Hindistan koronavirusa yoluxma hallarının sayına görə Braziliyanı qabaqlayaraq dünyada ikinci yerə yüksəlib.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına rekord sayda - 169 min 914 yoluxma halı təsdiqlənib və ölkədə koronavirusa yoluxan insanların ümumi sayı 13 milyon 527 min nəfəri keçib. Həmçinin son sutka ərzində ölkədə koronavirusdan 904 nəfər ölüb və həyatını itirənlərin sayı 170 min 209 nəfərə çatıb.
Bu göstəriciyə görə üçüncü pilləyə enən Braziliyada koronavirusa 13 milyon 482 min yoluxma və 353 min 293 ölüm faktı qeydə alınıb. Siyahıda həm yoluxanların, həm də ölənlərin sayına görə ilk yeri ABŞ tutur. Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına 31 milyon 918 min nəfər yoluxub, 575 min nəfər vəfat edib.
Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Worldometer Saytının məlumatına əsasən, hazırda dünyada 136 milyon 681 mindən çox yoluxma və 2 milyon 950 mindən çox ölüm faktı qeydə alınıb, 109 milyon 942 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 23 milyon 788 min nəfərdən 103 min 335 nəfərin vəziyyəti ağır qiymətləndirilir.






