanunvericilik təşəbbüsü hüququndan istifadə hüququ verən qanunu müzakirəyə çıxartdı; seçki hüququ olan azı 300 nəfər bunun üçün təşəbbüs qrupu yarada biləcək

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Spiker 15 iyun Milli Qurtuluş günü ilə bağlı qısa nitq söylədi və hamını bayram münasibətilə təbrik etdi.

Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. İlk olaraq “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini II oxunuşda müzakirəyə çıxarıldı. Qeyd edək ki, hökumət üzvləri də iclasda iştirak edirdi.

İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, birinci oxunuşdan sonra qanun layihəsi hökumət üzvlərinin iştirakı ilə müzakirə edilib, bir sıra təkliflərə baxılıb. Bəzi təkliflərə isə növbəti ilin dövlət büdcəsində baxılmasına qərar verilib. Z.Səmədzadə bütün deputatları qanun layihəsinə səs verməyə çağırdı.

Deputat Şəmsəddin Hacıyev dedi ki, bu gün Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Ş.Hacıyev Ermənistanda orta aylıq əmək haqqının Azərbaycandan yüksək olduğu barədə ötən iclasda deputat həmkarının səsləndirdiyi fikirləri təkzib etdi: “Hər il ölkəni on minlərlə insan tərk edir, yoxsulluq, rəzalət. Belə bir vəziyyətdə hansı rifahdan, yüksək əmək haqqından danışmaq olar? Azərbaycanda ÜDM-in səviyyəsi Ermənistandan 8 min dollar yüksəkdir. Əmək haqqının səviyyəsində gəldikdə, 374 dollar yüksəkdir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın 72 faizini, Ermənistan isə 12 faizini təşkil edir”.

Deputat Rauf Əliyev seçicilərinin müraciəti əsasında binaların giriş hissələrinin təmir olunması ilə bağlı məsələ qaldırdı: “Hər bir səyyar görüşdə camaat bu məsələni qaldırır. Mən fürsətdən istifadə edirəm, nazirlərimiz də buradadır. Xahiş edirəm ki, bu məsələ ilə əlaqədar tədqiqat aparılsın, növbəti illərdə bu məsələlərin həlli istiqamətində addım atılsın”.

Spiker dedi ki, biz büdcəni müzakirə yox, onun icrasını müzakirə edirik.

“Nağdsız ödənişlərdən imtina ilə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminaldan istifadədən yayınmağa şərait yaradır”.

Vergilər naziri Mikayıl Cabbarov bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söylədi. Qeyd edək ki, əvvəlki iclasların birində spiker Oqtay Əsədov POS-terminallardakı problemlərlə bağlı narazılığını ifadə etmişdi.

Nazir isə bildirdi ki, Vergilər Nazirliyi bu məsələ ilə bağlı əvvəllər də qanunvericilik təşəbbüsü ilə çıxış edib: “Lakin qurumlararası razılaşdırma prosedurları vaxtı bu təşəbbüs dəstəklənməyib. Əgər yenidən bu mövzu gündəmə gələrsə - Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır - təbii olaraq biz yenidən həmin qanun layihəsini təqdim etməyə hazırıq”.

M.Cabbarov qeyd etdi ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir: “Bu baxımdan hökumət tərəfindən nağdsız mühitin genişlənidirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi, rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görülməkdədir. Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-cı illə müqayisədə POST-terminalların sayında 16%-dək azalma olub. 2016-cı ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67032 POST-terminal qeydiyyatdadır. Eyni zamanda hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.

Nazir M.Cabbarov onu da dedi ki, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi nəzərdə tutulur: “Milli Məclisin təsdiq etdiyi, cənab prezidentin imzaladığı qanuna əsasən, yanvar ayının 1-dən nağdsız qaydada ödənilmiş ƏDV-nin15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib. Hazırda bu prosesin başlanması üçün müvafiq hüquqi, təşkilati işlər davam edir. Düzdür, burada müəyyən məsələlərin sürətləndirilməsinə də ehtiyac var. Biz həmkarlarımızla, ilk növbədə Maliyyə Nazirliyi ilə bu məsələdə sıx çalışırıq. İnanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq. İkinci vacib məqam ondan ibarətdir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, POST-terminallardan istifadə edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə əlavə vergi güzəştləri müəyyən edilib. Belə 2019-cu ilin yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır”.

Bundan sonra 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ikinci oxunuşda səsə qoyuldu və 102 səslə qəbul edildi və hökumət üzvləri zalı tərk etdi.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik layihəsini  Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim etdi. Səsvermə zamanı isə məlum oldu ki, prosesdə cəmi 78 deputat iştirak edib. Bu isə spikeri əsəbləşdirdi: “100 nəfər oturub, amma 78 nəfər səs verir. Bu, nə deməkdir?!”

Sədrin iradından sonra təkrar səsvermə keçirildi və qanun layihəsinə 100 nəfər səs verdi.

Milli Məclisdə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası qanunu layihəsi birinci oxunuşda müzakirə olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verdi. Bildirdi ki, “Normativ hüquqi aktlar haqqında” qanunda qanun layihələrinin normayaratma orqanına təqdim edilməsi qaydası yer alıb. Bu müddəalar vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təklif etdikləri qanun layihələrinə də şamil olunur. Komitə sədrinin sözlərinə görə, elə təəssürat yaranmamalıdır ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdim edəcəkləri qanun layihəsi onların istədikləri formada olmalıdır: “Bu, mümkün deyil. ”Normativ hüquqi aktlar haqqında" Qanunun tələbləri var və ona riayət edilməlidir".

Qeyd olundu ki, qanun layihəsi 10 maddədən ibarətdir. Layihədə qeyd olunub ki, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur. Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan azı 300 nəfər Azərbaycan vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər. Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir. Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorlar seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi barədə iclas protokolu iclasın sədri və katibi tərəfindən imlazanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur. Təşəbbüs qrupunun iclasında iştirak edən vətəndaşların siyahısında onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi qeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir. Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edir.

Deputat Fərəc Quliyev çıxışında bildirdi ki, 40 min seçicinin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi tamamilə normaldır: “Amma hər bir deputat orta hesabla 40 min nəfərin iradəsini ifadə edir, onların da səsləndirdiyi təklifləri nəzərə almaq işin faydasına olar. Burada fraksiya yaratmaq mümkün deyil. Amma deputat təkliflə çıxış edirsə, ona da diqqətli yanaşmaq lazımdır. Təklif edirəm ki, deputat müəyyən nazirliklərin müəyyən naqislikləri haqqında danışanda onun dedikləri bu zalda qalmasın, həmin nazirliklərə çatdırılsın. Deputatların təkliflərini müvafiq komitədə müzakirəyə çıxarılması mümkündür”.

Deputat Elmira Axundova qanun layihəsində məhdudiyyətlərin kifayət qədər çox olduğunu vurğuladı. Həmçinin layihədəki anlaşılmazlıqla bağlı komitə sədri Əli Hüseynliyə sual ünvanladı.

milli məclis ile ilgili görsel sonucu

Deputat Qüdrət Həsənquliyev dedi ki, əslində bu normanın konstitusiyaya salınması artıq idi: “Ancaq artıq bu, konstitusiyaya salınıb. Yəni istənilən qanun layihəsini seçicilər öz deputatı vasitəsilə gündəliyə gətirə bilər. Ona görə də insanlara əziyyət verməyə ehtiyac yox idi”.

Q.Həsənquliyev yaradılacaq təşəbbüs qrupunun üzvlərinin sayının 300 nəfər olması ilə bağlı müddəanın suallar doğurduğunu vurğuladı: “Təşəbbüs qrupunun imzalarının yoxlanılması üçün iki ay müddətin qoyulması da suallar yaradır”. Amma Q.Həsənquliyev ümumilikdə qanun layihəsinə səs verəcəyini bildirdi.

Deputat Qənirə Paşayeva da bu qanunun demokratik prosesə öz töhfəsini verəcəyini bildirdi. Ancaq xanım deputat dedi ki, 300 nəfərin Təşəbbüs Qrupunu yaratmasına toxundu: “Bu, kiçik rəqəm deyil. Nədən bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni təqdim edə bilər? Biz niyə onların fəaliyyətini məhdudlaşdırırıq? Belə bir qrupun yaradılması onsuz da asan bir proses deyil”.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışı zamanı qanun layihəsini müsbət qiymətləndirdiyini bildirdi: “Hesab edirəm ki, ümumən belə bir qanunun olması hüquqi dövlət quruculuğu prosesinin dərinləşməsi baxımından son dərəcə vacibdir. Heç şübhəsiz, bu qanun da qanunvericilik bazamızı zənginləşdirəcək. Layihəni diqqətlə oxudum. Söhbət qanunvericilik prosesində vətəndaş iştirakçılığını artırmaqdan gedir. Bunun hüquqi əsasının olması yenə də deyirəm, müsbət haldır. Ancaq düşünürəm ki, bu prosesi bir qədər asan formada müəyyənləşdirmək mümkün idi. Yəni qanunvericilik təşəbbüsü ilə çıxış etmək fikri varsa, istək sadə yolla həyata keçsin. Hansısa vətəndaş və ya vətəndaşlar təklif verməyi düşünürlərsə, bu prosesi mürəkkəbləşdirilmiş mexanizm vasitəsilə həyata keçirmək vətəndaşları təşəbbüs hüququndan imtinaya sövq edə bilər”.

İlgili resim

Ə.Amaşov digər bir məqama da toxundu: “Vətəndaşın qanunvericilik təşəbbüsü hüququ onsuz da var. Bunun üçün adi məktub yazmaq da kifayətdir. Mənə elə gəldi ki, layihə bu hüququ müəyyən mənada çərçivəyə salır. Əslində isə çərçivə yox, səliqə-sahman olmalıdır. İstərdim ki, qanun layihəsi daha çox bunu əsas götürsün. Bir məqamı da vurğulayım. Tutaq ki, vətəndaş, yaxud vətəndaşlar hansısa məsələ ilə əlaqədar qanunvericilik təşəbbüsü qaldırmaq istəyirlər. Təbii ki, onların bununla bağlı müraciəti niyyət, məram və istək göstəricisidir. Müvafiq qurumlar isə bunu öyrənməli və təhlil etməlidirlər. Hesab edirəm ki, belə olduqda qaldırılan məsələnin qanun kimi rəsmiləşməsi daha asan olacaq. Şərt o deyil ki, vətəndaşlar öz istəyini qanun layihəsi kimi təqdim etsinlər”.

Deputat bununla yanaşı, qeyd etdi ki, qanunun yaranması cəmiyyətin sosial sifarişindən irəli gələn zərurətdir: “Mən bu zərurəti hər hansı formada təmin edən bütün vasitələrin tərəfdarıyam. Hesab edirəm ki, müzakirə etdiyimiz layihə də həmin vasitələrdən biridir. Amma yenə də deyim, elə olmalıdır ki, vətəndaş üçün qanunvericilik təşəbbüsü qaldırmaq niyyəti daha əlçatan mexanizmlə həyata keçirilsin. Vətəndaşlar MSK, Milli Məclis və digər orqanların labirintində itib-batmasınlar. Ona görə də hesab edirəm ki, layihənin üzərində müəyyən dəyişikliklərin aparılmasına ehtiyac var”.

Komitə sədri Ə.Hüseynli təkliflərə münasibətini bildirəndən sonra layihə ilk oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR