Hindistanın “Avadhnama“ qəzeti fransız jurnalındakı karikaturaları təkrar çap edib
“Agence France-Presse“in xəbərində deyilir ki, Mumbay şəhərində urdu dilində çap olunan qəzetin redaktoru həbs olunub. O, Fransanın satirik jurnalı olan “Charlie Hebdo“da çap olumuş anti-islam xarakterli karikaturaları təkrar çap etməkdə günahlandırılıb. Bu barədə polis özü agentliyə məlumat verib.
Şirin Dalvi Munbayda gündəlik çıxan “Avadhnama“ qəzetinin redaktorudur. O, dinlərarası ədavəti qızışdırdırmaqla Hindistan qanunlarını pozmaqda suçlu bilinir.
Agentlik qeyd edir ki, 17 nəfər həmin karikaturalara görə Parisdə törədilmiş terrorun qurbanı olub.
“Xanım redaktor bizim tərəfimizdən həbs olundu. Ancaq o, məhkəmədə pul ödəyərək, zaminə buraxıldı”, deyə Mumbayın yüksək rütbəli polis zabiti S.M.Mundhe agentliyə bildirib.
“The İndian Express” yazır ki, qəzetin bir neçə oxucusu bu faktla bağlı polisə şikayət edib.
Agentlik xatırladır ki, ötən həftə müsəlmanların çoxluqda yaşadığı, ancaq Hindistanın nəzarətində olan Kəşmirdə, Əfqanıstanda və Pakistanda “Charlie Hebdo“da Məhəmməd Peyğəmbərin (s) karikaturasının çap olunmasına etiraz olaraq, kütləvi tədbirlər keçirilib.
Elbəyi Həsənli






