İnsanlara hürriyət, millətlərə istiqlal!

Hillari Klintonun şansı azalır: ABŞ-ın yeni prezidenti tanınmamış şəxs ola bilər

2501 09.03.2016 19:57 Dünya A A
ABŞ-ın Miçiqan ştatında keçirilən ilkin seçimlərdə (praymerizdə) Demokratlar Partiyasında Hillari Klinton rəqibi Berni Sandersə uduzub. 

Demokratların və respublikaçıların liderlərinin müəyyən olunduğu seçimlərdə 
Respublikaçılar Partiyasından milyarder Donald Tramp qalib gəlib. Demokratlarda isə Berni Sanders Hillari Klintonu qabaqlayır. Belə ki, B.Sanders səslərin 50.4%-ni toplayaraq, Hillari Klintonu qabaqlayıb. Xanım Klinton 47.6% səs yığa bilib. 

ABŞ-dakı ilkin seçkilərin nəticələrini dəyərləndirən politoloq Qabil Hüseynli isə Hillari Klintonun prezident olmaq imkanlarının azaldığını və siyasi səhnəyə yeni çıxan namizədlərin şansının daha çox olduğunu qeyd edib: “ABŞ-da artıq Klintonlar ailəsindən bir dəfə prezident seçilib. Amerikalılar bir ailədən ikinci şəxsin prezidentliyə namizəd olmasını həzm etmirlər. Ona görə də, H.Klintonun məğlubiyyətinin səbəbi siyasi arenaya yeni simaların gəlməsidir. Həm də H.Klintonun rəqibi olan B.Sanders çox populist şüarlar irəli sürür və bildirir ki, xalqın hakimiyyəti yaranmalıdır, xalqın içindən çıxmış bir insan bu dövləti idarə etməlidir. O, qeyd edir ki, ABŞ hökumətini burjuaziyanın və milyonerlərin marağının keşiyində duran adamlar idarə edirlər. Bundan sonra ölkəni xalqın marağının keşiyində duran adamlar idarə etməlidirlər. Hələ ki, Demokratlar Partiyasının bu dəfəki seçkilərdə qalib, gəlməsini demək çox çətindir. Elə B.Sandersin özünün də prezident olacağını demək tezdir. Respublikaçı namizədlər içərisində öndə gedən Tramp isə çox təhlükəli və irqçi şüarlar səsləndirir. Hətta ABŞ mediasında onu Hitlerlə eyniləşdirirlər. Yəni, hər iki partiyada ABŞ-ın taleyini dəyişəcək, bu böhranlı vəziyyətdə onu uğurla idarə edəcək namizəd tapmaq çox çətindir. Mənim fikrimcə, ABŞ-ın bu ilki seçkilərində hər cür sürprizlə qarşılaşmaq mümkün olacaq”. 

Qabil Hüseynli partiya liderlərinin praymerizlərin nəticələrinə yenidən baxmaq imkanlarının olduğunu da qeyd etdi: “Demokratlar Partiyasında B.Sanders son praymerizdə qalib gəlsə də, son sözü partiya deyəcək. Düzdür, praymerizlərdə qalib gəlmək də əsas məsələlərdən biridir. Ancaq partiya praymerizin nəticələrini korrektə edə bilər. Bu baxımdan mən hələ H.Klintonun namizədliyinin arxa plana düşməsi fikri ilə razı deyiləm. Hələ başqa ştatlar da var”.  

Politoloqun sözlərinə görə, ABŞ iri maliyyə sahiblərinin, milyarderlərin meydan suladığı bir ölkədir, bu ölkədə kiçik və orta təbəqənin içindən çıxan, ya da onların mövqelərini müdafiə edən şəxslərin hakimiyyətə gəlməsi də müşkül görünür: “Yəni, hazırda çox qeyri-müəyyən bir vəziyyət yaranıb. Bir tərəfdən praymerizlərin nəticələri ortadadır, digər tərəfdən indiyədək ABŞ-da mövcud seçki sisteminin böhran keçirdiyinin şahidi olmaqdayıq. Ona görə də, dəqiq proqnoz söyləmək xeyli çətinləşib”. 

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR