İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət dövlət büdcəsi hesabına ABB-ni xilas edir

Plan baş tutacaqmı? Əkrəm Həsənov: “Cari durumda bank müflislikdən xilas oldu və hətta mənfəətə çıxdı”


Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının kreditorları öhdəliklərinin könüllü restrukturizasiyası planını qəbul edib. Bu barədə bankdan məlumat verilib.


Bildirilib ki, bununla bağlı keçirilən yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94.1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9%-i planın lehinə səs verib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı və Nəsimi Rayon Məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.


Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək. Bəs görəsən, bu yolla ABB-ni xilas etmək mümkün olacaqmı?


Bu sualı cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bu prosesdə qanunazidd məqamların olduğunu bildirdi: “Məlum olduğu kimi, ABB-nin kreditorlarının, yəni xarici kreditorlar və Dövlət Neft Fondu 93 faizi onun öhdəliklərinin könüllü restrukturizasiya planını dəstəkləyib. 7 faizin planın əleyhinə olması onu göstərir ki, hər bir halda kreditorlar müəyyən güzəştlərə getməli oldu və həmin güzəştlər kreditorların 7 faizini qəti qane etməyib. Xatırladıram ki, ABB də ilkin güzəşt tələblərindən əl çəkməli olmuşdu, buna baxmayaraq, yumşaldılmış planın da əleyhinə olanlar oldu. Lakin bank elan edib ki, plan bütün kreditorlara münasibətdə qəbul olunmuş hesab olunur.

Image result for Əkrəm Həsənov


Çünki guya tələblərin ən azı 2/3 hissəsinə, yəni 3,337 mlrd. dollardan təxmini 2,235 mlrd. dollarına malik olan kreditorların razılığı kifayətdir. Nəticədə isə 2/3 deyil, hətta daha çox səs (93%) toplanıb. Lakin bu mövqenin hüquqi əsasları çox şübhəlidir. Belə ki, ABB və Palata “Banklar haqqında” Qanuna bu ilin aprel ayında tez-tələsik daxil edilmiş 57-11.11-ci maddəyə istinad edir. Həmin maddədə həqiqətən deyilir: “Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir”.

Amma sözügedən maddə Mülki Məcəllənin 421.1-ci və 522.2-ci maddələrinə ziddir. Aprel ayında qanuna düzəlişlər qəbul ediləndən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Belə ki, 421.1-ci maddədə deyilir: “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür”.

522.2-ci maddədə isə vurğulanır: “Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur”. Yəni Məcəlləyə əsasən qərar 2/3 səs çoxluğu ilə deyil, yekdil (yaxud da hər kreditora münasibətdə ayrıca) qəbul edilməli idi. Xatırladıram ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə müvafiq olaraq Mülki Məcəllə digər məcəllə və qanunlardan üstün hüquqi qüvvəyə malikdir, buna görə də “Banklar haqqında” Qanunun sözügedən maddəsi əhəmiyyətsizdir. Bir sözlə, ABB-nin bütün kreditorlarının razılığı tələb olunur. Buna görə də istisna deyil ki, bu səbəbdən azlıqda qalmış xarici kreditorlar (7%) qəbul edilmiş qərarı məhkəmədə mübahisələndirə bilər. Bu halda məsələ ən azı həmin 7 faiz kreditorlara münasibətdə böyüyə bilər".


Ekspert bildirdi ki, hətta kreditorlar məhkəməyə müraciət etsə belə, bank üçün artıq təhlükə görünmür: “Tutaq ki, lap həmin 7 faiz kreditor məhkəmə qaydasında restrukturizasiya planının onlara şamil edilməməsi haqda qərarın qəbuluna nail ola bildi. Onların tələbləri cəmi 233 mln. dollar təşkil edir. Bankın maliyyə vəziyyəti üçün bu, artıq elə də əhəmiyyətli rəqəm deyil. Belə ki, bankın ötən ilin sonuna olan zərəri 1 mlrd. dollardır. Restrukturizasiya nəticəsində isə dövlət ona faktiki 3,337 mlrd. dollar bağışladı və həmin borcları öz üzərinə götürdü. Deməli, ABB nəticədə 2,337 mlrd. dollar mənfəətə çıxdı. Buna görə də ən pis halda bank həmin mənfəət hesabına uzaq başı həmin 7 faiz kreditorun tələblərini tam ödəyə də bilər. Buna görə də ən azı cari durumda bank müflislikdən xilas olundu və hətta mənfəətə çıxdı. Bundan sonra nə baş verəcək - bu artıq bankın rəhbərliyindən asılıdır. Hələlik bankın yeni rəhbərliyi uğursuz fəaliyyət göstərir və xeyli səhvə yol verib. Bunun rəhbərliyin peşəkarlıq səviyyəsinin, yaxud aidiyyəti dövlət qurumlarının müdaxiləsinin nəticəsi olduğunu hələlik dəqiq söyləmək çətindir. Hər bir halda bu, narahat etməyə bilməz. Lakin ümid edək ki, yaxında bank özəlləşdiriləcək və daha səmərəli idarə olunacaq. İstənilən halda yaxın illərdə bu bankın kreditorları, xüsusən əmanətçiləri üçün ciddi təhlükə görmürəm”.


Ə.Həsənovun sözlərinə görə, indi əsas məsələ dövlətə bu qədər ziyan vuran şəxslərin cəzalandırılmasıdır: “Bizi indi digər iki məsələ daha çox düşündürməlidir. Əvvəla, bank dövlət vəsaiti hesabına xilas olundu. Yəni bizim hesabımıza. Buna görə də hesab edirəm ki, bankın bu vəziyyətə düşməsinin bütün təqsirkarları cəzalandırılmalıdır. Habelə itirilmiş vəsaitlərin qaytarılması üzrə ciddi tədbirlər görülməli və bu barədə ictimaiyyət daim məlumatlandırılmalıdır. Lakin təəssüf ki, ABB-nin problemli kreditlərini idarə edən, başda Məmməd Musayev olmaqla, ”Aqrarkredit" təşkilatı bu işlə çox məxfi məşğul olur. Bir ildən çoxdur fəaliyyət göstərsə də, nəticə yoxdur, ən azı ictimaiyyətə açıqlanmayıb. Halbuki xalqın vəsaiti hesabına xilas olunan bankın problemli kreditlərinin toplanılması üzrə işin necə getməsini bilmək bizim haqqımızdır".


Hüquqşünas qeyd etdi ki, dövlət bankın səhmdarlarına təxminən 195 mln. manat bağışlayıb: “ABB-nin səhmlərinin təxmini 95 faizi dövlətə məxsusdur. Qalan 5 faiz fiziki və hüquqi şəxslərə mənsubdur. Dövlət bankın borclarını üzərinə götürməklə faktiki həmin səhmdarlara da hədiyyə etmiş oldu. Yəni onlar de-fakto müflis bankın səhmdarları idilər və de-jure müflisləşmə nəticəsində onlara 1 qəpik də çatmayacaqdı. Amma indi mənfəətə çıxmış bankın səhmdarı oldular və səhmlərinin bazar dəyəri nominal dəyərdən də çox oldu. Hesablamalarıma görə, faktiki olaraq, dövlət həmin səhmdarlara təxmini 195 mln. manat bağışladı. Bunun nə dərəcədə düzgün olmasının özü sual doğurur. Daha yaxşı olardı ki, dövlət onların da səhmini məhkəmə qaydasında əvəzsiz əldə edərdi. Çünki bankın xilası sırf dövlət vəsaiti hesabına baş verdi. İndi isə belə çıxdı ki, bizim hesabımıza nəinki bank xilas olundu, həmçinin hansısa özəl şəxslər də əsassız varlandı. Bunu ədalətsiz hesab edirəm”.


Nərgiz LİFTİYEVA

 

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR