İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan səfiri Ermənistana görə Bakıda “xalça üzərinə” çağırıldı: nəticə olacaqmı?

1228 28.07.2023 09:15 Siyasət A A

Rəsmi İrəvan Bakı ilə sülh oyunbazlığı fonunda altdan-altdan silahlanmağa davam edir. Son məlumatlara görə, Ermənistan indi də İran üzərindən Hindistandan silah-sursat daşıyır. Bu barədə “Caliber” videogörüntü yayıb. Məlumatda bildirilib ki, silah daşıyan yük maşını karvanının keçdiyi ərazi İranın Nurduz sərhəd-keçid məntəqəsidir.

Yada salaq ki, Hindistan Ermənistana 400 milyon dollar civarında silah satmaqla bağlı saziş imzalayıb. Ermənistanın müdafiə naziri Suren Papikyanın ən çox səfər elədiyi ölkələrdən biri isə Hindistandır. 

İyulun 26-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüşdə Hikmət Hacıyev Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.

Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığını rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb. Səfir isə Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib və ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Hikmət Hacıyev Azərbaycanın Hindistanla dialoqa hər zaman açıq olduğunu bildirib.

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli: “Ermənistana silah vermək işğalçıya silah vermək deməkdir”

Rəsmi Bakının narazılığı nəticə verəcəkmi? Başqa yandan, bu nə silahlardır və Ermənistan nə dərəcədə Azərbaycanla ayaqlaşa bilər?

Hərbi ekspert Emin Həsənli Hindistanın beynəlxalq hüquq normalarına zidd addımlar atdığını söylədi: “Ermənistan heç vaxt götürdüyü öhdəliyi yerinə yetirməyib. Onu Azərbaycan dövləti məcbur etdi. 30 ildən çox davam edən danışıqlar nəticə vermədi. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bunu gerçəkləşdirdi. BMT-nin dörd qətnaməsi həyata keçdi. İndi də Ermənistan sülh danışıqlarının uzanmasına çalışır. Ermənilər hər zaman silahlanıblar. Bu, Paşinyandan öncəki rəhbərlərin də zamanında olub. Xatırlayırsınızsa, Rusiya onlara bir milyarddan artıq dəyərdə silah vermişdi. Avropadan da bu yöndə maliyyə dəstəyi gəlirdi. İndi də Hindistanla məlum müqavilə imzalanıb. Bu ölkə Pakistanla Azərbaycanın əməkdaşlığını qısqanır. Təəssüflər olsun ki, Qoşulmama Hərəkatının üzvü kimi də Hindistan beynəlxalq hüquq normalarına zidd addımlar atır.

Hindistan ərazi bütövlüyümüzü tanıyır, amma ərazilərimizi işğal edən Ermənistanla da bu cür əməkdaşlıq edir. Ermənistana silah vermək işğalçıya silah vermək deməkdir. Vətən müharibəsindən öncə Ermənistan Rusiyadan "İsgəndər" raketlərini alanda, ondan öncə də müəyyən raket kompleksləri əldə edəndə hər bir kəs narahat idi. Ordumuz parametrlərinə görə Ermənistan ordusundan on dəfələrlə böyükdür. Azərbaycan işğalçının aldığı silahları yaxından izləyir. Dünyanın ən müasir ölkələrindən silahlar alırıq. Bir çox ölkələrlə hərbi əməkdaşlığımız mövcuddur. Hava hücumundan müdafiə sistemimiz də həddən artıq güclüdür. Ukraynada o boyda ərazi su altında qaldı. Amma Mingəçevir SES-i qorumağı bacardıq. Ərazilərimizə minlərlə raketlər atıldı. Onların kiçik bir qismi Gəncə, Bərdə, Tərtər və bir sıra ərazilərə düşdü. Böyük hissəsi vuruldu.

Hikmət Hacıyevin Azərbaycan dövlətinin mövqeyini Hindistan və İrana bildirməsi təqdirəlayiq haldır. Milli maraqlarımıza zidd addımlar atan istənilən ölkə fərq etmir hansı olursa-olsun, münasibət bildirilir. Təbii ki, beynəlxalq hüquqa zidd atılan addımlar bizi də ciddi narahat etməyə bilməz. Ermənistana son tövsiyəmiz budur ki, ağlını başına yığsın. Ümumiyyətlə, silah Ermənistana lazım deyil. Azərbaycan onun silahlarını gətirib Qənimətlər Parkında nümayiş etdirir. Bir də müharibə olsa, Ermənistanın dövlətçiliyi sual altında olacaq. Digər tərəfdən, Ermənistan Türkiyə iləmi müharibə edəcək? Türkiyə ilə müttəfiq ölkəyik. Bunu da Ermənistan yaxşı bilir". 

II Vətən Müharibəsində əldə olunmuş uğurların təməli və...

Alp Arslan İmamqulu

Hərbi ekspert Alp Arslan İmamqulu narahatlığa heç bir əsas görmür: “Ermənistanın Hindistan, yaxud bu ölkə kimi bir sıra dövlətlərdən silah alması ciddi bir narahatlığa səbəb olmamalıdır. Çünki nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Ordusunda ən müasir silahlar var. Hər keçən gün də daha müasir silahlar alınmaqdadır. Bunun üçün Azərbaycanın büdcəsi yetərlidir. Hansı ki, Azərbaycan Ordusunun bu gün  büdcəsi aşağı-yuxarı Ermənistanın ümumi büdcəsinə yaxındır.

Əslində isə tərəflər silahlanmaqda sərbəstdir. Buna heç kim məhdudiyyət qoya bilməz. Necə ki, Azərbaycan da bu məsələdə tam müstəqildir. Ermənistan silahlanır. Amma nəzərə almaq lazımdır ki, Ermənistanın hansısa dövlətlərlə saziş imzalamasının və yeni müasir silahları öz ordusuna qəbul etməsinin bizə məlum olması eyni zamanda sevindirici haldır. Çünki istənilən şəkildə qonşu bir dövlətdə silahlanma gedirsə, qüvvə nisbətinin hesablanması üçün bu detalları bilməyimiz önəmlidir. Bu baxımdan, Azərbaycan daima məlumatlıdır. Məlumatlı olmaqla yanaşı, diplomatik kanallarla gərəkli təzyiqləri həyata keçirməkdəyik. Mütləqdir ki, bu təzyiqlər digər dövlətlər tərəfindən nəzərə alınacaq. Ona görə ki, regionda Azərbaycan sözünü deyən dövlətlərdən biridir.

Amma bununla yanaşı, nəzərə alınmama ehtimalı, yaxud ikili standartlarda ikiüzlü siyasət yürütmə halı baş verərsə belə, Azərbaycan Ordusu qarşısında Ermənistan heç bir şəkildə dayana bilməz. Bu, birmənalı şəkildə Vətən müharibəsində sübuta yetirildi. Müharibədən bu tərəfə Azərbaycan Ordusu 20 ildə keçdiyindən daha sürətli inkişaf yolu keçməkdədir. Bütün bunları nəzərə alsaq, heç bir narahatlığa əsas olmadığını deyə bilərik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR