İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin ölümündən əvvəl son tapşırığı- Fürerin meyitini yandıran Lanqenin ŞOK AÇIQLAMALARI    

3513 23.07.2023 13:30 Yaxın tarix A A

Onun nə yüksək dövlət vəzifəsi, nə də çoxsaylı titulları olmayıb. Amma buna baxmayaraq Haynts Lanqe Adolf Hitlerin ən yaxın adamlarından biri sayılıb. Lanqenin xidməti vəzifəsi kamerdiner (yüksəkçinli məmurların otaq xidmətçisi) olsa da, o, həm fürerin iş yerində, həm səfərlərdə, həm də şəxsi iqamətgahında Hitlerin bir addımlığında dayanıb. Yeganə şəxs olaraq yalnız ona səlahiyyət verilib ki, Lanqe səhərlər Hitlerin yataq otağına keçib, onu yuxudan oyadıb, bir çox hallarda sahibinin səhər yeməyini onun yatağına aparıb. Lanqe Hitlerin vanna otağını hazırlayıb, geyimlərini seçib, sənədlərini portfelə yığıb, xidməti personala Hitlerin menyusu, qida rasionu, digər təsərrüfat və məişət məsələləri ilə bağlı göstərişlər verib.

Lanqenin vəzifəsinin elə bunlardan ibarət olmasına baxmayaraq, Hitler rəsmi tədbirlərdə, görüşlərdə, qəbullarda, ziyafətlərdə də ondan onun yanında olmasını tələb edib. Bu, fürerin Lanqeyə son dərəcə etibar etməsindən irəli gəlib.

Maraqlıdır, Hitlerin bu dərəcədə etimad göstərdiyi, etibar etdiyi, inandığı Lanqe kim olub?

Haynts Lanqe 1913-cü ildə Almaniyanın Bremen şəhərində yoxsul bir ailədə anadan olub. Orta təhsilini müvəffəqiyyətlə başa vursa da, o, ailəsinin maddi durumunu nəzərə alaraq, təhsilini davam etdirmək haqqında düşünməyib və daş karxanasında əmək fəaliyyətinə başlayıb. SS qoşunlarının general-polkovniki Ditir Yozef Adolf Hitlerin mühafizəsi üçün namizədlər seçəndə Lanqe generalın diqqətindən yayınmayıb. Fiziki cəhətdən hazırlığı, ümumi dünyagörüşünə malik olması, fikirlərini dəqiq ifadə edə bilməsi Lanqenin gələcək həyatını bütövlükdə dəyişib. Qısa bir müddət Hitlerin mühafizəsində xidmət etdikdən sonra elə Hitlerin öz təşəbbüsü ilə Haynts Lanqe xidməti personala keçirilib.

Lanqe sonralar yazdığı “Hitlerlə sona qədər” kitabında həmin günləri belə xatırlayıb: 

“Mühafizədə xidmət dəqiq iş qrafiki ilə aparılırdı. Hər kəsin konkret ərazisi, iş vaxtı var idi. Bir neçə ay xidmət etdikdən sonra mühafizə rəisi mənə bildirdi ki, işdən azad olunmuşam. Təbii ki, bu, mənim üçün gözlənilməz və xoşagəlməz bir xəbər idi. Düşünürdüm ki, bu aylar ərzində heç bir səhvə yol vermədiyim halda, bu cür qərar vermək mənə qarşı ədalətsizlikdir. Elə həmin günü axşam saatlarında məni fürerin qəbuluna çağırdılar. Hitler məni şəxsən özü qəbul etdi. Görüş bir dəqiqədən də az çəkdi. O bildirdi ki, mən bu gündən sonrakı xidmətimi onun xidməti personalında davam etdirəcəm. Sonra bir neçə nəfərin yanında oldum, müvafiq təlimatlar aldım. İlk günlər bir az çətin idi. Amma artıq işə uyğunlaşırdım. Bu işdə də çox qərarlaşmadım. Fürer məni şəxsi kamerdineri təyin etdi. Bu, mənim üçün böyük etimad idi. Xidməti personalda məndən başqa heç kim Hitlerə yaxın dura bilməzdi. Mən hər gün səhər saat 11-də onun yataq otağının qapısını döyüb içəri keçirdim:

  • Mənim fürerim, oyanmaq vaxtıdır. Sizin səhər yeməyiniz hazırdır…

Sonra mən kiçik diyircəkləri olan stolu onun yatağının yanına aparırdım. O, səhərlər adətən çay içirdi, peçenye və alma yeyirdi. Həmin stolun üzərinə mən yeni qəzetləri, tələb etdiyi sənədləri, karandaş və eynəyini də qoyurdum. Saat 14.30-da onun üçün xüsusi hazırlanmış vegetarian yeməklərini də süfrəyə mən gətirirdim. Hitler şam yeməyini hər gün eyni vaxtda, saat 20.00-da yeyirdi və yaxın ətrafından bir neçə nəfəri də dəvət edirdi. Şam süfrəsində də onlara yalnız mən xidmət edirdim. Əslində, mənim vəzifəm Hitlerin yaşadığı iqamətgahda yekunlaşmalı idi. Amma demək olar ki, o, hər gün səhərlər mənə göstərişlər verirdi, görüşləri, qəbulları xatırladırdı, müəyyən sənədləri götürməyi tapşırırdı, görüşlər zamanı bəzi məsələləri ona xatırlatmamı istəyirdi. Beləliklə də, mən günün bütün saatlarında onun yanında olurdum…”

Adolf Hitler sonuncu istəyini də Haynts Lanqedən xahiş edib. İntihardan öncə o, Lanqedən özünün və Yeva Braunun meyitlərinin yandırılmasını tapşırıb.

Lanqe sahibinin bu sonuncu xahişini də yerinə yetirib. O, kitabında bu səhnə haqqında da yazıb: 

“Ömrünün sonuncu dəqiqələrində Hitler hamı ilə görüşdü və sonra o, Yeva Braunla birlikdə bunkerdəki kabinetinə keçdi. İçəridən atəş səsi eşidildi. Mən içəri girəndə kabinetdə iki meyit var idi, Hitlerin və Yevanın… Mən onların hər ikisini hərbi “odeyal”a büküb, bunkerin ehtiyat qapısından bağ tərəfə çıxartdım və üzərlərinə benzin töküb, yandırdım…”

1945-ci ildə  Lanqe SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Berlində həbs olunub. Lanqenin istintaqı düz beş il davam edib. Digər suallarla yanaşı, ona hər gün eyni sual verilib: “Hitler necə yoxa çıxıb?” 

Lanqe isə bu suala eyni cavabı verib: “Onu mən yandırmışam, o, yoxa çıxmayıb…”

Hitlerin yoxa çıxması məsələsi, hətta onun yandırılmış cəsədindən götürülmüş protezinin dəfələrlə ekspertizadan keçirilməsinə baxmayaraq, bu günə qədər də müəmmalı qalıb. Belə ki, ekspertiza zamanı həmin protezdə Hitlerin intihardan əvvəl qəbul etdiyi zəhərli maddənin tərkibi də aşkar edilib.

1950-ci ildə Lanqeyə məhkəmə tərəfindən 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Lanqe məhkəmədə ona qarşı irəli sürülən ittihamlara belə cavab verib: 

“Mən Almaniyaya xidmət etmişəm, mən fürerimə xidmət etmişəm. Bundan şərəf duyuram. Şərəf duyuram ki, Hitlerin sadiq əsgəri, şəxsi köməkçisi olmuşam. Əgər vətənə xidmət etməyi cinayət sayırsınızsa, onda məni istədiyiniz kimi mühakimə edə bilərsiniz. Amma onu da nəzərə alın ki, siz mənim yalnız fiziki varlığımı azadlıqdan məhrum edə bilərsiniz, mənim ruhum isə həmişə azaddır…”

Linqe 25 illik cəzasının yalnız 10 ilini çəkib. 1945-ci ildən 1955-ci ilə qədər həbsxana həyatı yaşayan Lanqe sonrakı həyatını memuarlarını yazmağa həsr edib. Onun xüsusilə də ingilis və alman dillərində nəşr olunan “Hitlerlə sona qədər” kitabı böyük oxucu auditoriyası qazanıb.

Haynts Lanqe 9 mart 1980-ci ildə, 66 yaşında Hamburq şəhərində vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR