Əliməmməd Nuriyev: “Nazirlər Kabineti qrantlarla bağlı hesabatları ictimaiyyətə açıqlamalıdır”
Azərbaycanda ilk dəfə olaraq dövlət qurumları müxtəlif xarici təşkilatlardan aldıqları qrant və texniki yardımlar barədə hesabat verəcəklər. Bununla bağlı bir neçə gün öncə baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrə tapşırılıb ki, Azərbaycan Respublikası adından və ya Azərbaycan hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq, layihə bitdikdən sonra 20 gün müddətində İqtisadiyyat Nazirliyinə göndərməli və sonrakı 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Nazirlər Kabinetinə təqdim etməlidirlər. İqtisadiyyat Nazirliyi isə müvafiq hesabat dövründən sonra 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib.
Qeyd edək ki, uzun müddətdir Azərbaycanda qrant dedikdə, bir qayda olaraq nəzərlər qeyri-hökumət təşkilatlarının üzərinə yönəlir. QHT-lərin aldıqları qrantlarla bağlı xeyli mürəkkəb hesabatlıq mexanizmi yaradılıb. Lakin hər il dövlət qurumları tərəfindən müxtəlif beynəlxalq təşkilatlardan, xarici ölkə hökumətlərindən alınan on milyonlarla avro-dollar məbləğində qrantların, texniki yardımların xərclənməsi üzərində hər hansı nəzarət mexanizmi yaradılmayıb.
Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər fiziki və hüquqi şəxslərə münasibətdə isə Ədliyyə Nazirliyinə həvalə edilib. Ötən illər ərzində Ədliyyə Nazirliyi QHT-lərin aldıqları qrantlara dair məlumatları açıqlasa da, dövlət qurumlalarına münasibətdə bu qayda tətbiq olunmayıb. İndiyədək dövlət qurumlarının aldığı qrant və texniki yardımların həcminə dair hansısa ümumi məlumatın açıqlanması halına rast gəlinməyib. Halbuki bu yardım və qrantlar yüz milyonlarla dolları əhatə etməkdədir. Bir nümunə ilə bu məbləğə dair təsəvvür yaratmağa çalışaq.
Azərbaycanın dövlət qurumlarına qrant və yardım ayıran beynəlxalq qurumlar arasında ən böyük paya malik olanlardan biri Avropa Birliyidir. Avropa Birliyinin açıqladığı məlumata görə, 2008-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarına yalnız tvininq layihələri çərçivəsində ayırdığı qrantların ümumi məbləği 65,2 milyon avrodan yuxarıdır. Hazırda icrada olan 10 tvininq layihəsinin ümumi dəyəri isə 13,4 milyon avrodan yuxarıdır. Bu layihələrin yalnız biri 250 min avro həcmindədir, qalanları 750 min-1,4 milyon avro arasında dəyişir.
Tvininq layihələrindən əlavə Azərbaycan bu gün AB ilə həmçinin TAİEX, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu istiqamətlərdə 1992-ci ildən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib. Bu yardımların hansı dövlət qurumlarına verildiyinə dair vahid məlumat bazası tapmaq mümkün deyil.

Tanınmış hüquqşünas, Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Əliməmməd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, dövlət qurumları öz fəaliyyətləri ilə bağlı bütün sahələrdə, o cümlədən qrantlara dair hesabatlı olmalıdılar: “Qrant əvəzsiz yardımdır. Qrantların qeydiyyatı İqtisadiyyat Nazirliyi tərəfindən aparılsa da, onlarla bağlı hər hansı hesabat açıqlanmır. Dövlət qurumlarının aldıqları qrantlar, bu qrantlar hesabına görülən işlər, əldə olunan nəticələrlə bağlı hesabat əldə etmək mümkün deyildi. Ayrı-ayrı qurumlar tərəfindən müəyyən məlumatlar açıqlansa da, ümumi - hesabat xarakterli məlumat yox idi. Biz qiymətləndirmə aparmaq üçün yetərincə məlumat əldə edə bilmirik: alınan qrantlar, texniki yardımlar nə qədər səmərəli olub? Hansı nəticələr əldə olunub, bu nəticələrdən növbəti dövr üçün siyasət qərarlarının qəbulunda nə qədər istifadə edilib? Bu suallara cavab vermək üçün yetərli məlumatlar açıqlanmır”.
Ə.Nuriyev qeyd edir ki, QHT-lərin qrantları ilə bağlı yaradılmış nəzarət və hesabatlılıq sistemi dövlət qurumları üzərində də yaradılmalıdır: “Bu sahədə də bir hesabatlılıq, şəffaflıq olmalıdır. Buna görə də Nazirlər Kabinetinin son qərarını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dövlət qurumlarının qrantları barədə hesabatlar həm də ictimailəşdirilməlidir. Yəni İqtisadiyyat Nazirliyinin hazırlayıb Nazirlər Kabinetinə təqdim etdiyi hesabat ictimaiyyət üçün açıq olmalıdır. Çünki bu qrantların həcmi milyonlarla ölçülür. Onların hansı nəticələr verdiyi hamıya açıqlanmalıdır. Bəzi dövlət qurumları elə hesab edirlər ki, aldıqları qrantlar barədə heç kimə hesabat verməli deyillər. Buna görə də Nazirlər Kabinetinin qərarı bu sahədə şəffaflıq yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Həm bu hesabat, həm də bütövlükdə Nazirlər Kabinetinin illik hesabatı Milli Məclis müzakirələrindən əvvəl dərc edilərək ictimaiyyətin müzakirəsinə təqdim olunmalıdır. Ümid edirəm ki, növbəti addım məhz bu olacaq, ictimaiyyətin dövlət qurumlarının fəaliyyəti barədə ətraflı məlumat əldə etmək imkanı yaranacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”






