Milli Mətbuat Günü münasibətilə Azərbaycan Dövlət Turizm Agentliyi jurnalistlər üçün Bakı turu təşkil edib. Tur avtobusu ilə gəzdirilən jurnalistlər daha sonra “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
Musavat.com-un əməkdaşının da qatıldığı turda məbədlə ətraflı tanışlıq olub. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar ki, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.
Diqqətə çatdırılıb ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Məlumat verilib ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.
Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlər qarşısında çıxış edərək deyib ki, hazırda ölkəmizdə yeni turizm sənayesi yüksələn xətlə inkişaf edir. O bildirib ki, strateji istiqamətlərdən biri kimi, Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi əsas prioritet sahə hesab edilir.
Turizmin qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olduğunu söyləyən F.Nağıyev Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində bu sahənin mühüm yer tutduğunu diqqətə çatdırıb, ötən illər ərzində görülən işlərdən danışıb. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısından bəhs edən natiq Dövlət Turizm Agentliyinin bu sənayenin daha da inkişaf etdirilməsi üçün bütün qüvvəsini səfərbər edəcəyini vurğulayıb.
Fuad Nağıyev deyib: “Ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ölkə rəhbərliyinin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi qurumun başlıca hədəflərindəndir və inanırıq ki, bu istiqamətdə fəaliyyətimiz öz bəhrəsini verəcək”.
Sonra Dövlət Turizm Agentliyi tərəfindən jurnalistlərə diplom və hədiyyələr təqdim edilib.
Əli Rais,
Musavat.com






