İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət növbəti dəfə islamçıların aksiya keçirməsinə icazə vermədi

844 22.12.2014 08:48 Son xəbər A A

Azərbaycan İslam Partiyasının növbəti dəfə aksiya keçirməsinə icazə verilməyib. AİP-in dekabrın 21-də siyasi məhbuslara azadlıq tələbi ilə keçirməyi planlaşdırdığı aksiyanın keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməyib. BŞİH-dən AİP-ə göndərilən cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”un maddələrini əsas gətirərək mitinqə razılaşmadıqları bildirilib. Eyni zamanda, mitinq üçün müraciətdə anlaşılmazlıq olduğu və müraciətdə gah dövlət qeydiyyatından keçməyən partiya nümayəndələri, gah da ölkə vətəndaşı kimi təqdim olunduğu qeyd olunub. 

Partiya sədri Elçin Manafov “Media forum” saytına deyib ki, BŞİH-in cavabı əsaslandırılmayıb: “Meriya qeyd edir ki, ayrı-seçkiliyə, ədavətə və zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən toplantılar qadağa edilir. Axı bizim mitinq keçirməkdə məqsədimiz bunlar deyil. Biz dindarlara, islamçılara qarşı təzyiqlərin durdurulması, Qarabağla bağlı problemin həlli tələbi ilə mitinq keçirmək niyyətindəyik”.


Qeyd edək ki, İslam Partiyasının sədri Mövsüm Səmədov başda olmaqla bir qrup üzvü 2011-ci ilin yanvarında həbs olunub. Partiya məhbuslara azadlıq tələbi ilə bir neçə dəfə aksiya keçirmək üçün müraciət etsə də, Bakı Şəhər İcra Hakimiyyəti hər dəfə müxtəlif səbəblər göstərərək aksiyaya icazə verməyib. 

Növbəti dəfə aksiya tələblərinə mənfi cavab verilən AİP rəhbərliyi prezident İlham Əliyevə müraciət edib. Müraciətdə ölkədə hazırkı dini durum, bu günə gətirən səbəblər barədə qeyd olunur. Cəmiyyətdə dini sahədə maariflənmənin aparılmasında böyük rolu ola biləcək şəxslərin həbsdə olduğu vurğulanır: “Bu gün imanlı, islam dininin biliciləri, təqvalı, eyni zamanda vətənpərvər, xalqını sevən və uca dəyərləndirilən insan Mövsüm Səmədovun, Fəramiz Abbasovun, Abgül Süleymanovun, Taleh Bağırovun, hazırda haqqında həbs qətimkan tədbiri seçilən Elşən Mustafaoğlunun cəmiyyətdən təcrid olunaraq həbsxanaya salınması dinimizə, onun düzgün təbliğinə, müsəlmanlar tərəfindən sevilməsinə böyük zərər verməkdədir. Ölkəmizin hüquq mühafizə orqanlarına bəllidir ki, son dövrdə bəzi yad dini cərəyanlar insanları, xüsusən dini bilgiləri olmayan həmvətənlərimizi, bacı-qardaşlarımızı aldadaraq milli qarşıdurmaya cəlb etməklə ölkədə və xaricdə təxribatçılıq əməlləri törədirlər. 
Daha narahatedici digər amil din alimlərimizin, başda Hacı Mövsüm Səmədov olmaqla, cəza çəkdikləri həbsxanalarda ağır şəraitdə saxlanılması, vəkilləri ilə görüşlərinin qanunsuz olaraq məhdudlaşdırılmasıdır. Onların səhhətlərindəki ağır problemlərə əhəmiyyət verilmir. Din alimlərinin, inanclı insanların ailələri məhbus həyatı yaşayan ailə başçıları ilə mütəmadi görüşə bilmirlər. İctimaiyyət nümayəndələrinin də dindar məhbuslarla görüşləri məhdudlaşdırılır".


Müraciətin sonunda ölkə başçısından bu şəxsləri azadlığa buraxılması və yaranmış neqativ halların aradan qaldırılması istənilir. 

Qeyd edək ki, müəyyən bir müddət davam edən fasilədən sonra nüfuzlu ilahiyyatçı Elşən Mustafaoğlunun həbs olunması dini camiə üzərində təzyiqin artması fikrilərini aktuallaşdırır. Hökumətin nüfuzlu ilahiyyatçıları həbsdə saxlaması, eləcə də dindarların aksiyalarını qadağan etməsi, yeni həbslərin olması son iki ildə başlayan mülayimləşmə kursundan imtina ilə bağlı fikrilərin yaranmasına səbəb olur. Bir sıra ekspertlərə görə, dünyada gedən qlobal proseslər, enerji bazarında rəqabət, Qərb-Rusiya qarşıdurmasının fonunda neftin qiymətlərinin ucuzlaşması bir sıra hökumətləri siyasi “kəmərsıxmaya” vadar edir. Ehtimal olunur ki, Azərbaycan kimi enerji bazarından asılı olan ölkələrdə süni daxili gərginliklər və ictimai rəyi yönəldən əməliyyatlar başladıla bilər. Hələlik, bunun bariz əlamətləri olmasa da, hökumətin müəyyən qədər gərginlik atmosferini qoruyub saxlaması bu iddiaların heç də əsassız olmadığını təsdiqləyir. 

Kənan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR