İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət azad olunan ərazilərə investor cəlbinin də “ağıllı” yolunu tapa biləcəkmi?

1175 15.12.2021 13:43 İqtisadiyyat A A

Elşad Məmmədov: “Bu gün ölkədə maliyyə resurslarının kəskin çatışmazlığı var”

Vüqar Bayramov: “Bu güzəştlər xarici investorların da həmin ərazilərə gəlməsini stimullaşdıracaq”

Rövşən Ağayev: “Müstəqil məhkəmə sisteminin olmadığı mühit tam vergisiz olsa belə, sərmayədar üçün cəlbedici olmur”

Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə bərpa və iqtisadiyyatın qurulması prosesini ən müasir texnologiyalar əsasında həyata keçirmək niyyətindədir. Bölgənin enerji təchizatı bütünlüklə yaşıl enerji hesabına həhata keçirilməli, kənd təsərrüfatından tutmuş şəhərsalma, emal, sənaye istehsalına qədər bütün sahələrdə “ağıllı” texnologiyaların tətbiq olunması planlaşdırılır. Bu istiqamətdə başladılan bütün layihələr məhz belə texnologiyalara əsaslanır: Zəngilanda, Füzulidə ağıllı kəndlərdən tutmuş, Ağdamda ağıllı suvarma sisteminə qədər. Bu isə külli miqdarda vəsait tələb edir: ağıllı texnologiyalar yüksəkhəcmli investisiya qoyuluşu tələb edən çox bahalı məhsuldur. 

Azərbaycan hökuməti ilkin mərhələ üçün bütün xərcləri özü maliyyələşdirsə də, aydın məsələdir ki, növbəti mərhələdə özəl sektorun investisiyaları olmadan irəliləmək mümkün olmayacaq. Buna görə də hökumət işğaldan azad olunan ərazilərə investisiya cəlbinə nail olmaq üçün stimullaşdırıcı tədbirlər hazırlayır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dünən keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumundakı çıxışında danışıb. Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatının biznes üçün olan ekomühitə liberallaşdırılması, dövlətə məxsus olan bir çox sahələrdə və özəlləşmədə özəl sektora geniş yolun açılması nəzərdə tutulur. Onun sözlərinə görə, bununla yanaşı, dövlət-özəl sektoru əməkdaşlığını nəzərdə tutan layihənin icrası planlaşdırılır: “İstehsal fəaliyyətinə, investisiya alətlərinə, turizm sahəsinə, həmçinin işğaldan azad edilən ərazilərə yeni vergi stimullarının verilməsi nəzərdə tutulur".

Xatırladaq ki, dekabrın 10-da Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi; işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi; işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi; müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi; işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi; işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi və işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı istiqamətlərində təkliflərini hazırlayaraq Prezidentə təqdim etmək tapşırılır. 

Sərəncamda nəzərdə tutulan istiqamətlər üzrə güzəştlər özəl sahibkarları işğaldan azad olunmuş ərazilərdə iş qurmağa nə qədər stimullaşdıra bilər? Bu istiqamətlər azad edilmiş ərazilərdə bərpa və iqtisadiyyatın inkişafı prosesinə təkan verəcək həcmdə olacaqmı?

Elşad Məmmədov

Sualları cavablandıran iqtisadçı-alim Elşad Məmmədovun sözlərinə görə, Prezident sərəncamında nəzərdə tutulan istiqamətlər üzrə güzəştlər tətbiq olunarsa, bu, azad olunan ərazilərdə bərpa və iqtisadi inkişafa yüksək təkan verəcək: “Xüsusilə sosial sığorta ödənişləri, gömrük rüsumları, qaz, elektrik enerjisi, su təchizatı sahəsində güzəştlər sahibkarlar üçün ciddi stimullardır. Ümumiyyətlə, hesab edirəm ki, yalnız işğaldan azad olunan ərazilər deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatı hazırda investisiya baxımından çox ciddi çatışmazlıq yaşayır. Buna görə də bütün ölkə iqtisadiyyatının investisiya ehtiyacını qarşılamaq üçün sərmayələrin cəlb olunması son dərəcə vacibdir. Bunun üçün ilk növbədə pul-kredit siyasətinin stimullaşdırıcı məzmun alması lazımdır. Yəni kredit institutu real olaraq işə düşməzsə, daxili investisiya mənbələri lazımi səviyyədə tətbiq edilməyə başlamazsa, digər stimullaşdırıcı addımlar atılsa belə, işgüzar fəallığın lazım olan şəkildə artması çox çətin olacaq. Çünki bu gün ölkədə maliyyə resurslarının kəskin çatışmazlığı, pul kütləsi qıtlığı var. Belə şəraitdə daxili resursları iqtisadiyyatın ehtiyacı həcmində aktivləşdirmək mümkün olmayacaq”.

Ekspertin fikrincə, Azərbaycanda yeni və daha böyük maliyyə imkanlarına malik daxili investisiya mənbələri yaradılmalıdır: “Burada söhbət milyardlarla manatdan gedir. Mövcud mənbələrin kredit vermə imkanları bir neçə yüz milyon manatdan yuxarı deyil. Halbuki bu gün Azərbaycan iqtisadiyyatının minimum investisiya ehtiyacı bir neçə milyard manat təşkil edir. Bu vəsaiti dövlət, özü də aşağı faizlə, hamıya əlçatan şərtlər təmin edilməklə təmin etməlidir”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, azad olunan ərazilərə investisiyaların cəlb olunması ölkəmiz qarşısında duran ən vacib prioritetlərdən biridir: “Bu baxımdan, sosial sığorta ödənişlərindən tutmuş, qaz, elektrik enerjisi, su təchizatına qədər bütün sahələrdə güzəştlərin verilməsi azad olunan ərazilərə investisiya cəlbi üçün çox vacib şərtdir. Bu güzəştlər xarici investorların da həmin ərazilərə gəlməsini stimullaşdıracaq. Biz yalnız azad olunan əraziləri bərpa etmək deyil, həm də oradakı iqtisadiyyatın ölkə iqtisadiyyatına inteqrasiyasına nail olmalıyıq. Buna görə də stimullaşdırıcı addımların atılması zəruri şərtlərdəndir”.

Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”

İqtisadçı-ekspert Rövşən Ağayev isə bildirir ki, indiyədək Azərbaycanda vergi güzəştlərinin tətbiqindən çox istifadə olunub: “Azərbaycanda bu günə qədər investisiyaları təşviq eləmək üçün vergi güzəştləri ən geniş istifadə olunan, ən populyar iqtisadi alət olub. 2016-cı ildə qəbul edilən qərara əsasən investisiya təşviqi almış sahibkarlıq subyektlərinə demək olar ki, "0" dərəcəli vergilə işləmək üçün təminat verilir. Ötən 5 ildə bu mexanizmin iqtisadiyyata töhfəsi hesablanıbmı - yaradılan əlavə dəyərin həcmi, açılan iş yerlərinin sayı baxımından? Təşviq edilən və təşviq edilməyən subyektlər arasında bu göstəricilər üzrə müqayisəli analizlər hazırlanıbmı? 

Hökumət bu ildən etibarən vergi güzəştləri hesabına büdcənin itkilərini hesablamağa başlayıb. Amma gərək bu itkilərin müqabilində qazanclar da ayrıca hesablansın. Azərbaycan iqtisadiyyatının investisiyalar üçün cəlbediciliyinin az olmasında vergi yükünün yüksək olması həlledici səbəblər sırasındadırmı? Bunu araşdıran, dəqiq qiymətləndirən hansısa analitik hesabat varmı? Ümumiyyətlə Azərbaycanda güzəştsiz vergi yükü investisiya üçün cəlbedici olan ölkələrlə müqayisədə hansı səviyyədədir? Problem xəstəlik kimidir - səbəbləri doğru diaqnostika edilməyəndə təklif olunan həll yolları (müalicə üsulları) nəticə əldə etməyə imkan vermir”. 

Ekspertin fikrincə, Azərbaycanın investorlar üçün cəlbedici olmamasının səbəbləri sırasında siyasi və institusional səbəblər daha həlledicidir: “Demokratik institutların, xüsusilə ədalətli və peşəkar qanunlar qəbul edən demokratik parlamentin, hər addımda pozulan investor hüququnu müdafiə edən azad media və müstəqil vətəndaş cəmiyyətinin, mülkiyyət toxunulmazlığına ən yüksək səviyyədə təminatın, bu təminatın zəmanətçisi rolunda çıxış edən müstəqil məhkəmə sisteminin olmadığı mühit tam vergisiz olsa belə, sərmayədar üçün cəlbedici olmur. Rəqabətə zəmanət verən, hər çür inhisarçılığı anında qanunvericilik əsasında cilovlayan mexanizmlər işləməlidir. Dövlət satınalmalarından, güzəştli kreditlərdən yararlanmaq kimlərinsə müstəsna imtiyazı olmamalıdır, hamı üçün eyni dərəcədə əlçatan olmalıdır.  Sahibkar işlədiyi ərazidə özünü kiçik padşah kimi aparan icrakomlarla yox, vətəndaşın mandat verdiyi kollegial seçkili orqanlarla ünsiyyətdə olmalıdır.  Siyahı çox uzundur. Deməyim odur ki, böyrəyi ağrıyan xəstənin ürək xəstəliklərinin müalicəsilə sağalacağına ümid edirsinizsə və özünüzü buna inandırmısınızsa, zamanımıza heyfiniz gəlsin. Dünyanı elm və texnolgiyalar hesabına kosmik sürətlə dəyişdiyi hazırkı dövrdə zaman əvəzsiz dərəcədə qiymətli resursdur. Zamanın qiymətini bilməyən toplumlara heç bir resurs yardım edəsi deyil. Hətta indikindən 10 dəfə çox neft-qaz parası belə”...

Onu da bildirək ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində rayon inzibati bölgüsünün yaxın zamanlarda ləğv olunacağı gözlənilir. Artıq bu istiqamətdə ilkin addım atılıb – Qarabağ iqtisadi rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Yaxın zamanda Şərqi Zəngəzur iqtisadi rayonunda da eyni addımın atılacağı, ardınca isə rayon inzibati bölgüsünün aradan qaldırılacağı gözlənilir. Hazırda da yerli icra hakimiyyətləri bərpa və iqtisadiyyatın qurulması prosesindən tamamilə kənarda saxlanmaqdadır. Azad olunan rayonların icra hakimiyyətlərinin bərpa-quruculuq işlərində iştirakı yox dərəcəsindədir. 

Azad olunan ərazilərdəki bərpa prosesinə xarici investorların marağı da açıq hiss olunmaqdadır. Məsələn, Türkiyə, Rusiya, Cənubi Koreya, İtaliya, İsrail və digər ölkələrin şirkətləri ərazilərdə işləmək istəklərini bıyan ediblər. Cəbrayılda yaradılmasına başlanan Araz vadisi azad iqtisadi zonası, Ağdam sənaye parkı kimi təsisatlar yerli və xarici şirkətlər üçün cəlbedici imkanlar aça bilər. 

Azad olunan ərazilərə investisiya yatıracaq şirkətlərə maliyyə-bank fəaliyyəti, idxal prosesi və digər istiqamətlərdə də güzəştlər nəzərdə tutulur. Bir çox mütəxəssislər hesab edirlər ki, bütün güzəştlərlə yanaşı azad olunan ərazilərdə, eləcə də bütövlükdə ölkə boyu azad və ədalətli məhkəmə sisteminin formalaşması, mülkiyyət hüququna ən yüksək səviyyədə təminatın verilməsi investisiya axınını təmin etmək üçün ən vacib şərtlərdən biridir. 

Dünya Sakit
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR