İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacızadənin Səməd Vurğun haqqında dedikləri etiraz doğurdu

3532 19.07.2014 09:30 Son xəbər A A
Seyran Səxavət: “Bu qədərmi özümüzdə deyilik?”

Son zamanlar görkəmli xalq şairi Səməd Vurğun barəsində səsləndirilən ittihamlar səngimək olur. Hər deyilən fikir cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Artıq Səməd Vurğuna münasibətdə Azərbaycan ictimaiyyəti iki qütbə bölünüb. Şairə nifrət və rəğbət edənlər qütbü. Buradan bir nəticəyə gəlmək olar ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının ən təzadlı şairidir.

Zaman-zaman onun barəsində çox sözlər deyilib. Bu sözlər mətbuat və sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə ADP sədri Sərdar Cəlaloğlunun qalmaqal yaradan fikirlərini qeyd etmək olar. Maraqlı tərəf odur ki, xalq şairi haqqında tənqidi ruhda daha çox cəmiyyət tərəfindən tanınan insanlar çıxış edir. Belə insanlardan biri politoloq Hikmət Hacızadədir. Onun iyulun 17-də 1937.az saytına verdiyi müsahibədə Səməd Vurğun barədəki fikirləri ciddi qalmaqala səbəb olub. Jurnalistin Səməd Vurğun haqqında sualına verdiyi “səviyyəsiz bir şairdir” cavabı ictimaiyyət tərəfindən narazılıq doğurub. Artıq bununla bağlı politoloqun ünvanına sərt ittihamlar səsləndirilir.
Səməd Vurğun irsinin araşdırıcısı İsmayıl Umud Hikmət Hacızadənin fikirlərini səviyyəsizlikdən doğan fikir adlandırdı: “Səməd Vurğuna sağlığında həsəd aparanlar onun populyarlığını açıq şəkildə deyirdilər. O, 70 ilə yaxındır, rəhmətə gedib. Son zamanlarda bu cür uğursuz fikir söyləyənlər ara-sıra meydana çıxır. Bu barədə ədəbiyyatdan başı çıxan, ədəbiyyatın nə olduğunu anlayan insanlar tərəfindən fikir bildirilməlidir. Hikmət Hacızadə hörmət etdiyim adamlardandır. Mən bilən o, siyasət adamıdır. Ona ədəbiyyat haqqında fikir söyləməsi yersiz görünür. Yaxşı olar ki, hərə öz işi ilə məşğul olsun. Ədəbiyyatdan başı çıxmayan insanların bu sahədə danışması çox qəribə görünür. Diqqəti öz üzərinə çəkmək üçün söylənən fikirlərdir. Səməd Vurğun öz zəmanəsinin övladı idi. Onun yaradıcılığına zamana görə baxmaq lazımdır. O, öz dövründə qəbul olunan böyük şəxsiyyətlərdəndir. Onun bir neçə şeiri kifayət edir ki, ədəbiyyatda qalsın. Bilmirəm, Hikmət bəy hansı mənada deyib. Mənim də sevmədiyim şairlər var. Amma mən onun heç birinə səviyyəsiz deyə bilmərəm. Kiməsə səviyyəsiz demək, səviyyəsizlikdən doğan fikirlərdir. Ən azından hər birimiz hörmətlə danışmalıyıq. Səməd Vurğunun bir neçə şeiri kifayət edir ki, ədəbiyyatda qalsın. Artıq o, ədəbiyyatda qalıb, qalacaq. Səməd Vurğun milli şairdir”.
Yazıçı Seyran Səxavət belə fikirləri Hikmət Hacızadəyə yaraşdırmadığını söylədi: “Mən də o müsahibəni oxudum. Açığı mən belə fikirlər ondan gözləməzdim. Yaxın münasibətlərimiz var. Bir ziyalı adam kimi fikir bildirirəm. Söz salaməleykümdən yuxarı bir şeydir. Bundan əvvəl də bir başqa siyasətçi buna bənzər fikirlər səsləndirmişdi. Son zamanlarda mətbuatdan elə şeylər oxuyuruq ki, təəccüblənməyə belə yer qalmır. Bilmirəm, nə olub, bunlar nə etmək istəyir? Bu qədərmi özümüzdə deyilik? Bu qədərmi özümüzə nifrət edirik? Səməd Vurğun Azərbaycanın ən istedadlı şairlərindən biridir. Söhbət kimin güclü olmasından getmir. Siyasət adamı siyasətlə məşğul olsa, daha yaxşıdır. Bəlkə də siyasətlə məşğul ola bilmir, belə işlərlə məşğul olmaq istəyir.  Oxucular tərəfindən də ölkəmizdə baş verənlər başa düşülmür. Siyasətçi sənət adamına, dövlət xadiminə qiymət verməyi bacarmalıdır. Zaman və məkanı nəzərə almaq lazımdır. Bu o demək deyil ki, zaman və məkan böyük bəlalar gətirən adamlara bəraət deməkdir. Hər şeyin bir dərəcəsi var.   Deyirlər ki, bizdə söz azadlığı yoxdur. Mən bu fikirlərlə razı deyiləm. Kimin ağzına nə gəlirsə, danışır. Ola bilsin ki, Hikmət Hacızadə bu cür fikirlərlə istəyib ki, ”Yeni Müsavat" şair, yazıçılara müraciət etsin. O da gündəmə gəlsin. Belə fikirləri nə millətə, nə də Hikmətə yaraşdırmıram. Sənin problemin Səməd Vurğundur? O yaşda adam gərək özünü idarə etməyi bacarsın".

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR