İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin “suya düşən” xəyalları: “Astoriya” mehmanxanası ilə bağlı gizlin faktlar

3332 27.11.2020 17:36 Yaxın tarix A A

 

Dövlət başçılarının istər beynəlxalq tribunalarda, istərsə də xalq qarşısındakı çıxışlarının, müraciətlərinin, bəyanatlarının mükəmməlliyi, məntiqi, dəqiqliyi onların siyasi imiclərini formalaşdıran əsas şərtlərdən biridir. Amma sözsüz ki, hər dövlət başçısı buna müyəssər olmur.

Tarixə nəzər yetirsək bir çox siyasi liderlərin sərsəm fikirləri, məsuliyyətsiz bəyanatları ilə çox rastlaşmaq olar. Necə deyərlər, arxı tullanmamış hop deyən dövlət başçıları az olmayıb.

Onların siyahısına bir nəfəri də əlavə etmək olar- Nikol Paşinyan. Hop deyib arxa yıxılan Paşinyanın gülünc vəziyyətə düşməsi bir yana, problemli məsələ odur ki, bu zavallı yıxıldığı yerdən ayağa qalxa bilmir, nə vaxtsa əl uzatdıqları da artıq əlini baş nazirdən çoxdan üzüb.

Bəli, 44 günlük müharibə Paşinyanın bütün arzu və xəyallarını puç etdi. Yol çəkmək, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bəzi qurumlarını Şuşaya köçürmək, humanitar, sosial, iqtisadi sahələrdə planların həyata keçirilməsi kimi xəyallarının ömrü Paşinyanın Cıdır düzündə içdiyi erməni konyakının bəxş etdiyi sərxoşluğun ömrü qədər qısa oldu. İşğalçılıq siyasətinin, özgəsinin torpağına göz dikməyin sonu belə də olmalı idi.

İkinci dünya müharibəsində Adolf Hitler də böyük xəyallarla yaşayıb, faşist cəlladlarını başına yığaraq planlar cızıb-Eyfel qülləsində qonaqları qəbul etməkdən tutmuş, Bakı neftinə sahib olmağa qədər. Fürerin gələcək xəyallarında Sankt-Peterbuqdakı “Astopiya” mehmanxanası ilə bağlı da xüsusi planı olub.

Hitler SSRİ-yə hücum planında əvvəlcə Leninqradı hərbi əməliyyatlar nəticəsində işğal etməyi planlaşdırsa da, sonra taktikanı dəyişib. Leninqradda canlı qüvvə və hərbi texnika itkisi verməmək üçün fürer şəhəri mühasirəyə almağı, əhalini soyuqdan və aclıqdan öldürərək hədəfi daha asanlıqla ələ keçirməyi düşünüb və əsas qüvvələrini Moskva şəhəri istiqamətinə yönəldib.
Lakin Leninqrada hücum planı müzakirə olunan zaman Hitler Vermaxt rəhbərliyinə xüsusi tapşırıq verib. Bildirib ki, şəhərdəki “Astoriya” mehmanxanasına bomba atılmamalı, mehmanxana binası alman qüvvələri tərəfindən qorunmalı və mühafizə olunmalıdır.

Bu tapşırıqla fürerin məqsədi nə olub?

Fürer şimal paytaxtını işğal etdikdən sonra böyük qələbə tədbirləri haqqında düşünüb. Hətta bununla bağlı təbliğat naziri Göbbelsə tədbirlər planı hazırlamağı göstəriş verib. Onun arzusuna əsasən, bu tədbirlər planında Hitlerin “Astoriya” mehmanxanasının eyvanından müraciəti, qələbə nitqi planlaşdırılıb.

_normal.jpg (98 KB)

Bir-birinin ardınca həftələr ərzində bir neçə ölkənin işğalından eyforiyaya düşən Hitler Leninqradın işğalından sonra edəcəyi müraciətin, qələbə nitqinin mətnini də əvvəlcədən hazırlayıb.
SSRİ-yə hücum planından əvvəl bu ölkə haqqında hərtərəfli məlumatlanan Hitler xüsusilə, Moskvada və Leninqradda olan ən gözəl tikililəri də nəzərdən keçirib. “Astoriya” mehmanxanası fürerin diqqətindən yayınmayıb və binanın yerləşdiyi məkan, memarlıq üslubu, zəngin arxitekturası, görünüşü Hitlerin zövqünə uyğun gəlib.

0166254c44faef726c96faf8c17dda31b4234596.jpg (73 KB)

Qeyd edək ki, “Astoriya” mehmanxanası iki il ərzində, 1911-1912-ci illərdə inşa edilib. Binanın arxitektoru İsveç əsilli Fyodor Lidval olub. Altı mərtəbədən ibarət olan mehmanxana mövcud dövr üçün Avropada ən prestijli mehmanxanalardan biri sayılıb. Bina neoklassik və modern üslubların vəhdəti üzərində inşa edilib. Binada 350 nömrə, restoran, bar, qış bağı, kitabxana, müşavirə və görüş zalları şirniyyat sexləri, gözəllik salonları və s. fəaliyyət göstərib.

“Astoriya” mehmanxanasının açılışı 23 dekabr 1912-ci olub. Dörd ildən sonra, 1916-cı ildə yerli hakimiyyət tərəfindən “Astoriya” ümumi mehmanxana kimi fəaliyyətini dayandırıb və hərbi təyinatlı bina kimi istifadə edilib.

Oktyabr inqilabından sonra “Astoriya”nın təyinatı yenidən dəyişərək “Petroqrad Sovetinin 1-ci evi” kimi istifadə olunub. Nəhayət, 1929-cu ildə “Astoriya” mehmanxana kimi fəaliyyət göstərib.

Sovet-alman müharibəsi zamanı 926 saylı hərbi hospital mehmanxana binasında yerləşdirilib və “Astoriya” müharibənin sonuna kimi mehmanxana fəaliyyətini dayandırıb.

“Astoriya” mehmanxanası zaman-zaman bərpa və yenidənqurma işlərindən sonra yenidən əvvəlki statusuna qayıdaraq, şimal paytaxtının ən yaxşı mehmanxanalarında birinə çevrilib. Beşulduzlu mehmanxananın qonaqları arasında Corc Buş, Marqarit Tetçer, Alen Delon, Herbert Uells, Robert Plant kimi tanınmış simalar da olub.

547720d4e0f30w719.jpg (92 KB)

Məşhur “İtalyanların Rusiyada ağlasığmaz macəraları” filmi də məhz bu mehmanxanada çəkilib.
“Astoriya” mehmanxanası haqqında məlumat əldə etdikdən sonra Hitlerin zövqünə şübhə yeri qalmır. Amma fürerin sonsuz iddiaları adamı təəccübləndirir. Elə bu yersiz iddialara görə faşist Almaniyasının İkinci dünya müharibəsindəki müttəfiqləri olan “italyanların Rusiyada macəraları” baş tutsa da, fürerin “Astoriya”dakı planları baş tutmayıb.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR